SON XƏBƏR

“AzerGold” sədri: “Yerin təkindəki metalların ümumi dəyəri 150 milyard manatdan artıqdır”

İyul 10
00:29 2018
"Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələri, Köhnəmədən sahəsi və Kürəkçay hövzəsinə dair iştirak payları "AzerGold” QSC tərəfindən yerli banklardan cəlb edilmiş kredit vəsaiti hesabına alınıb. Hazırda bu kredit öhdəliyi Cəmiyyət tərəfindən uğurla təşkil edilmiş qiymətlilərin satışından gələn daxilolmalar hesabına təmin olunur. Dağ-mədən hasilat sahəsinin inkişafı istiqamətində "AzerGold” QSC-nin ilk hədəfi Daşkəsəndə yerləşən Çovdar qızıl mədəninin fəaliyyətinin bərpası, yerli əhalinin işlə təmin olunması və gəlirlərin formalaşdırılması olub”. Modern.az xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən "AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zakir İbrahimov bildirib.

Zakir İbrahimov bildirib ki, bu məqsədlə qısa müddət ərzində müxtəlif təyinatlı təmir-tikinti işləri təşkil edilib, mədənin fəaliyyəti bərpa olunub, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib: "İşçilərin iş şəraiti təkmilləşdirilib, aktiv hasilat işlərinə başlanılıb və bu işlər bu gün də uğurla davam etdirilməkdədir. Hasilatın bərpası qiymətli metalların ixracını aktuallaşdırdı. Dünya metal birja bazarlarının tələblərini nəzərə alaraq, qiymətli metalların beynəlxalq standartlara uyğun saflaşdırılması üçün saflaşdırma şirkətləri hasilatçılar qarşısında texnoloji, ətraf mühit, şəffaflıq və digər parametrlər üzrə çox mürəkkəb şərtlər qoyur. Qürurla deyə bilərik ki, "AzerGold” QSC çoxsaylı audit və yoxlama prosedurlarını uğurla keçərək bir sıra beynəlxalq saflaşdırma şirkətləri tərəfindən müsbət rəy alıb, daha əlverişli kommersiya şərtləri təklif edən İsveçrənin dünyaca məşhur "Argor-Heraeus” şirkəti ilə 2017-ci ilin aprel ayında müqavilə imzalayıb və Çovdar qızıl mədənində hasil edilən qızıl və gümüşün ixracını həyata keçirməyə başlayıb.

2017-ci ilin aprel-dekabr ayları ərzində 60,3 min unsiya qızıl, 86,4 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 131,5 milyon manat, 2018-ci ilin birinci yarısında 20,7 min unsiya qızıl, 28,2 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 47,9 milyon manat, ümumilikdə isə 81,1 min unsiya qızılın, 114,6 min unsiya gümüşün satışı nəticəsində 178 milyon manatdan çox gəlir əldə edilib. Qazanılan yüksək göstəricilər 2017-ci ildə "AzerGold” QSC-ni qeyri-neft sektorunun sənaye məhsullarının ixracında lider mövqelərə yüksəltdi. Bu gəlirlərin hesabına Cəmiyyət dövlət büdcəsindən vəsait cəlb etmədən müxtəlif təyinatlı kapital və cari xərclərin qarşılanmasını təmin edib, habelə üzərində olan bank borcunun ödəmə planını üstələməklə, ciddi azaldılmasına nail olub. Bundan əlavə, əldə edilən gəlir hesabına yeni sahələrin inkişafına yönələn ilkin investisiya qoyuluşları da həyata keçirilib”.

Zakir İbrahimov qeyd edib ki, Çovdar yatağında icra edilən və 2021-ci ildə başa çatacaq yerüstü filiz qatının istismarı dövründə ümumilikdə hasil ediləcək daha 129 min unsiya qızılın və 202 min unsiya gümüşün satışı nəticəsində ölkə iqtisadiyyatına 300 milyon manata yaxın məbləğdə gəlirin olması planlaşdırılır: "Qiymətlilərin beynəlxalq bazarda satışı ilə yanaşı, yerli bazarda da Azərbaycanın qızıl və gümüşünün satışının həyata keçirilməsi və ixracdan asılılığının azaldılması üçün Cəmiyyət tərəfindən səylər göstərilməkdədir. Bu ildən etibarən Azərbaycan Respublikasının Dövlət Neft Fondu Cəmiyyətin hasil etdiyi qızılı alacaq və ölkənin qızıl ehtiyat fondu həm də Azərbaycan qızılı hesabına formalaşacaq.

2021-ci ildə hasilata başlanması nəzərdə tutulan Çovdar yatağının yeraltı filiz qatının istismarına dair texniki-iqtisadi əsaslandırma sənədi beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanır. İlkin hesablamalara əsasən, layihənin 6 illik istismarı çərçivəsində 400 milyon manatdan artıq gəlirin əldə edilməsi nəzərdə tutulub. Əlavə olaraq, yatağın ehtiyatlarının artırılması istiqamətində sahənin yaxın və uzaq ərazilərində fəal kəşfiyyat və tədqiqat işləri aparılır.

Balakən rayonu ərazisində yerləşən və mis, sink, gümüş, qızıl, qurğuşun ehtiyatlarına görə nəinki Azərbaycan, hətta Avropa üçün böyük strateji əhəmiyyətə malik Filizçay polimetal yatağı üzrə ilkin iqtisadi qiymətləndirmə sənədi nüfuzlu beynəlxalq məsləhətçi şirkət tərəfindən hazırlanmaqdadır. Hesabatın cari ilin sonuna hazır olması və növbəti addım kimi metallurji, laborator, geotexniki, hidroloji və ekoloji tədqiqatların aparılması, sosial və ətraf mühitə təsirin qiymətləndirilməsi və texniki-iqtisadi əsaslandırma sənədinin hazırlanması təşkil ediləcəkdir. Filizçay yatağının ən azı 12 illik istismarı nəticəsində ölkə iqtisadiyyatına ümumilikdə üç milyard manata yaxın vəsaitin daxil olması və 2000-dən artıq iş yerinin açılması gözlənilir. Bundan başqa, Balakən rayonu ərazisində yerləşən Mazımçay yatağında ehtiyatların təsdiqi məqsədi ilə buruq-qazma işləri aparılır.

Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən Ortakənd sahəsində ən müasir avadanlıqların cəlb edilməsi ilə kompleks geofiziki tədqiqatlar nəticəsində mis, qızıl və digər əlvan metallar üzrə ilkin müsbət təzahürlər qeydə alınıb. Buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması işlərinə başlanılıb
 
Möhtərəm cənab Prezident, ölkə ərazisində yeni yataqların müəyyən edilməsi məqsədilə kəşfiyyat işləri aparılır. Belə ki, bu işlərin nəticəsində Göygöl inzibati rayonunda yerləşən Ağyoxuş perspektivli qızıl filizi sahəsi müəyyən edilib, aparılmış geofiziki işlər müsbət nəticə verib və 2018-ci ilin sonunadək buruq-qazma işlərinin icrası və ehtiyatların hesablanması planlaşdırılıb. Eyni zamanda, Tülallar perspektivli qızıl filizi yatağının mövcud ehtiyatlarının təsdiq edilməsi və növbəti addım olaraq tədqiqat işlərinin başlanması məqsədilə yataq üzrə ilkin fəaliyyət planı tərtib edilib.

Nəzərdə tutulan işlərin davamlılığını və vaxtında həyata keçirilməsini təmin etmək üçün maliyyələşmə mənbələri, o cümlədən potensial investorlar və strateji partnyorlarla əməkdaşlıq perspektivləri nəzərdən keçirilir.

Cənab Prezident, tapşırığınıza əsasən, "AzerGold” QSC Azərbaycan ərazisində mövcud perspektivli əlvan metal yataqlarının işlənilməsində və istismara verilməsində kompleks yanaşma tətbiq edir. Bu məqsədlə ölkənin əlvan metal hasilatına dair Yol Xəritəsi sənədinin hazırlanmasına başlanılıb. Sənəd sovet hakimiyyəti dövründən arxivlərdə mövcud məlumatların müasir standartlara uyğunlaşdırılmasını, o cümlədən rəqəmsal formata salınmasını, mineral ehtiyatların beynəlxalq normalar əsasında yenidən hesablanmasını, mədənlər üçün istismar mərhələləri üzrə fəaliyyət planının hazırlanmasını əhatə edəcəkdir. Rəqəmsallaşdırma yataqların iqtisadi və ekoloji cəhətdən daha dayanıqlı və səmərəli idarəçiliyinə töhfə verəcək.

Yuxarıda adıçəkilən işlərin icrası məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər dövlət qurumları ilə əməkdaşlıq edilir.

Cənab Prezident, hazırda Cəmiyyətin fəaliyyətinin təşkili üçün 600-dən çox iş yeri yaradılıb. Bunlardan 286-sı daimi iş yeridir. İşçilərin yerli və xarici təlimlərdə iştirakı təmin edilir. Hazırda tədqiqat mərhələsində olan yeni layihələrin icrası və istismara verilməsi əlavə çoxsaylı yeni iş yerlərinin yaradılmasına səbəb olacaq”.

Zakir İbrahimovun sözlərinə görə, Azərbaycan Respublikası Baş Prokurorluğu ilə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində əlvan metalların qeyri-qanuni hasilatı ilə bağlı erməni və xarici şirkətlərin fəaliyyətinə hüquqi qiymətin verilməsi prosesinə başlanılıb: "Azərbaycan zəngin ölkədir və ölkəmizdə Yerin təkində olan metalların ümumi dəyəri ilkin hesablamalara əsasən 150 milyard manatdan artıq təşkil edir. Biz inanırıq ki, Sizin rəhbərliyiniz ilə bu sərvətlərdən səmərəli istifadə insan kapitalının daha da inkişaf etdirilməsi, milli iqtisadiyyatın güclənməsi və xalqın rifahının yaxşılaşmasına xidmət edəcək”.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook