SON XƏBƏR

Azərbaycanın ən varlı məmuru ilə işçilər arasında maaş qalmaqalı: Nobel OİL-də nə baş verir?

Noyabr 28
11:06 2016
Redaksiyamıza Bakıda fəaliyyət göstərən "Oyl ənd Qaz Proserv" MMC-nin "Asfalten - Qətran - Parafin çöküntülərinə qarşı kimyəvi reagentin tətbiqi" layihəsinin işçilərinin bu ilin avqust ayında müvafiq dövlət qurumlarına göndərdiyi şikayət məktubu daxil olub. 

Qlobal.az AzToday.az-a istinadən işçilərin şikayət məktubunu olduğu kimi təqdim edir:

Yazıb sizə bildiririk ki, biz, yuxarıda göstərilən layihənin işçiləri 02.02.2016-cı il tarixindən 04.08.2016 tarixinə kimi (6 ay), dəniz şəraitində, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin bütün qaydalarına uyğun olaraq tam iş ştatında işləməmizə baxmayaraq, yuxarıda göstərilən tarixlər ərzində əmək haqqımızı ala bilməmişik. Nəticə etibari ilə "Oyl ənd Qaz Proserv" MMC-nin baş direktorunu əvəz edən Eldar Məhərrəmovun səriştəsizliyi nəticəsində, Əmək Məcəlləsinin 174-cü maddəsinin bütün bəndləri kobudcasına pozulub və biz işçilərin 6 aylıq əmək haqqlarımız verilməmişdir. Bunlardan əlavə, Eldar Məhərrəmov və Nobel Oil Qrupun vitse prezidenti Vüqar Səmədli vəzifəsindən istifadə edib, öz əmək haqqlarını tələb edən işçilərə hədə-qorxu gəlmiş, işdən çıxaracağı ilə hədələmişdir. Bu azmış kimi, Vüqar Səmədli əmək haqqlarının gecikməsi problemini guya Azərbaycan Respublikasında vəziyyətin çox pis olduğunu qeyd edib, ölkəmizin, Ali Baş Komandan, Prezident İlham Əliyevin adını ictimaiyyət qarşısında pisə çıxarmışdır. 

Sizdən, "Oyl ənd Qaz Proserv" MMC-nin baş direktoru vəzifəsini icra edən Eldar Məhərrəmov və Nobel Oil Qrupun vitse prezidenti Vüqar Səmədli barəsində tədbir görülməsini və Əmək Məcəlləsiə uyğun olaraq 6 aylıq əmək haqqlarımızın verilməsini xahiş edirik". 

Qeyd edək ki, xarici şirkət adı altında Azərbaycanda fəaliyyət göstərən "Nobel Oil" şirkətinin adı yerli və xarici mediada heç də yaxşı mənada hallanmır. Məsələn, bir müddət əvvəl «Romania İnsider» qəzeti bu şirkətlə bağlı məlumat yayaraq, bəzi qaranlıq məqamlara aydınlıq gətirərərk yazırdı ki, sözügedən şirkət Britaniyada qeydiyyatdan keçməklə yanaşı, baş ofisi də Londonda yerləşir.
 
Lakin şirkət Bakı ofisi üzərindən Azərbaycanın neft-qaz sənayesində logistika, mühəndislik, neft və neft məhsullarının daşınması, qazma xidmətləri göstərirmiş. İşin bir başqa maraqlı tərəfi isə bu şirkətin mülkiyyətçilərinin kimliyi barədə heç bir məlumatın olmamasıdır.
 
Rumın qəzeti araşdırma aparsa da, bu barədə heç bir bilgi əldə edə bilməyib. Amma dəqiqləşdirib ki, «Nobel Oil» Azərbaycanda «hər şeyi düzəltdikdən» sonra, indi də Rumıniya bazarlarına girişməyə başlayıb. Şirkətin strategiyasına əsasən «Nobel Oil LTD» sözügedən ölkədə 6 ildə 80-90 yanacaqdoldurma stansiyasından ibarət geniş pərakəndəsatış şəbəkəsi qurmalıdır. İş burasındadır ki, Azərbaycanın bu müəmmalı neft şirkəti Rumıniya bazarlarında «OMV Petrom”, "LUKoil”, "Rompetrol” və MOL kimi nəhəng oyunçularla rəqabət aparmaq fikrindədir. Şirkətin niyə məhz məşhur Nobel qardaşlarının soyadını daşıması da aydın deyil. Ancaq belə təxmin etmək olar ki, şirkət bu soyadı brend kimi istifadə edir. Və deyəsən, bunun əvəzində Nobel sülaləsindən olan Qustav Nobeli şirkətin Direktorlar Şurasına üzv ediblər. Qustav Nobel İsveç vətəndaşıdır. 1950-ci ildə anadan olub. 2014-cü ildə şirkətin Direktorlar Şurasına daxil olub, o vaxta qədər isə şirkətin Müşavirlər Şurasının üzvü idi. Qeyd edək ki, 2012-ci ildə bu şirkətin adına beynəlxalq mediada rast gəlinmişdi. Məlum olmuşdu ki, baş ofisi Londonda yerləşən, ancaq yeganə fəaliyyət sahəsi Azərbaycan olan "CİS Nobel Oil Company” adlı şirkət Myanmada offşor neft yataqlarının birində hasilat üzrə lisenziya alıb. Onun əsas fəaliyyət sahəsi Azərbaycandır. Londonda yerləşən şirkət kimi təqdim olunsa da yeganə ünvanı Bakıdadır.
 
Bildirək ki, o zaman şirkətin saytında rəhbərlik barədə demək olar ki, heç bir informasiya yer almırdı. Vitse-prezident və baş menecer kimi ancaq Muxtar Murat Tayşi adlı Türkiyə vətəndaşının adı göstərilirdi. Qustav Nobel isə şirkətdə məşvərətçi idi. Məşvərət Şurasının üzvləri arasında ABŞ Konqresi Nümayəndələr Palatasının keçmiş üzvü, 90-cı illərin əvvəllərindən Azərbaycan və digər keçmiş sovet respublikaları ilə sıx əlaqələri olan Kurt Uoldenin də adına rast gəlinirdi. Nəzərinizə çatdıraq ki, Nümayəndələr Palatasının hərbi məsələlər komitəsinin sədr müavini olan K.Uolden 2006-cı ildə istefaya çıxana qədər Konqresdə Azərbaycanla dostluq qrupunun üzvü olmuşdu. İndi isə şirkətin rəhbərliyinə daxil olan şəxslər arasında Kurt Uoldenin və Murat Tayşinin adlarına rast gəlinmir.
 
Şirkətin Məşvərət Şurasının əvəzində Direktorlar Şurası var. Onun tərkibinə Qustav Nobellə yanaşı Eamon Gorman, Georgi Marçenko, Stüard Detmer, Maykl Roland Rinq daxildirlər. Bildirək ki, bunlar adlı-sanlı menecerlərdir. Məsələn, Direktorlar Şurasına 2015-ci ildə daxil olan Eamon Gorman "Maersk Oil”, "Shell” kimi şirkətlərin ərəb ölkələrində və İrandakı layihələrində aparıcı vəzifələr tutub.
 
Georgi Marçenko isə Direktorlar Şurasına 2014-cü ildə daxil olub, ona qədər Qazaxıstanda bir sıra mühüm dövlət vəzifələrində işləyib – Mərkəzi Bankın sədr müavini, baş nazirin birinci müavini, prezidentin müşaviri kimi postlar tutub.
 
Maykl Rinq həm də şirkətin baş icraçı direktorudur. Əvvəllər "Shell”, "Petrofac” kimi iri şirkətlərdə mühüm vəzifələr tutub.
 
"Nobel Oil” 2005-ci ildə Azərbaycanın neft-qaz sənayesində işləyən şirkətlərə satınalmalar üzrə xidmətlər göstərmək üçün yaradılıb. 2007-ci ildə isə artıq fəaliyyətini genişləndirərək qazma, texniki xidmət və digər işlərlə məşğul olmağa başlayıb. Hazırda şirkətin ayrı-ayrı sahələrlə məşğul olan bir neçə törəmə şirkəti fəaliyyət göstərir. Onlar aşağıdakılardır:
 
-"Apşeron Qazma”: İnteqrə olunmuş qazma və quyuların menecmenti xidməti göstərir. Bu törəmə şirkət 2007-ci ildə SOCAR-la SOCAR-AQS birgə müəssisəsini yaradıb və dövlət neft şirkətinin "Azneft” İstehsalat Birliyinə xidmətlər göstərir.
 
– "Global Energy Solutions” ("Glensol”): Bu törəmə şirkət Azərbaycanın energetika sektorunda işləyən şirkətlər üçün avadanlıqlara texniki qulluq üzrə xidmətlər göstərir.
 
– "Oil and Gas Proserve”: Törəmə şirkət isə quyuların təmiri, neft hasilatının artırılması texnologiyalarının tətbiqi kimi xidmətlər təklif edir.
 
-"Prokon”: Törəmə şirkət Azərbaycandakı müştərilərə layihə menecmenti üzrə xidmətlər gösərməkdədir.
 
– "LLamrei”: Törəmə şirkət logistika və satınalmalar üzrə xidmətlər göstərir.
 
– "Nobel Oil Downstream”: Bu şirkət isə Rumıniyada neft məhsullarının parakəndə satışı üzrə fəaliyyət göstərəcək. Bu ilin yayında "Nobel Oil Ltd” Britaniyanın "Denholm Oilfield Services Limited” şirkətinin Azərbaycandakı aktivlərinin 50 faizini alıb. O zaman şirkətin icraçı direktoru bildirmişdi ki, bu, "Nobel Oil”un sonrakı inkişaf strategiyasını nümayiş etdirir.
 
Xatırladaq ki, "Denholm” Azərbaycanda neft sektorunda işləyən şirkətlərə klapanların idarə edilməsi, elektrik və KİP-avtomatika, yükdaşımalar və rekrutinq üzrə xidmətlər göstərir. Habelə bu ilin yayında "SOCAR-AQS” ASC, "Nobel Oil” və Archer Assets UK Limited şirkətləri "Oguz Drilling” adlı yeni qaz şirkəti təsis ediblər. Maraqlıdır ki, Rusiyada da eyni adda şirkət fəaliyyət göstərir. Ancaq onun Britaniyada qeydiyyatdan keçmiş və biznesi təkcə Azərbaycanda olan
"Nobel Oil Ltd” ilə bağlılığı yoxdur.
 
Bildirək ki, Rusiyadakı "Nobel Oil” hasilatçı şirkətdir. 2000-ci ildə "Neftus” və "Kolvaneft” şirkətlərinin bazasında yaradılıb, Timan-Peçora və Xantı-Mansiykskdə 7 neft yatağında hasilat və kəşfiyyat lisenziyasına malikdir. Sent-Kitts adlı çırtdan ada dövlətində qeydiyyatdan keçmiş və 2008-ci ildə SOCAR-la birgə "Ümid-Babək” yataqlar blokunda kəşfiyyat və hasilat işləri aparmaq üçün "SOCAR-Umid” adlı birgə müəssisə yaradan offşor şirkət də Nobel adını daşıyır. Lakin "Nobel Oil Exploration & Production” adlı bu şirkətin Londonda qeydiyyatdan keçmiş həmin "Nobel Oil”la hansı bağlılığının olduğu məlum deyil. Bu şirkət "SOCAR-Umid” birgə müəssəsində 20 faizlik paya malikdir.
 
2014-cü ildə birgə müəssisə yataqda hasilat və kəşfiyyat işləri üçün tender elan edib.
 
2014 cü ildə Azərbaycanda keçirilən 2-ci SOCAR OGPC Forumunun bürünc sponsorlarını arasında "Nobel Oil” də olub.

Qeyd edək ki, o zaman NQNK layihəsinin birinci mərhələsi çərçivəsində illik istehsal gücü 12 milyard kubmetr olan Qaz Emalı Zavodunun və ildə ümumilikdə təxminən 1 milyard ton polimer (yüksək sıxlıqlı və xətti aşağı sıxlıqlı Polietilen və Polipropilen) istehsalını nəzərdə tutan qaz xammlı əsaslı Neft-Kimya Zavodunun, kompleksin fasiləsiz istismarını təmin etmək məqsədi ilə İstilik Elektik Mərkəzinin da daxil olduğu Mərkəzi Ümumzavod Təsərrüfatı blokunun tikintisi planlaşdırılırdı. Tikintisinə başlanılan Kompleks Bakı şəhərindən 60 km məsafədə Abşeron və Qaradağ rayonlarının sərhəddində yerləşır. Kompleksin birinci mərhələsinə aid olan zavodların 2020-ci ildə istismara verilməsi planlaşdırılır. O vaxt Forumda "Nobel Oil” şirkətinin baş direktoru qismində Maykl Roland Vring məruzəçı kimi iştirak etmişdir.
 
Əməkdaşımızın apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, 1974-cü ildə doktorluq alan Roland Oksford universitetinin professorudur. 40 yaxın elmi – texniki kitabın müəllifi, 16 patentin sahibidir. Onun tədqiqatlarına əsasən viskoelastik eksperimentalların öyrənilməsi, materialların mexaniki və dielektrik xassələri daxildir.

Mediada yayılan xəbərlərə inansaq, bu sirli şirkətin sahibləri arasında Dövlət Neft Şirkətinin vitse-prezidenti, Azərbaycanın ən varlı şəxslərindən biri olan Mikayıl İsmayılovun da adı keçir. 

Reaksiyamıza "Nobel Oil"də baş verənlərlə bağlı daxil olan məlumat və faktlar araşdırılmaqdadır. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

(Murad Əhmədov
AzToday.az)
 
Qlobal.az
 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook