SON XƏBƏR

Aziz Sancar: Müəllimlər millətin gələcəyini müəyyən edirlər

İyun 19
07:00 2017
Ölkəmizdə səfərdə olan ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Nobel mükafatı laureatı Aziz Sancar iyunun 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) mətbuat konfransı keçirib.
 
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, A.Sancar Azərbaycan alimlərinin zəngin biliyə malik olduqlarını, çox faydalı işlər gördüklərini bildirib.
Nobel mükafatçısı ölkəmizdə nano-texnologiyalar sahəsində görülən işləri yüksək qiymətləndirib.
 
Jurnalistlərin diabet və xərçəng xəstəliklərinin yaranması və müalicəsi ilə bağlı suallarını cavablandıran alim bildirib ki, sözügedən xəstəliklərin müalicəsi hələ də tam olaraq tapılmayıb. Diabetlə ən yaxşı mübarizə üsulu sağlam həyat tərzidir. Amma sağlamlığın qeydinə hər hansı bir xəstəliyə tutulmazdan əvvəl qalmaq lazımdır. Xərçəngdən qorunmaq üçün isə ən azı siqaretdən imtina etmək olar: "Dünyada xərçəng xəstəliyinin təqribən 30 faizi siqaret çəkməyin fəsadıdır. Dünya alimləri bu istiqamətdə çalışırlar. Onlar müəyyən uğurlar əldə ediblər, ancaq xərçəng xəstəliyinin tam müalicəsinin nə vaxt tapılacağını söyləmək çətindir”,- deyə Nobel mükafatçısı vurğulayıb.
 
Son illərdə texnologiyaların inkişafı nəticəsində xərçəng xəstəliyinin artması ilə bağlı səslənən iddialara münasibət bildirən A.Sancar qeyd edib ki, bunu sübut edə biləcək heç bir dəlil yoxdur.
 
"Bir daha dünyaya gəlsəm, müəllimlik peşəsini seçərdim”,-deyən alim bildirib ki, müəllimlik həqiqətən də müqəddəs peşədir. Müəllimlər millətin gələcəyini müəyyən edirlər.
 
Nobelin əsas meyar olmadığını vurğulayan alim bu mükafata layiq görülməmişdən əvvəl də adının dərsliklərdə qeyd olunduğunu bildirərək deyib: "1982-ci ildən mənim adım biokimya ilə bağlı dərsliklərdə çəkilir. Nobel mükafatına layiq görülməyim isə məni bu sahə ilə məşğul olmayan insanlara da tanıtdı”.
 
Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən A.Sancar bildirib: "Həyatımda dərin iz buraxan bir həftə yaşadım. Bunun üçün sizə minnətdaram".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook