SON XƏBƏR

“Bakı Şopinq Festivalı gözəl fürsətdir, onu peşəkarlıqla keçirmək lazımdır“

Aprel 11
01:18 2017
"Şopinq Festivalının keçirilməsi Azərbaycan üçün yenilikdir. MDB ölkələrində bu cür festivallar keçirilməyib. Biz bu təcrübəni dünya turizm və ticarət təcrübəsindən götürmüşük. Təcrübə göstərir ki, Şopinq Festivallarının keçirilməsi turistlərin axınlarına müsbət təsir göstərir. Festival cənab prezidentin təşəbbüsü əsasında keçirilir. Bu festival nəinki xaricdən gələn turistlərə şamil olunacaq, dünya təcrübəsində ilk dəfə olaraq "Tax-free" prosesi həm də Azərbaycan vətəndaşlarına şamil olunacaq. Bu nəinki ticarətin, eyni zamanda turizmin stimullaşması üçün atılan müsbət addımdır"

Qlobal.az APA-ya istinadən məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şopinq Festivalının açılış mərasimində jurnalistlərə açıqlamasında deyib.
 
Nazir bildirib ki, festival müəyyən sınaq müddətini tələb edir: "Mətbuat nümayəndələrindən xahiş edirəm ki, bu cür təcrübənin olmamasını nəzərə alsınlar. Harada çətinliklər olarsa, bizim qaynar xətlərə müraciət etmək lazımdır. Festivalın keçirilməsinə dövlət qurumları, o cümlədən, maliyyə, gömrük, vergi, mədəniyyət və turizm sektoru cəlb olunub və hər biri öz töhfələrini veriblər".
 
Ə. Qarayev əlavə edib ki, bu gündən etibarən başlayan festivalda fəallıq müşahidə olunur: "Mənim bildiyimə görə, artıq fəallıq var, insanlar alış-veriş edir, öz qaytarılacaq vəsaitlərini əldə edirlər. Bu günü üçün nəticə heç bir narahatlıq törətmir. Bizim hesablamalarımıza görə, bu ilin sonuna qədər dövlət büdcəsinə 50 milyon manata qədər vəsait daxil olacaq. Hesab edirəm, festivalın keçirilməsi gözəl fürsətdir. Amma onu çox böyük həssaslıq, peşəkarlıq və diqqətlə keçirmək lazımdır".
 
Qeyd edək ki, Heydər Əliyev Sarayında keçirilən açılışı mərasimi musiqi proqramı ilə davam etdirilib. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook