SON XƏBƏR

Bakıda “Hom Paş Prestij” in türk sahibini şəriki necə aldatdı? (REPORTAJ)

Fevral 23
00:07 2018
Ötən il tikinti maqnatı İsfəndiyar Axundovla məhkəmə çəkişməsi olan "Hom Paş Prestij” MTK-nın başı cəncəldən açılmır.
 
3-cü blokdan başlanan fırıldaq
 
"Şərurlu İsfəndiyar” şirkətə aid mənzillərin və mağazaların ona təhvil verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə tələb irəli sürmüşdü.
 
İndisə şirkətin gerçək sahibi olan Türkiyə vətəndaşı Hikmət Yiğitdöl ortağının fırıldağının qurbanı olduğunu söyləyir.
 
H.Yiğitdöl Baş Prokuror Zakir Qaralova müraciətində şəriki Qabil Əliyev barəsində cinayət işi açılmasına göstəriş verməsini xahiş edib.
 
Azeuronews.com-a daxil olan müraciətin bir surətində qeyd olunur ki, "Hom Paş Prestij MTK” 2008-ci ildə Bakı şəhəri İcra hakimiyyətinin sərəncamı ilə Xocalı prospekti, 1181-ci məhəllədə torpaq sahəsi alaraq hündür mərtəbəli bina tikintisinə başlayıb.
 
Həmin yaşayış binası "Xətai” metrosu ilə üzbəüz yerləşir. Binanın girişindəki lövhədə elan yazılıb.

Vətəndaşların nəzərinə çatdırılır ki, "İnter” MMC və "Hom Paş” MTK-dan satılmış evlərin düzgün siyahısını çıxarmaq üçün göstərilən ünvanla əlaqə saxlamaq lazımdır.
 
Lakin işin mahiyyəti başqadır. H.Yiğitdöl Baş prokurora müraciətində bildirir ki, "Hom Paş Prestij” MTK sahibi olaraq binanın 2 blokunun tikintisini bitirdikdən sonra 2013-cü ildə Əliyev Qabil Tofiq oğlu ilə tanış olur.
 
"Onunla bərabər 3-cü blokun tikintisinə başladıq. Aramızda müqavilə bağladıq ki, tikintidən 20 faiz ona pay verməklə tikinti işlərini Qabil aparsın, lazımi maliyyəni ayırsın”,-deyə türk iş adamı söyləyir.

Saxta möhür və "İnter” MMC
 
Hikmət bəy yazır ki, Q.Əliyev onun Azərbaycanda olmamasından istifadə edərək dələduzluq yolu ilə ikinci möhür düzəltdirib:
 
"Biz təsisçilərin təsis protokolu və razılığı olmadan Bakı şəhəri İcra Hakimiyyətinə məktubla müraciət edib.
 
Adımdan saxta imza ataraq 0.73 ha torpaq sahəsini özünə məxsus "İnter” MMC-nin adına keçirilməsinə nail olub.
 
Meriyadan 23 oktyabr 2015-ci il tarixdə sərəncam aldıqdan sonra tikintini özünə məxsus "İnter” MMC-nin adından aparmağa başlayıb.
 
Sonra vətəndaşlara yaşayış və qeyri – yaşayış sahəsi satıb. Mən bunu öyrəndikdən sonra 2 saylı Bakı İnzibati İqtisad məhkəməsinə müraciət etdim”.
 
H.Yiğitdöl Z.Qaralovun nəzərinə çatdırıb ki, 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsi 2-1(82)185/2018 saylı qərarı ilə sərəncam etibarsız hesab edilib:
 
"Əliyev Qabil etibarımdan və burda olmamağımdan sui-istifadə edərək dələduzluq yolu ilə xeyli miqdarda mənə ziyan vurub, əmlakımızı talayıb.
 
Bu şəxs vəzifəsini aşaraq, mənə zor tətbiq edərək tikinti ərazisinə buraxmayıb, qanunla qorunan hüquqlarıma maneçilik törədib.
Qabil Əliyev "Hom Paş Prestij” MTK-ya məxsus möhürün saxta çıxartmış olduğu surətindən istifadə edərək yuxarıda qeyd olunan əməlləri həyata keçirib.
 
O, məni vəzifəli şəxslərin adından hədələyir. Binadan mənzil və qeyri yaşayış sahəsi almış adamları aldadaraq vətəndaşları mənə qarşı yönəldib.
 
Bunları nəzərə alaraq xahiş edirəm ki, Cinayət məcəlləsinin 178.1, 178.2.4, 308.2, 309.1, 309.2, 310, 320.1, 322.2 maddələri ilə cinayət işinin başlanmasına göstəriş verəsiniz”.

Dostunu həbslə hədələyir
 
Məhkəmə qərarında göstərilir ki, H.Yiğitdöl və Q.Əliyev 1997-ci ildən tanışdırlar və dostluq münasibətləri olub. Q.Əliyev 20 faiz payla kooperativin üzvü olub.
 
Türk iş adamı uzun müddətdir ki, Azərbaycanda inşaat işləri ilə məşğuldur. Sözügedən MTK-ya müraciət edən payçılara binadan evlərin çoxu satılıb, sonra payçıların vəsaiti hesabına Yiğitdölə ayrılmış torpaq sahəsində yeni bina tikintisi başlanıb.
 
2014-cü ildə səhhəti ilə əlaqədar Türkiyəyə gedən biznesmen uzun müddət tanıdığı Q.Əliyevə etibarnamə verir.
 
Bu müddətdə telefon danışıqlarında sonuncusu işlərin Bakıda yaxşı getdiyi söyləyir. Ancaq bu etibarnamə "Hom Paş” adından deyil, fiziki şəxs statusunda verilib.
 
İddiaçı qeyd edir ki, mənzilləri və sənədləri təsisçilərə vermir, tələb etdikdə isə hüquq-mühafizə orqanlarında adamlarının olduğu deyərək onları həbslə hədələyir.
 
Məhkəmə isə yekunda Q.Əliyev məxsus”İnter” MMC-yə tikinti binasının layihələndirilməsinə icazə verilməsi haqda sərəncamı etibarsız hesab edib. Lakin məhkəmə qərarı icra edilmir.
 
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.AZ



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook