SON XƏBƏR

Bağçasız, işıqsız, yolsuz, susuz Mehdiabad- REPORTAJ

Aprel 19
23:12 2016
Abşeron rayonu paytaxt Bakıya bitişik olan yeganə rayondur. Rayonunun inzibati mərkəzi sayılan Xırdalana şəhər statusunun verilməsi Abşeronun simasını xeyli dəyişıb. Rayonun mərkəzi hissəsinin infrastrukturu yenilənib. Ancaq bu yenilənmə heç də Abşeron rayonunu bütünlüklə əhatə eləmir. Rayonun hələ də elə qəsəbələri var ki , burada insanlar zülm-zillət içərisində yaşayır.
 
Söhbət bu dəfə  gözdən-könüldən uzaq olmayan, infrastrukturu bərbad halda olan qəsəbələrın birindən- Mehdiabaddan gedir.
 
Öncə onu qeyd edək ki, Mehdiabad qəsəbəsi Abşeronun digər qəsəbələri kimi qədim deyil. Ötən əsrin 50-60- cı illərində Qərbi Azərbaycandan- Ermənistandan deportasiya edilən insanların kompakt yaşayış məskəni kimi yaranıb. Vaxtilə üzümçülük sovxozu olub. Hazırda Mehdiabad digər qəsəbələr kimi inkişaf edərək daha da genişlənib. Qəsəbədə 4 orta məktəb, 1 bağça fəaliyyət göstərir. Qeyri-dəqiq rəqəmə görə, Mehdiabadda 40000 insan yaşayır.
 
Buradan PA-nın maşınları keçir
 
Mehdiabadın mərkəzindən keçən Görədil- Pirşağı yolu qəsəbəni iki hissəyə bölür. Qəsəbədə son illər abadlıq adına aparılan işlər ancaq bu yolun kənarlarında aparılır. Hər ilin bu vaxtı-yaz aylarında bələdiyyə və icra hakimiyyətinin yerli nümayəndəsi tərəfindən "ala-başına-kül başına” aparılan işlər demək olar ki, bağ mövsümünün sonunacan sökülüb-dağılır.
 


Sakinlərin bildirdiyinə görə, yerli rəhbərliyin yolun ətrafında olan obyektlərin sahiblərınin maliyyəsi hesabına apardığı "bir rüblük təmir” vəzifələrini itirmək qorxusundandır. Belə ki, yaz başlayandan payızın əvvəlinə kimi Mehdiabadın mərkəzindən keçən yoldan xeyli sayda vəzifəli insanlar, PA-nın yüksək vəzifəli işçiləri istifadə edir. Onların qəzəblərinə tuş gəlməmək üçün hər yazın əvvəlində qəsəbənin bələdiyyə sədri ilə "sovet sədri” "qollarını çırmalayıb” mərkəzi yolda kosmetik təmir işləri aparırlar.
 
Sovxozdan qalan "miras”
 


Mehdiabadın ara küçələrini gəzdikcə qəsəbənin zibillərlə bağlı ciddi probleminin olduğunu müşahidə etmək heç də çətin deyil. Bu qəsəbədə göldən məcburi köçkünlərə tikilən binalaradək olan küçələrdə zibillər rəngbərəng paketlərə yığılıb darvazalarda asılır. Qəsəbədə zibillər həftədə iki dəfə- 1 və 4-cü günlər traktorun lafetində daşınır.
 


Sakinlərin dediyinə görə, zibillərin daşınması üçün hər ay onlardan bələdiyyə 3 manat pul yığır. Sakinlər deyir ki, bəzən zibillərin yığılması "yaddan çıxır”. Bu zaman darvazalarda asılan zibil paketlərinin sayı 10-a qədər artır. Bu əsasən yay aylarında daha dəhşətli olur. Polietilen paketlərdəki zibil günəşin təsirli şüasından pis qoxu verməyə başlayır. Sakinlər deyir ki, zibil qabı olsa belə bələdiyyə onu qoymağa yer tapmayacaq. Çünki Mehdiabadda torpaq son qarışına kimi satılıb.
 


Qəsəbədə "su bazarı”
 
Qəsəbənin digər problemlərindən biri də su problemidir. Mehdiabadın su xəttləri də zibil daşıyan traktoru kimi "sovetdən qalma”dır. Qəsəbənin mərkəzi küçələrində pis- yaxşı belə xəttlər mövcuddur. Amma yeni salınan küçələrində qışın lap ortasında da "ilan mələyir”. Burada əsl "su biznesi” formalaşıb. Yay aylarında küçələrdəki su maşınlarının əlindən yerimək olmur. 
 

 
 
8-10 tonluq su 20-25 manata satılır. Həmsöhbətimiz deyir ki, kimin imkanı varsa öz hesabına plastik borularla su çəkdirə bilir. Bunun üçün gərək 2-3 min manat xərcləyəsən. Qəsəbənin imkanlı sakinləri bu üsuldan istifadə edir.
 
1 ilə "cip” alan "sovet sədri”
 
Qəsəbə daxili işləyən tək bir marşrut var. Bu marşrut da mərkəzdən "göl” deyilən əraziyə gedir. İntervalı 20- 30 dəqiqədir. Sakinlərin çox vaxt marşrutu gözləməyə səbrləri çatmır. Digər yeni küçələrdə yaşayan azyaşlı məktəb uşaqları isə dərsdən yarım saat əvvəl evlərindən çıxıb palçıqla yolları yara-yara məktəbə gedir.
  
Sakinlər deyir ki, yolların bərbad olmağına görə bələdiyyə sədrinə nə qədər müraciət etsələr də "maddi vəsaitin yetərsizliyi”ndən yollara heç daş– kəsək də tökülmür. Ancaq "maddi vəsaitin yetərsizliyi”ndən əziyyət çəkən bələdiyyə sədri ötən ilin payızında öz evinin olduğu küçəyə asfalt örtüyü vurdurdu. Sakinlər deyirlər ki, Zakir Fərəcovun kadrı kimi tanınan icra nümayəndəsi Bayram İbrahimov və bələdiyyə sədri Əbülfət Nuriyevin qəsəbədəki bərbad durumdan xəbərləri olsa da onların başları torpaq alverinə və evlərin sənədləşdirilməsindəki maxinasiyalara qarışıb.
 


Sakinlərin dediyinə görə, Bayram İbrahimov qəsəbəyə icra nümayəndəsi təyin olunan ilk vaxtlar sınıq-sökük "çeşka”da gəzirmiş, indi isə yeni model "cip”də gəzir. Onu da öyrəndik ki, Mehdiabadda 100 kvadratlıq evin tikintisi üçün 2000 manat rüşvət alınır. Alınan rüşvət deyilənə görə, Abşeron RİH başçısı İradə Gülməmmədovaya çatır.
 
Akif Çovdarovun bağçası?
 


Digər maraqlı fakt isə qəsəbənin 1 saylı məktəbinin futbol meydançasının ərazisində tikilən bağça ilə bağlıdır. Həmsöhbətimiz bildirdi ki, hələ ötən ilin əvvəlində təməli qoyulan və sürətlə tikintisinə başlanılan bağça ilin sonuna yaxın qəfil dayandı. Tikintisinə başlanılan ərəfədə sahibinin adı "dövlət sirri” kimi qorunan bağçanın həndəvərinə heç bir dövlət nümayəndəsi gəlmədi. Halbuki, bu qəsəbədə həyətində toyuq damı tikəndə adamın başının üstünü RİH-nin nümayəndələri kəsdirir.
 


Qəsəbədə gəzən yarı zarafat- yarı gerçək söz-söhbətə görə, tikintisi yarımçıq qalmış bu bağçanın sahibi keçmiş MTN-nin keçmiş idarə rəisi, bir çox dövləti cinayətlərə görə həbsdə olan general Akif Çovdarovdu. Çünkü məhz onun həbsindən sonra bu bağçanın tikintisi tamam dayanıb. Və indiyədək bir bəfər də olsun bu əraziyə gəlmir. Digər səbəb isə təhsil nazirliyi tərəfindən ciddi qorunan məktəb ərazisində yalnız mötəbər vəzifə tutmuş və kəskin tamahı olan bir şəxsin bağça tikmək "səlahiyyəti” ola bilər ki, bu "parametrlər” də Akif Çovdarova daha uyğun gəlir. 
 
Nə bilmək olar, bəlkə də Mehdiabadda yeni "Akif Çovdarov" peyda olub...
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook