SON XƏBƏR

Azərbaycanın turizm imkanları Bəhreyn Krallığında təqdim edilib

Noyabr 10
15:24 2017
Körfəzi ölkələrində Azərbaycanın turizm potensialının tanıdılması, ölkəmizə turist axının daha da artırılması çərçivəsində cari il ərzində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi layihələr və təqdimatlar keçirilir. Növbəti təqdimat nazir Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyətinin təşkilatçılığı ilə Bahreyndə reallaşıb.
 
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə "Gulf Air” şirkətinin direktoru Valed Abdul Hameed Əl-Əlavi, Azərbaycanın Körfəzi ölkələri üzrə turizm nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri, 50-dən çox turizm şirkətinin və mehmanxananın rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
 
Təqdimatda çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın turizm sahəsinin son illər sürətlə inkişaf etdiyini, ölkəyə gələn turistlərinin sayının nəzərəçarpan dərəcədə artdığını, xüsusən ərəb turistləri üçün ölkəmizin cəlbedici olmasını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Prezidentinin imzaladığı silsilə fərman və sərəncamlar nəticəsində Körfəz ölkələrindən Azərbaycana gələn turistlər üçün sadələşdirilmiş viza rejimi təqdim edilərək Hava Limanlarında viza almaq imkanı yaradılıb. Eyni zamanda, "Asan viza” sistemi vasitəsilə 3 gün müddətində elektron qaydada vizaların əldə olunması, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, turistlərin rahat və təhlükəsiz səfərlərinin təşkil olunması qeyd olunan normativ-hüquqi bazanın yenilənməsinin məntiqi nəticəsidir.
 
Nazir çıxışında bəhreynli turistlərin Azərbaycana daha çox səfər etməsi üçün hər cür imkanların olduğunu bildirib və təqdimatda iştirak edən turizm sənayesi nümayəndələrini bu əməkdaşlıqda aktiv fəaliyyətə çağırıb. Həmçinin, Bahreyn turistlərinin səfərləri üçün mədəni, dini, sağlamlıq, dağ-xizək, şopinq, ov və s. turizm növlərinin Azərbaycanda mövcud olması bu əlaqələrin daha da inkişaf etməsi üçün imkanlar yaradır.
 
Daha sonra Azərbaycanın Körfəzi ölkələri üzrə turizm nümayəndəliyinin rəhbəri Rəşid əl-Nuri ölkənin təqdimatını keçirib, Azərbaycanı turizm ölkəsi kimi cəlbedici edən imkanlardan, o cümlədən iqlimin əlverişliliyi, insanların qonaqpərvərliyi, İslam dininə uyğun olaraq halal turizm imkanlarının mövcud olmasından bəhs edib.
 
Qeyd olunub ki, son illər Körfəzi ölkələri ilə sıx fəaliyyət nəticəsində Azərbaycana birbaşa uçan ərəb ölkələrinə məxsus hava yollarının sayı artıb. Eyni zamanda, həm kütləvi informasiya, həm də digər təbliğat vasitələrində yeni və inkişafda olan turizm destinasiyası kimi Azərbaycana marağın olduğu vurğulanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook