SON XƏBƏR

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğat videoçarxı yayımlanıb- VİDEO

Yanvar 13
11:24 2017
"Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının təbliğat videoçarxı yayımlanıb.
 
Videoçarxda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi tarix, Oyunların müddəti, proqramına daxil olan idman növləri təbliğ edilir. Həmçinin iştirak edəcək atletlərin, idman növlərinin, könüllülərin sayı barədə məlumat verilir. "Gücümüz həmrəylikdədir” şüarı altında mayın 12-dən 22-dək Bakıda təşkil ediləcək Oyunlar zamanı atletlər idmanın 20 növü üzrə mübarizə aparacaqlar. Səkkiz min könüllü bu mötəbər idman tədbirinin bir hissəsi olmaq üçün yarışlara cəlb ediləcək. On gün ərzində keçiriləcək yarışlara dünyanın əllidən çox İslam ölkəsindən dörd mindən çox idmançının qatılması nəzərdə tutulur.
 
Videoçarxda, həmçinin Azərbaycan paytaxtının gözəlliyini, şəhərimizin qədim və müasir memarlıq abidələrini – Qız qalasını, Atəşgah məbədini, Heydər Əliyev Mərkəzini, Hökumət evini, "Alov qüllələri” kompleksini, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu, məscidləri, o cümlədən ölkəmizin tarixini, mədəniyyətini, xalqımızın qədim ənənələrini, milli sərvətimiz olan Qarabağ atlarını, qədim xalçaçılıq sənətini əks etdirən görüntülər təqdim olunub.
Təbliğat videoçarxında Oyunların keçiriləcəyi 16 idman qurğusu, o cümlədən
 
Bakı Olimpiya Stadionu, "Baku Crystal Hall”, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi, Bakı İdman Sarayı, eləcə də paytaxtımızda keçirilmiş birinci Avropa Oyunlarından, Oyunların möhtəşəm açılış və bağlanış mərasimlərindən, həmçinin Atletlər Kəndindən görüntülər yer alıb.
 
Filmdə Xəzər dənizinin sahilində yerləşən, qədim, eyni zamanda, müasir diyar olan Azərbaycanda bu ilin mayında keçiriləcək möhtəşəm idman tədbirinin – IV İslam Həmrəyliyi Oyunlarının bir hissəsi olmaq üçün idmansevərlərə çağırış ünvanlanır. Gözəl təbiətə malik Azərbaycanın paytaxtı Bakıda qədim və müasir bina və abidələrin möhtəşəm ahəngdarlıq təşkil etdiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycanın bir çox mötəbər beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etmiş ölkə olduğu əksini tapıb.
 
İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən çoxmillətli, çoxnövlü idman tədbiridir. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar 2013-cü il iyulun 24-də İHİF-in Səudiyyə Ərəbistanının Ciddə şəhərində təşkil edilmiş səkkizinci Baş Assambleyasında qəbul edilib.
 
2015-ci il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ilin mayında Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri təyin edilib.
 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook