SON XƏBƏR

Badamdar sürüşməsi Asif Əsgərovla Hacıbala Abutalıbovu hədəfə gətirdi

Oktyabr 17
17:20 2018
Səbail rayonu, Badamdar qəsəbəsini 20-ci sahə ilə birləşdirən yolun kənarında baş verən sürüşmə torpaq qatını asfaltın üstünə qədər gətirib. Badamdar yolunun yuxarı hissəsində vəziyyət gərginləşib. Vəziyyəti gərginləşdirən sürüşmənin davam etməsidir. Ərazidə böyük yarğanlar əmələ gəlib, yarğanların dərinliyi 4 və 6 metrdir. Üstəlik, bu yarğanlar su ilə doludur. Ancaq bu da son deyil. Qarşıdan yağışlı havalar gəlir və sürşmə də sürətlənə bilər. Bu isə ərazidəki bir çox evlər üçün real təhlükə yaradır. Ərazidə yol hərəkəti, iaşə obyektlərinin fəaliyyəti dayandırılıb.

Bu ərazi paytaxtın sürşmə zonalarından hesab olunmadığı üçün baş verənlərin hansı səbəbdən baş verməsi maraqlıdır. Hadisə yerində olan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı, hazırda Baş nazirin müavini olan Hacıbala Abutalıbov torpaq sürüşməsini ərazidə kanalizasiya sisteminin olmaması ilə izah edib: "Çox təəssüf edirəm ki, bu günə qədər Badamdar qəsəbəsində, demək olar, kanalizasiya sistemi yoxdur. Elə ona görə də dünən müvafiq qurumların rəhbərlikləri ilə müzakirələr apardıq və qərara gəldik ki, bu yuxarı hissədəki evlərin heç birində yaşayış olmamalıdır. Yolun aşağı hissəsindəki restoran və çayxana fəaliyyəti dayandırılıb, çünki bu obyektlər tamamilə sürüşmə zonasındadır”.

Ərazidə təhlükəli vəziyyət yaranmasına baxmayaraq, məmurlar çıxış yolu tapa bilmirlər. Çünki yaranmış vəziyyətdən qısa müddətə çıxış yolu da yoxdur. Bu vəziyyət illər ərzində yaranıb. İndi isə havaların soyuması ilə suyun toplanması güclənib. Bakı Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı, hazırda Baş nazirin müavini olan Hacıbala Abutalıbov yaranmış vəziyyətlə bağlı  ərazidə kanalzasiyanın olmamasından təəssüf edir. Bunu o adam deyir ki, Badamdar qəsəbəsində yeni evlərin tikilməsi məhz onun Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik etdiyi 2001-2018-ci illərdə inşa edilib. Böyük bir yaşayış massivinin salındığı həmin illərdə ərazidə kanalzasiya xəttinin çəkilməməsi ilə bağlı əsas məsuliyyət də Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə düşür. Əlbəttə, burada "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi də məsuliyyət daşıyır.

Məsuliyyət daşıyan şəxslərdən biri də hazırda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı olan Asif Əsgərovdur. Asif Əsgərov hazırda Nəsimi rayon İcra Hakimiyyətinin başçısı olsa da, 2009-2015-ci illərdə Badamdar qəsəbəsinin yerləşdiyi Səbail rayonun başçısı olub. Badamdar qəsəbəsində inşaat işləri də əsasən məhz bu dövrdə, yəni Asif Əsgərovun sərəncamları əsasında həyata keçirilib. Buna görə də Bakı Şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Hacıbala Abutalıbovla yanaşı Səbail rayonunun sabiq başçısı Asif Əsgərovun sürüşmənin qurbanları ola biləcəyi istisna edilmir.

Məlumata görə, Bakı şəhər icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizov Badamdar qəsəbəsində baş verən qəzaya görə məsul şəxslərin cavabdehliyini təmin etməyə çalışır. Bununla bağlı müəyyən addımlar atmağa başlayıb. Artıq ərazidə baş verən sürüşmə ilə bağlı geniş hesabat hazırlanmağa başlayıb. Bu hesabat konkret şəxsə qarşı yönəlməsə də, cavabdehlərin də kimliyi ilə bağlı məsələni gündəmə gətirir. Nisbətən yüksək vəzifəli məmurların karyerları ilə bağlı qərar bir qədər sonra veriləcəyi gözlənilsə də, Badamdar qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəliyi  Səbail rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Zaur Əliyev ilk vəzifəsini itirənlərdən biri ola bilər.

Səbail rayon Su Kanal İdarəsinin rəisi Rauf Osmanovun da vəzifəsini itirənlərdən biri olacağı gözlənilir. Çünki bu ərazidəki iaşə müəsisəslərinin böyük əksəriyyətinə su xətləri mövcud hüquqi və normativ aktlar pozulmaqla çəkilib. Onların bir çoxunun texniki şəraiti belə yerində deyil. Bu məqam, aparılan araşdırma zamanı əsas məsələlərdən olacaq. "Yeni Sözçü” qəzeti olaraq biz də bu məsələ ilə bağlı araşdırma aparmağa çalışacağıq. Çalıcağıq ki, araşdırma zamanı mövzu ilə bağlı Səbail rayon Su Kanal İdarəsinin rəisi Rauf Osmanovun, Səbail rayon İcra Hakimiyyəti başçısının nümayəndəsi Zaur Əliyevin də mövqelərini öyrənək. Eyni zamanda Bakı şəhər İcra hakimiyyətinin Badamdar qəsəbəsində baş verən torpaq şürüşməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin nədən ibarət olacağını  izləməkdə və oxucularımıza çatdırmaqda davam edəcəyik. Çünki, bu ərazidəki torpaq sürüşməsinin sürətlənməsi acı nəticələr doğura bilər. Vəziyyət xəfifə alınmayacaq dərəcə də gərgindir. Bunu Baş nazirin müavini Hacıbala Abutalıbovun açıqlaması da təsdiq edir. Vəziyyətin gərgin olduğunu sübut etməyə ehtiyac olmasa da, məmurlar yaranmış vəziyyəti aradan qaldırmağa çalışdıqlarını sübut etməlidirlər.
 
Mənbə: Ovqat.com
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook