SON XƏBƏR

Bakıda “İslam Həmrəylinin güclənməsində medianın rolu” mövzusunda konfrans keçirilib

Dekabr 01
02:10 2017
Bakıda İslam Həmrəyliyi ili münasibəti ilə "İslam Həmrəylinin güclənməsində medianın rolu” mövzusunda konfrans keçirilib.
 
APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli qeyd edib ki, konfransın təşkilatçıları İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərinin Jurnalistləri Assosiasiyası və Beynəlxalq Avrasiya Mətbuat Fondudur. Onun sözlərinə görə, Misirin aparıcı media nümayəndələri konfransda iştirak etmək, eyni zamanda Azərbaycan mətbuatı, ölkəmizin ictimai-siyasi həyatı ilə daha yaxından tanış olmaq məqsədilə Bakıda səfərdədirlər.

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərinin Jurnalistləri Assosiasiyasının sədri Fazil Güney bildirib ki, Azərbaycanda İslam Həmrəyliyi ilinin elan olunması islam ümməti üçün tarixi hadisədir: "İslam Həmrəyliyi ili çərçivəsində təşkil olunan bu vacib görüşdə ərəb dünyasından olan jurnalistləri ilə media sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq”.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu rəhbərlik etdiyi fondun müxtəlif tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb: "Lakin mən hesab edirəm ki, bugünkü tədbir əvvəlki tədbirlərdən daha mühüm əhəmiyyət kəsb edir".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov konfransın Azərbaycanla ərəb ölkələri, xüsusən Misir arasında media əməkdaşlığının qurulmasında vacib rol oynayacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, tədbir media müstəvisində yeni mərhələnin başlanğıcı olacaq: "Mətbuatımız İslam ölkələrinin media qurumları ilə sıx əməkdaşlıq etməlidir. Azərbaycan İslam sivilizasiyasının formalaşmasında yaxından iştirak edən, zəngin tarixi irsi olan ölkədir. Tarix boyu Azərbaycanda dinlər və məzhəblər arası həmrəylik mövcud olub. Azərbaycan İslam həmrəyliyinin nümunəvi modelini yaradıb. Bu model öyrənilməli və təbliğ edilməlidir. Terrordan əziyyət çəkən ölkə kimi biz terrorun bütün təzahürlərinə qarşı mübarizə aparırıq. Azərbaycanın İslam ölkələri ilə qarşılıqlı və faydalı əlaqələri var. Bəzi islam ölkələrinin təcavüzkar Ermənistanla əməkdaşlıq etməyə, dostluq yaratmağa cəhd etməsi İslam meyarlarına ziddir”. 

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Şahin Abdullayev bildirib ki, qarşımızda duran əsas məsələlərdən biri İslam ölkələrinə qarşı yönələn bütün təsirlərə qarşı mübarizə aparmaqdır. Səfir islam ölkələrinin bu sahədə bir-birinə yardım göstərməsini də vacib sayıb: "Bəzən belə fikir yaranır ki əgər müsəlman ölkəsiyiksə, müsəlman dünyasında bütün qapılar üzümüzə açıqdır. Lakin bu sahədə problemlər var. Mən uzun illər ərəb ölkələrində səfir vəzifəsində çalışan şəxs kimi bilirəm ki, Qarabağ problemindən İslam ölkələrindəki beynəlxalq tədbirlərdə danışanda erməni lobbisi, erməni təşkilatları buna mane olmağa çalışırlar. Həmin tədbirlərdə Azərbaycan haqqında düzgün məlumatlar verildikdə ölkəmizə qarşı münasibətlər dəyişir. Lakin islam amili çox güclü faktordur və biz bundan maksimum şəkildə faydalı istifadə etməliyik”.

Fələstinin Azərbaycandakı səfiri Nasir Əbül Kərim konfransın təşkilini yüksək qiymətləndirib. Onun sözlərinə görə, İslam ölkələri müxtəlif çağırışlarla üzləşib: "Bu, inkişafa nail olmaq, korrupsiya və yoxsulluqla mübarizə aparmaq, Qarabağ və Fələstin problemləridir. Media hər zaman bu mövzuları diqqətdə saxlamalıdır”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Nicat Məmmədli, Misirin "Əxbar Əl-Yaum” qəzetinin baş redaktoru Rufat Fayyad və başqaları çıxış edərək qarşılıqlı əməkdaşlığın vacibliyi haqqında danışıblar.

Qeyd edək ki, Misir jurnalistlərinin Azərbaycana səfəri dekabrın 3-dək davam edəcək. Səfər çərçivəsində onların Cocuq Mərcanlı kəndinə səfəri də nəzərdə tutulub.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook