SON XƏBƏR

Bakıda növbəti tikinti bumu başlayır

Avqust 25
14:37 2017
Nüsrət İbrahimov : "Bu layihəni həyata keçirmək üçün dövlət büdcəsindən vəsait ayrılması mümkün deyil, investorlar cəlb olunmalıdır”

Nazirlər Kabinetinin köhnə binalarla bağlı verdiyi qərar reallaşsa, paytaxt Bakıda ikinci tikinti bumu yaşana bilər. Keçən ilin fevral ayında Nazirlər Kabineti 5 il müddətində paytaxtın 9 rayonunda köhnə binalar sökülərək yeniləri ilə əvəz edilmə ilə bağlı 86 saylı qərar qəbul edib. Qərarda bildirilir ki, mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma normalarına cavab verməyən, Suraxanı rayonunda uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüş 63 yaşayış binasının, Nəsimi rayonu üzrə 226, Xətai rayonunda 99, Nərimanov rayonu üzrə 219, Nizami rayonunda 131, Yasamal rayonu üzrə 18, Səbail rayonu 41, Pirallahı rayonu üzrə 297 yaşayış binasının, habelə bu rayonların ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri — yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması həyata keçirilsin.
Bununla bağlı müvafiq icra hakimiyyətlərinə xüsusi tapşırıq da verilib.

Bəs görəsən bu proses hansı maliyyə vəsaiti hesabına həyata keçiriləcək? Layihənin icrasına başlanılarsa, bunun iqtisadi faydası nə olacaq?

"Yeni Müsavat”ın sualını cavablandıran daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, tikinti sektorundakı canlanma iqtisadi artıma səbəb ola bilər: "Tikinti bumu dövründə öz parklarını böyüdən, imkanlarını artıran şirkətlərin texniki parkları son iki-üç ildə işsiz qaldı. Onların faydalı iş əmsalı aşağı düşüb. Bir tərəfdən həmin texniki parkı yükləmək və işçi qüvvələrinin faydalı iş əmsalını artırmaq əsas məqsədlərdən biridir. İkinci məqsəd, iqtisadi artıma dəstək verməkdir. Çünki tikinti sektoru iqtisadi artımda ən böyük paya malik olan sahələrdən biridir. Ona görə də biz tikinti sektorunu artırsaq , inkişaf etdirsək, bu iqtisadi artıma gətirib çıxara bilər. Digər bir səbəb odur ki, paytaxt Bakıda mənzil fondu son 20 ildə əhəmiyyətli dərəcədə qocalıb. Mənzil fondunu cavanlaşdırmaq və müəyyən bir səviyyədə saxlamaq lazımdır. Bu mənzillərin faydalılıq dövrünü də stabil saxlamağa ehtiyac var.

Digər səbəb əhalinin mənzil şəraitinin yaxşılaşdırılmasıdır. Çünki əhalinin böyük bir hissəsi çar dövründən qalma binalarda yaşayır, bir hissəsi sovetlər dövründə tikilmiş binalarda yaşayır. Onlar da bu günün tələblərinə cavab vermirlər. Çünki orada adambaşına 8 kvadratmetrdən 15 kvadratmetrə qədər sahə nəzərdə tutulurdu. İndi isə adambaşına düşən sahə 25 kvadratmetrdən 35 kvadratmetrə qədər dəyişir. Yəni hazırda əhalinin tələbi başqadır. Bir məqsəd də bu problemlərin həll etməkdir”.

Ekspertin sözlərinə görə, bunun üçün ölkəyə kifayət qədər xarici investor cəlb olunmalıdır: "Həmçinin Bakının yenidən qurulması da önəmli məqsədlərdən biridir. Hazırki binalar müəyyən sosial layihələrin icrasına mane olur. Elə ərazilər var ki, yenidən qurulub, orada yeni yaşayış massivi salmaq daha məqsədəuyğun sayılır. Müəyyən sahələrin sökülüb buraya köçürülməsi daha məqsədəuyğundur. Ancaq əsa səbəb iqtisadi səbəbdir, tikinti sektoru ölkə iqtisadiyyatına təkan verə bilər. İkinci əsa səbəb əhalinin mənzil probleminin həllinə yönəlib.

Mən hesab etmirəm ki, bu layihəni həyata keçirmək üçün dövlət büdcəsindən vəsait ayrıla bilər. Bu mümkün deyil. Bu iş yerli icra hakimiyyətlərinə həvalə olunacaq, onlar da investorlar tapmalı, tikinti şirkətlərini layihəyə cəlb etməlidirlər. İnvestorların və tikinti şirkətlərinin hesabına bu layihələr icra olunmalıdır”.

İqtisadçı ekspert Natiq Cəfərli də qeyd etdi ki, tikinti sektoru multiplikativ effektə malikdir və eni iş yerlərinin yaradılması baxımından ən çox işçi qüvvəsi cəlb edə biləcək bir sahədir: "Çox güman ki, bu layihə düşünülərkən təkcə iqtisadi yox, sosial tərəfi də nəzərə alınıb ki, yeni iş yerləri yaradılsın. Əhalinin məşğulluğunun artırılması yönündə addımlar atıldın. Belə bir ideya həmişə gündəmdə olub. Lakin bu cür meqa-layihələr düşünülərkən iki önəmli məsələ diqqətdə olmalıdır. Birincisi, köçürüləcək binalarda yaşayan vətəndaşların hüquqlarının qorunması, onların mülkiyyət hüquqları ilə bağlı problemlərin yaranmamasıdır. Bu məsələnin hüququ tərəfidir. İkinci məsələ investisiya məsələsidir. Bu layihə investisiya tələb edən bir layihədir. Daxili investisiyalara baxdıqda görürük ki, büdcə və Neft Fondundan başqa ciddi daxili investorların çıxış etmək imkanı çox aşağıdır. Hətta iri tikinti şirkətləri belə çox ağır dövrlərini yaşayırlar. Bir çoxlarının kredit borcları var, onları bağlaya bilmirlər. Köhnə layihələri bağlaya , yeni layihələri başlaya bilmirlər”.

N. Cəfərlinin fikrincə, ölkə üçün yeganə pozitiv məqam o ola bilər ki, buraya xarici investorlar cəlb olunsun, iri xarici tikinti şirkətləri gəlsinlər, öz layihələrini təqdim etsinlər və onların çalışmasına şərait yaransın: " Burada da müəyyən problemlər ortaya çıxır. Azərbaycan nə Ümumdünya Ticarət Təşkilatına üzv olub ki, beynəlxalq hüquq normaları çərçivəsində xarici investorlar üçün şərait yaradılsın. Daxildə mülkiyyət hüququ ilə bağlı problemlərin olması xarici investorları qorxudur. Vergi qanunvericiliyi dəyişdirilməlidir ki, onlar üçün təşviq proqramları tətbiq olunsun , onlar üçün işləmək sərfəli olsun”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook