SON XƏBƏR

Azərbaycanın kəndlərində biznes inkubatorları yaradılır

Sentyabr 19
11:13 2018
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kəndlərdə əhalinin məşğulluq səviyyəsini artırmaq və aqrar bizneslərin sayını artırmaq üçün innovativ layihəyə başlayıb.

"Report" xəbər verir ki, Dünya Bankı ilə birgə həyata keçirilən Kənd İnvestisiya Layihəsi çərçivəsində qadınların aqrar bizneslərinin formalaşdırılmasına dəstək veriləcək.

"Kəndlərdə yaşayan əhalinin yarıdan çoxunu qadınlar təşkil edir. Bu həssas qrupun məşğulluğu ailələrin rifahı üçün böyük əhəmiyyət daşıyır. Buna görə də bizim əsas hədəflərimizdən biri qadınların kənd iqtisadiyyatında fəallığını təmin etməkdir” – deyə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev yeni layihəni şərh edib.

Layihə çərçivəsində yaradılmış yeni model kənd qadınlarının iqtisadi imkanlara çıxışını məhdudlaşdıran sosial-iqtisadi maneələri aradan qaldırmaqla onların təşkilatlanmasına kömək edir. Modelə əsasən, eyni məhəllədə yaşayan və qarşılıqlı olaraq bir-birinə dəstək olan 15-20 qadın bir araya gəlib qrup yaradır və öz biznes təşkilatlarını formalaşdırır. Qrupun fəaliyyəti bacarıqların artırılması, maliyyə savadlılığı, həyat bacarıqları, biznesin inkişafı və idarə edilməsi, sağlamlıq və qidalanma kimi mövzuları əhatə edir. Modelə yeni əlavə olunmuş elementlər ağıllı kənd bizneslərinin yaradılmasında texnologiyalardan istifadə, dəyər zəncirlərinə qoşulmaq, dövlət və özəl mənbələrdən olan qarışıq maliyyə vəsaitlərinə çıxış əldə etməkdən ibarətdir.

Kənd İnvestisiya Layihəsi çərçivəsində, pilot olaraq, 5 rayonda - Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarında 100-ə yaxın qadından ibarət 6 Qadın İnkişaf Qrupu təsis edilib. Qadın bizneslərinə dəstək vermək üçün qadın qrupları yaradılan rayonlarda gənclərdən ibarət İcma Biznes Təbliğatçıları qrupları da yaradılıb. "Layihəyə qatılan gənclər ilkin biznesin inkişafı və idarə edilməsi proqramı üzrə təlim alıblar. Onlar Azərbaycan Kənd İnvestisiya Layihəsinin əməkdaşları ilə birgə öz rayonlarında biznes inkubatorları yaradacaqlar. Bu inkubatorlar Qadın İnkişaf Qruplarına kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi xidmətləri göstərəcək. Onlar qadın qruplarına gəlir gətirə bilən təkliflər hazırlamaqda kömək edəcək və onları maliyyə mənbələri və bazarlarla əlaqələndirəcəklər” – deyə M.Əliyev bildirib.

Qeyd edək ki, yeni yaradılan model beynəlxalq təcrübəyə əsaslanır və ilk növbədə, biznes fəaliyyətinə başlayan kəndli qadınların maliyyəyə çıxışını asanlaşdırmaq məqsədi daşıyır. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook