SON XƏBƏR

BAKI, 31 MART 1918-Cİ İL...

Mart 31
12:25 2020
1918-ci ildə Bakı şəhərində bolşevik-daşnak alyansı tərəfindən azərbaycanlılara qarşı törədilən Mart soyqırımından 102 il keçir. Mart soyqırımı son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətin ən qanlı nümunələrindən biridir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları "böyük Ermənistan” dövləti yaratmaq olub. 1905-1907-ci il qırğınları ilə məqsədlərinə nail ola bilməyən erməni daşnakları Birinci Dünya müharibəsinin yaratdığı "imkanlardan”, böyük dövlətlərin himayəsindən və köməyindən istifadə edərək 1918-1920-ci illərdə məqsədlərinə nail olmağa çalışmışlar.

Bakıda Mart soyqırımı hələ 1917-ci ilin sonlarında "Daşnaksütyun” partiyası və Erməni Milli Şurası tərəfindən hazırlanmışdı. Onlar dəfələrlə müsəlmanları bolşeviklərə qarşı silahlı çıxışa təhrik etməyə cəhd göstərmişdilər. Ermənilərin məqsədi bolşeviklərin əli ilə müsəlman əhalisini məhv etmək idi.
 
 

Adamların qətlə yetirilməsi və müsəlman məhəllələrinin darmadağın edilməsi planlı surətdə mütəşəkkil erməni hərbi hissələri tərəfindən şəhərin hər yerində qabaqcadan müəyyənləşdirilmiş sistem üzrə həyata keçirilirdi [8, s. 65].

Təbii ki, Bakı Xalq Komissarları Soveti tərəfindən, xüsusən onun sədri S.Şaumyanın  şəxsi istəyi nəticəsində istər Bakıda, istərsə də Azərbaycanın digər bölgələrində həyata keçirilən bu qətl və talanlar milli istiqlalımıza qarşı yönəlmişdi və xüsusi  qəddarlıq, görünməmiş amansızlıqla icra edilirdi.
 
N.Nərimanovun təbirincə desək: "Müsəlman hətta bolşevik olsaydı belə, ona aman vermirdilər.
 
Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə elə müsəlman olmağın kifayətdir. Onlar keyfi istədikləri adamı öldürür, evləri dağıdır, xaraba qoyurdular”” [9, s. 123].
 


Məlum hadisələrə öz münasibətini bildirən H.Baykara yazır: "Bakıda özünün  rəhbərliyi altında sovet hökuməti quran Şaumyan azəri türklərinə "sizə Azərbaycan istiqlaliyyəti yerinə bir məzarlıq bəxşiş edəcəyəm” - deyə, açıqcasına söyləyirdi” [7, s. 226].

Burada görkəmli alim T.Svyatoxovskini xatırlamamaq olmaz: "Belə bir şəraitdə bolşeviklərin yeni, lakin bu dəfə daşnaklarla taktiki ittifaqı formalaşırdı. Hər yerdə və həmişə millətçiliyin hər cür təzahürünə qarşı çıxan Şaumyan Bakını Azərbaycanın paytaxtı etmək xülyasına düşən müsəlmanlara tamamilə başqa münasibət bəsləyirdi: Azərbaycan kəlməsi onun dilində həmişə məsxərə ilə səslənirdi” [10, s. 122].

Tarixi faktlar göstərir ki, Bakı Kommunası heç bir milli kökləri olmayan, yerli əhalidən, müsəlman kütləsindən təcrid olunmuş Rusiyanın, erməni millətçilərinin mənafeyinə xidmət edən anti-demokratik, anti-Azərbaycan siyasəti yeridən, xüsusən Bakını Sovet Rusiyası hakimiyyətinə tabe etdirməyə çalışan və Azərbaycanın istiqlalına qarşı inadla mübarizə aparan qondarma hökumət idi. Xalq Komissarları Sovetində əsas həlledici rəhbər mövqelər ermənilərin əlində cəmləşmişdi. S.Şaumyan Xalq Komissarları Sovetinin sədri və Xarici İşlər komissarı, Q.Korqanov Hərbi-Dəniz İşləri komissarı, A.Karinyan (Qabrielyan) Ədliyyə komissarı kimi aparıcı vəzifələri tutmuşdular. Bakı kommunasının rəhbər eşelonuna Avetisyan, Kostandyan, Osipyan, Əmiryan, Ter-Saakyan, Nuricanyan, Mikoyan və digər daşnakpərəst ermənilər də daxil idilər.

İstər Bakıda və Şamaxıda, istərsə də  Qubada və Quba qəzasında Bakı XKS-nin siyasi kursu ilə həyata keçirilən bu soyqırımında bolşeviklərin nə üçün məhz daşnaklardan istifadə etməsi məsələsi, fikrimizcə, bəhs edilən problemin ən aktual məsələsidir. T.Svyatoxovski: "Şaumyan əmin idi ki, azərbaycanlılarla açıq  ixtilafda Bakı daşnakları bolşeviklər üçün heç bir qorxu törətməyəcək, əksinə, xeyli dərəcədə ikincilərin mövqeyini müdafiə edəcəklər. Buna görə də o, qətiyyəti diplomatiyadan üstün tuturdu” - deyə yazanda nə qədər də haqlıdır [10, s. 123].

Bakıda Azərbaycanın muxtariyyətini tələb edən musavatçıların sosial bazasını məhv etmək, türk-müsəlman əhalisinin soyunu tükətmək düşüncəsində olan bolşevik-daşnak alyansı bu məqsədlə mart ayının son günlərində əməli fəaliyyətə keçdi. 1918-ci il martın 30-da axşam başlanan azərbaycanlı qırğınları faktiki olaraq bir həftə davam etdi, lakin onun üç günü görünməmiş amansızlıqla qəddarlıq və azğınlıq edən daşnak dəstələri tərəfindən şəhərin türk-müsəlman əhalisinin qırılmasının və qarət edilməsinin xüsusilə kütləvi xarakteri ilə səciyyələnirdi.

Bakının tarixi məhəllələrini və küçələrini, şəhər kənarındakı müsəlman qəsəbələrini bürüyən azərbaycanlı qırğınları yalnız şəhərin hüdudları ilə məhdudlaşmırdı. Həmin günlər erməni quldur dəstələri Bakının yaxınlığındakı ətraf kəndlərə də basqın edərək müsəlmanların evlərinə soxulur, yoldan keçən müsəlmanları qarət edir və qətlə yetirir, şəhər kənarı yollarda pusqular qururdular. 1918-ci ilin martında Bakı kəndlərinin – Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və digər kəndlərin sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar.

1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və Azərbaycan xalqının öz milli hüquqları və müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxması ölkədə siyasi vəziyyəti kökündən dəyişdi.

Azərbaycan Hökuməti Gəncədə keçirdiyi 15 iyul 1918-ci il tarixli iclasında ermənilərin həyata keçirdiyi soyqırımı aktını geniş və ətraflı müzakirə edərək, "Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasının təşkili haqqında” qərar qəbul etdi [1]. Bu azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Cümhuriyyət hökumətinin başçısı, eyni zamanda xarici işlər naziri Fətəli Xan Xoyskinin imzaladığı 31 avqust 1918-ci il tarixli qərara əsasən 7 nəfərdən ibarət Fövqəladə Təhqiqat Komissiyası yaradıldı. Həmin qərarda deyilirdi: "Hökumətin 15 iyul 1918-ci il tarixli Qərarının icra olunması üçün sədr - andlı iclasçı Ələkbər bəy Xasməmmədovdan və aşağıdakı üzvlərdən ibarət olan tərkibdə Fövqəladə Təhqiqat Komissiyası yaradılsın: Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev və Andrey Fomiç Novatski, həmin dairə məhkəməsinin prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə Köçürmə idarəsinin üzvü Nikolay Mixayloviç Mixaylov və Barışdırıcı hakimlər qurultayının keçmiş sədri, həqiqi mülki müşavir V.V.Qubvillo və müəllim Məmməd Cavad Axundzadə.” [2].

Sonradan Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının bir sıra əməkdaşları da komissiyanın işinə cəlb edildilər. Komissiyanın işində A.Novatski, N.Mixaylov, A.Kluge, M.Təkinski, A.Aleksandroviç (Litovskiy) və digər peşəkar hüquqşünaslar və ictimai-siyasi xadimlər daha fəal iştirak etmişlər.
 


1918-ci ilin sentyabr ayının əvvəlindən müstəntiqlər artıq Bakı və Yelizavetpol quberniyalarının müxtəlif qəzalarında fəal şəkildə işləyirdilər. Bakı azad edildikdən və Azərbaycan Hökuməti Gəncədən Bakıya köçdükdən sonra isə Fövqəladə Təhqiqat Komissiyası da öz fəaliyyətini Gəncədən Bakıya keçirdi və dərhal Bakı şəhərində və onun ətraflarında baş vermiş mart hadisələrinin araşdırılmasına başladı [6, s. 42].

Fövqəladə Təhqiqat Komissiyasının Bakı qrupuna Bakı dairə prokurorunun müavini A.Y.Kluge, andlı iclasçı M.Təkinski, andlı iclasçı A.Aleksandroviç (Litovski), hüquqşünas A. Hacı İrzayev, Gəncə Dairə Məhkəməsi prokurorunun müavini Ç.B.Klossovski daxil idi.

Komissiyanın üzvlərinin əksəriyyətini azərbaycanlılar deyil, digər millətlərin nümayəndələri – rus, polyak, yəhudi, alman və başqaları təşkil edirdi. Bu da cümhuriyyətin hadisələrə ədalətli, vicdanlı, qərəzsiz və tərəfsiz yanaşmasının bir təzahürü idi.

1919-cu ilin avqustunun ortalarınadək Bakıda 24 şəxs müttəhim qismində Fövqəladə Təhqiqat Komissiyası tərəfindən həbs edilmişdi. Beləliklə, 1920-ci ilin aprelinə kimi Fövqəladə Təhqiqat Komissiyası bolşevik-daşnak quldur dəstələrinin qanlı əməllərinin təhqiqi sahəsində böyük iş gördü. Zərərçəkmiş yüzlərlə vətəndaş və şahid dindirilmiş, çoxlu material, maddi dəlil-sübut, fotosənəd toplandı.

Fövqəladə Təhqiqat Komissiyasının sənədləri bolşevik-daşnak birləşmələri tərəfindən bir neçə gün ərzində böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan 12 mindən çox dinc sakinin qətlə yetirildiyi mart soyqırımına bilavasitə həmin hadisələri yaşamış insanların gözü ilə baxmağa imkan verir.
 

Fövqəladə Təhqiqat Komissiyasının 1919-cu ilin avqust ayına qədər topladığı materiallar 36 cild və 3500 səhifə təşkil edirdi ki, bunların da 6 cildi (740 səhifə) Bakı şəhəri və onun ətraf kəndlərinin müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq aktlarını əhatə edirdi. İstintaq materialının digər cildləri ermənilər tərəfindən Bakı quberniyasının Şamaxı, Quba, Göyçay, Cavad qəzalarında, Gəncədə, Nuxada, Qarabağda, Zəngəzurda və Azərbaycanın digər bölgələrində törədilmiş dəhşətli cinayətləri əks etdirirdi.
Sənədlərdən aydın olur ki, mart hadisələri azərbaycanlıların əksəriyyəti üçün gözlənilməz olmuşdur və müsəlman ictimaiyyətinin müxtəlif zümrələrindən olan insanlar bolşeviklərin deyil, məhz ermənilərin xəyanətindən sarsılmışdılar, çünki onlar "sonuncuları düşmən kimi görmürdülər”. Bununla bərabər, şahid ifadələri göstərir ki, azərbaycanlıların əksəriyyəti talanlardan bir neçə gün qabaq "ermənilərin şəhərin müsəlman hissəsindən erməni hissəsinə köçdüyünü” müşahidə etmiş, şəhərin "Ermənikənd” məhəllələrində "ermənilər tərəfindən qazılmış səngərləri” görmüş, ermənilərin "1905-ci ili təkrarlamaq, yəni müsəlman qırğınlarını başlamaq” niyyətləri və "ermənilərin müsəlmanlara qarşı çıxışlara hazırlaşdıqları barədə şəhərdə gəzən şayiələri” eşitmişdilər. [3].

Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə müxtəlif millətlərdən olan bakılıların və xarici vətəndaşların Bakıda 1918-ci ilin mart hadisələrinin qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyəti olan ifadələri də daxil edilmişdir.
 


Bu baxımdan Bakı sakini A.N.Kvasnikin ifadəsi xüsusi maraq doğurur. Şəhərin kübar və işgüzar dairələrinə mənsub olan, "bir çox erməni evlərinə girib-çıxan”, ifadəsindən hörmətli və ünsiyyətcil bir insan təsəvvürü yaradan A.N.Kvasnik özünün son dərəcə ətraflı ifadəsində mart hadisələri ərəfəsində və günlərində Bakı cəmiyyətində hökm sürən vəziyyətin ümumi mənzərəsini yaratmağa çalışır.
 
A.N.Kvasnik ifadəsində deyir: "Bu ilin 17-21 mart tarixlərində Bakı şəhərində baş vermiş hadisələrə təmiz vicdanla belə ad vermək lazımdır: "Müsəlmanların fiziki olaraq məhv edilməsi, bütün əmlakının mənimsənilməsi və onların bütün rifahının və siyasi üstünlüyünün ermənilərin əlinə keçməsi məqsədilə, əvvəlcə Bakı şəhərində, sonra isə ucqarlarda erməni əhalisinin müsəlman əhalisinə qarşı təşkil edilmiş qanlı sui-qəsdi”” [4].
 


Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində həmçinin Bakıda mart hadisələri zamanı şəhərin müsəlman əhalisinə – iri sənayeçilərə, zavod, liman, neft mədənləri sahibkarlarından başlayaraq çoxsaylı mülki, sosial və ticarət obyektlərinin: ev, idarə, mehmanxana, məktəb, restoran, bərbərxana, emalatxana, mağaza, anbar, dükan, tövlə və s. sahiblərinə vurulan maddi ziyanın miqyası və əhəmiyyəti də çox aydın göstərilir.

Zərər dəymiş obyektlər içərisində mühüm əhəmiyyət daşıyan "Təzəpir” məscidini, "Şah məscidi”ni, "Kaspi” qəzetinin redaksiya binasını, "İsmailiyyə” Müsəlman Xeyriyyə Cəmiyyətinin binasını, "Dağıstan”, "İsgəndəriyyə”, "İslamiyyə” mehmanxanalarını xüsusi vurğulamaq lazımdır. Bu binaları azərbaycanlıların mədəni-ictimai və dini mərkəzlərini təcəssüm etdirən mühüm obyektlər sırasına aid etmək olar.
 


1918-ci ildə erməni daşnaklarının Azərbaycan torpaqlarını zəbt etmək, soydaşlarımıza qarşı  kütləvi və sistemli  bir surətdə soyqırımı təşkil etmək nöqteyi-nəzərindən onların xüsusi bir şəkildə fəallıqlarının artması diqqəti cəlb edir.

Daşnaksütyun partiyasının Bakıda dərc edilən "Aren” qəzeti 1918-ci il  martın 1-də "böyük Ermənistan” yaratmaq uğrunda 35 yaşadək bütün vətəndaşların səfərbər edilməsi barədə çağırışlarla dolu idi. Bu mətbu orqanı  çağırışdan boyun qaçıran erməniləri ölümlə hədələyərək yazırdı: "Kimin vicdanı varsa, elə indi öz borcunu yerinə yetirsin – könüllü olaraq orduya yazılıb, cəbhəyə yola düşsünlər” [5, s. 104].
Təbii ki, ordu dedikdə erməni milli hissələri, cəbhə dedikdə isə Azərbaycanda törədilən qanlı olaylar – qətl və qarətlər nəzərdə tutulurdu.
 


Bu müraciətdən bir daha aydın olur ki, əslində "Danaksütyun” elə erməni xalqı tərəfindən hərtərəfli dəstəklənən, erməni xalqının çox hissəsi, bəlkə də özü deməkdir. Erməni korpusunun komandiri Nəzərbəyov 1918-ci ilin iyununda "erməni xalqına” müraciət edərək deyirdi: "Erməni xalqı, əgər siz öz ailənizi  azad etmək isətyirsinizsə, o zaman sizin hamınız, əli silah tutan hər biriniz gəlin. Öz silahınız və patronunuz, beş günlük ərzaq ehtiyyatınızla gəlin. Ordu üçün çörək, kartof və digər ərzaqlarınızı əsirgəməyin” [5, s. 104]. 

Öz səadətini türk-müsəlman əhalisinin faciəsi üzərində qurmağa can atan bu müdhiş təşkilatın əlindən hətta onların özləri belə əlhəzər deyir: "Daşnaksütyun”un yeritdiyi siyasətin sayəsində erməni xalqının yarısı məhv edilmiş, yarısı da ölümün astanasındadır” [5, s. 105].
 


1918-ci ilin martında Bakıda, onun ardınca isə Şamaxıda, Qubada, Lənkəranda və vətənimizin  digər guşələrində bolşevik daşnak tandemi tərəfindən törədilən qətl və talanlar bir məqsədə - xalqımızın milli istiqlal hərəkatını beşikdəcə boğmaq, xalqımızın fiziki varlığına son qoymaq, geostrateji baxımdan son dərəcə əlverişli, təbii sərvətlərlə  zəngin  vətənimizin bir qismini və bəlkə də böyük bir hissəsini "böyük Ermənistan” arzusu ilə qovrulan erməni daşnaklarına "pay” verməklə, bütövlükdə Azərbaycanı Rusiya imperiyasının təsir dairəsindən heç bir vəchlə buraxmamaq məqsədinə xidmət edirdi.

Müstəqil Azərbaycan dövləti istər XX əsrin əvvəlləri, istərsə də sonlarında əvəzedilməz qurbanlar verməsinə baxmayaraq, iftixar edə bilər ki, o ağır sınaq günlərində müstəsna iradə və cəsurluq, milli ruhun sarsılmazlığını və mətinliyini nümayiş etdirdi. Həm ötən əsrin əvvəlində, həm də sonlarında min illərdən bəri malik olduğu qədim dövlətçilik ənənələrini bərpa etdi.

İstifadə edilmiş ədəbiyyat siyahısı

1. ARDA, f. 1061, siy. 1,  iş 95, v. 2.
2. ARDA, f. 1061, siy. 1,  iş 105, v. 2.
3. AR Pİİ SSA, f. 277, siy. 2, iş 13, v. 148.
4. AR Pİİ SSA, f. 277, siy. 2, iş 26, v. 1.
5. Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Bakı: Elm, 1990.
6. Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə. Tərtib edən: Solmaz Rüstəmova-Tohidi. Bakı, 2013.
7. Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azərnəşr, 1992.
8. İsgəndərli A. Azərbaycan həqiqətləri: 1917-1920. Bakı, 2012.
9. Rəhimov K. Məqalələr... məktublar. Bakı, Təhsil, 1998.
10. Svyatoxovski T. Rusiya Azərbaycanı. 1905-1920-ci illər // Azərbaycan, Bakı, 1989, № 11 (117).

Summary

This article is dedicated to the genocide commited by Armenians towards the Azerbaijani  population in Baku. The genocide by Armenians was disclosed in a detailed way in the documents of Extraordinary Investigation Commission. The events of March 1918 were some of the bloodiest in the history of Azerbaijan. In Baku, Armenian-Bolshevik forces committed massacres which culminated on March 31st-April 2nd and armed Armenian gangs had ruthlessly murdered civilians. During this massacre, in Baku alone 12,000 people, including the elderly, women and children had been butchered for simply being Turkish-Muslim, all belongings and property of the Muslim population was looted, mosques and schools had been burnt down. We must give due to the young Government of the Republic of Azerbaijan, in the most complicated and hardest conditions of its existence and activities as quickly and discreetly reacted to these events and had taken concrete steps. At the same meeting, on July 15, 1918, the Council of Ministers of Azerbaijan Republic adopted a decree on the establishment of Extraordinary Investigation Commission (EIC), "to investigate the assaults made on Muslims and their property within the entire Caucasus since the beginning of the European war”.
Key words: Azerbaijan Democratic Republic, Extraordinary Investigation Commission, genocide, bolshevik-dashnak alliance, Baku.
 
TURAL VƏLİZADƏ
Qərbi Kaspi Universitetinin müəllimi
BDU-nun Tarix fakültəsinin doktorantı
turallachin@mail.ru
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook