SON XƏBƏR

Bakı Nəqliyyat Agentliyinin ləğvi təklif edilir

Yanvar 24
13:36 2019
narazılıqlarla qarşılanıb. Xüsusilə sosial şəbəkələrdə evakuatorların yenidən fəaliyyətə başlayacağı xəbəri ətrafında müzakirələr açılıb. Bir çox istifadəçilər agentliyin özündən əvvəlki qurum kimi, qanunvericiliyin tələblərini nəzərə almadan dayanma-durma və parkinq qaydalarını pozan bütün avtomobilləri evakuasiya edəcəyini bildiriblər. Buna əsas verən isə odur ki, BNA paytaxtda normal park xidmətləri, parkinqlər yaratmadan yanvarın əvvəlindən etibarən dayanma-durma qaydalarını pozan sürücülərə qarşı inzibati protokollar yazmağa başlayıb. Bu prosesdən narazılıqların yaşandığı bir şəraitdə qurumun evakuasiyaya da başlamaq qərarı etirazlara səbəb olub.

Hüquqşünas Ərşad Hüseynov isə hesab edir ki, dayanma-durma, parklanma qaydalarını pozmayan sürücülərin BNA-nın qərarının icrasına başlanmadan ona etiraz etməsi başadüşülən deyil: "Evakuasiya addımı bütün ölkələrdə tətbiq olunur. Lakin qanunvericiliyin tələbləri nəzərə alınmaqla. Bizdə hələ Bakı Nəqliyyat Agentliyi evakuasiyaya başlamayıb, amma narazılıq edirlər. Ölkə qanunvericiliyində avtomobillərin hansı hallarda evakuasiya ediləcəyi dəqiq müəyyənləşdirilib. Agentliyin bu tələbləri pozacağını düşünmürəm”.

Ə.Hüseynovun sözlərinə görə, avtomobil o halda evakuasiya edilə bilər ki, sürücü maşını qoyub gedir və o, digər hərəkət iştirakçılarına ciddi maneə, yaxud tıxac yaradır: "Bu hallardan kənarda Nəqliyyat Agentliyinin avtomobilləri evakuasiya etməyəcəyini düşünürəm. Bakıda elə yerlər var ki, qarşısında 2-3 cərgə avtomobil saxlayırlar, yoldan keçmək belə olmur. Bu kimi yerlərdə evakuasiya zəruri şərtə çevrilir. Sürücülər intizamlı olarlarsa, evakuasiyaya ehtiyac qalmaz”.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, qurum paytaxtın inzibati ərazisində dayanma, durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirlərinə başlayıb. Bu məqsədlə metronun "Nəriman Nərimanov” və "Gənclik” stansiyalarının ətrafında reyd keçirilib. Reyd zamanı dayanma və durma qaydalarını pozan, xüsusən də nəqliyyat vasitəsini 2-ci, bəzi hallarda isə 3-cü cərgədə park edən, avtobus dayanacaq məntəqəsinin ərazisində dayanan avtonəqliyyat vasitələri müəyyən edilərək sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsinə əsasən cərimə tətbiq edilib.

Bununla yanaşı, sərnişinləri dayanacaq məntəqəsinin müəyyən edilmiş ərazisindən kənarda mindirib və ya düşürən avtobus sürücüləri də İnzibati Xətalar Məcəlləsinin 346.3-cü maddəsinə əsasən cərimə ediliblər: "Bakı Nəqliyyat Agentliyi bir daha sürücüləri yol hərəkəti qaydalarına əməl etməyə, nəqliyyat vasitəsini idarə edərkən digər hərəkət iştirakçılarına qarşı anlayışlı olmağa dəvət edir. Məlumat üçün bildiririk ki, sürücülərin dayanma və durma qaydalarına əməl etməsi üçün inzibati tənbeh tədbirləri ilə yanaşı maarifləndirmə, habelə hərəkətin təşkilindəki qüsurların aradan qaldırılması işləri də aparılmaqdadır”.

Qeyd edək ki, BNA-nın dayanma-durma və parklanma qaydalarına riayət olunması ilə bağlı atdığı addımlara etiraz edən sürücülər bir çox hallarda qanunvericiliyi pozmağa məcbur qaldıqlarını deyirlər. Onların dediyinə görə, paytaxt ərazisində parklanma yerlərinin az olması üzündən avtomobillərini icazə olmayan yerlərdə saxlamağa məcbur olurlar.

BNA İdarə Heyətinin sədri Vüsal Kərimli isə bildirib ki, rəhbərlik etdiyi qurum tərəfindən aparılan araşdırmalarda şəhər mərkəzində 10 minə yaxın yerüstü parkinq olduğu müəyyənləşib. Onun sözlərinə görə, hazırda 480 yerüstü parkinq rəsmiləşdirilib, digər rəsmiləsdirmələr üçün Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi İdarəsi ilə danışıqlar gedir.

Qurum rəəhbəri bildirib ki, hələlik parkinq qiymətləri müəyyənləşməyib: "Bizim tərəfimizdən Nazirlər Kabinetinə təkliflər verilib. Burada Bakınin mərkəzindəki parkinqlərlə şəhər kənarındakı parkinqlərdə qiymətlər eyni olmayacaq. Eyni zamanda gecə saatlarında parkinqlərin ödənişsiz olması nəzərdə tutulub. Gündüz saatlarda parkinqlər 2 saatdan sonra ödənişli olacaq. Hələlik yeraltı parkinqlərin də təhvil-təslimi davam edir.

Təbii olaraq qiymətlərə baxılacaq. Çünki əvvəlki qirumun müəyyən etdiyi qiymətləri saxlaya bilmərik. Bəziləri sosial şəbəkələrdə bildirir ki, parkinq qiymətləri bahalaşıb. Hələlik qiymətlər təsdiqlənməyib. Amma 1 aya avtomobil üçün 30 manatlıq ödəniş iqtisadi cəhətdən olduqca səmərəsizdir”.

Kərimli bildirib ki, hazırda Bakıda yerüstü parklanmalardan yığılan pulların Bakı Nəqliyyat Agentliyinə heç bir aidiyyəti yoxdur: "Həmin parkalanmalardan yığılan pullar qeyri-qanunidir. Bundan bizim xəbərimiz yoxdur. Biz Nazirlər Kabineti parkinq qiymətlərini təsdiqləyəndən sonra yeni qiymətlər tətbiq edərək parklanmalara nəzarət edəcəyik”.

İqtisadçı-ekspert Samir İsmayıl isə hesab edir ki, BNA-nın fəaliyyətinə, ümumiyyətlə, ehtiyac yoxdur: "Dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi tədbirləri çərçivəsində ləğv olunmalı qurumlardan biri Bakı Nəqliyyat Agentliyidir (BNA). DYP, Dövlət Avtomobil Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziliyi olduğu halda, Nazirlər Kabinetinin yanında əlavə bir qrumun saxlanılması beşinci təkəri xatırladır”.

Ekspertin fikrincə, BNA fəaliyyəti dövründə ictimai nəqliyyatın keyfiyyətində və məzmununda heç bir müsbət dəyişiklik edə bilməyib: "Belə görünür ki, BNA tıxac probleminin həllini parkinq yerlərinin sayının azaldılması və cərimə yükünün artırılmasında görür. Agentlik bu yaxınlarda 100-dən çox parkinq yerinin bağlanması haqqında açıqlama verib. Parkinq yerlərinin sayının onsuz da az olduğu bir zamanda belə bir addımın atılması absurddur”.

S.İsmayılın sözlərinə görə, Bakı piyada üçün heç bir infrastrukturu olmayan nadir paytaxtlardan biridir: "Misal üçün, Bakıda əksər keçidlərdə piyadalar üçün svetaforlar ya nəzərdə tutulmayıb, ya işləmir, ya da mövcud tələblərə cavab vermir. Şəhərin lap mərkəzində səkilər yoxdur, ya da bağlanıb. BNA bu problemi həll etmək əvəzinə, səki olan ərazilərdə dəmir dirəklər və məhəccərlər qurur. Bakı yollarında quraşdırılan yüksək bordürlər onsuz da avtomobillərin qapılarını, arxa və ya qabaq panellərini şikəst edib. Belə bir dirəkləri səkilər olmayan yerdə quraşdırmaq əvəzinə, hündür bordürlərlə təchiz olunmuş səkilərin üstündə quraşdırırlar. Nobel, Babək və Heydər Əliyev kimi böyük prospektlərdə piyada keçidlərinin sayı qanunvericiliyin tələblərinə cavab vermir. Bu prospektləri hər gün keçən yüzlərlə insan öz həyatını risk altına qoyur.

BNA-nın yeganə gördüyü müsbət iş pandusların quraşdırılmasıdır. Amma məsələ burasındadır ki, yolları və səkiləri inşa edən icraçı elə pandusu da düzəltməlidir. Əks halda, bizə gecikmiş panduslar çox baha başa gəlir. Ümumiyyətlə, pandusların 20 ildən sonra yada düşməsinin özü maraqlıdır”.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook