SON XƏBƏR

Azərbaycanın diaspor təşkilatları niyə ələbaxandır?

İyun 22
10:25 2018
Azərbaycan diasporunun xaricdəki nümayəndələri uzun illərdir təşkilatlanma, bir olma, Azərbaycan həqiqətlərini dünyaya çatdırmada bəzi ölkələrlə müqayisədə çox geri qalır. Xüsusilə, erməni lobbisinin üstün olduğu Avropa və ABŞ-da vəziyyət ürəkaçan deyil. Bu kimi hallara görə, əksər ölkələrdə erməni yalanları ilə mübarizə, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması işi ilə yerli icmalar, onların zəngin azərbaycanlı üzvləri deyil, Azərbaycan dövləti məşğul olur. Bu isə yerlərdə effektiv nəticənin əldə olunmasına əngəl yaradır. Məsələ burasındadır ki, dünyada məşhur olan, yəhudi, erməni lobbisi öz ölkələrinə həm maddi, həm də mənəvi cəhətdən dəstək olduğu halda, Azərbaycanın xaricdəki diaspor təşkilatlarının üzvləri dövlətdən mədət umurlar. Böyük əksəriyyət gözünü Diasporla iş üzrə Dövlət Komitəsinə dikir... Bu məqamda belə bir sual yaranır: Əgər xaricdəki diaspor fəaliyyətini də Komitə icra edəcəksə, diaspor təşkiları nəyə lazımdır?

Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, eks-deputat Sabir Rüstəmxanlı Modern.az-a bunun səbəblərini açıqlayıb.

O bildirib ki, yunan, erməni diasporu uzun illər boyu xarici ölkələrdə yaşamış, oradakı xalqlara, cəmiyyətə qarışmış, hətta həmin ölkələrin vətəndaşlığını almış şəxslərdən formalaşıb:

"Ona görə də maddi imkanları qat-qat çoxdur. Bizdə təəssüf ki, diaspor təşkilatlarının çoxu bir tikə çörək üçün Azərbaycanı tərk edən, ehtiyac içində olanların təşkil etdiyi qurumlardır və onların ciddi maddi imkanları yoxdur. Bu baxımdan Diasporla iş üzrə Dövlət Komitəsinə üz tuturlar”.

S.Rüstəmxanlının sözlərinə görə, bizim xaricdə yaşayan zəngin insanlarımız, milyonerlərimiz, milyarderlərimiz var:

"Amma təəssüf ki, onlar diaspor işinə qoşulmurlar. Qoşulanda da onlara təzyiqlər edilir, işlərinə başqa gözlə baxılmağa başlanır. Bəzilərini isə bu missiya ümumiyyətlə maraqlandırmır.

Diaspor işi milli burjuaziyanın, sahibkarlığın köməyinə arxalanmalıdır. Bu təşkilatlara imkanlı adamlar qatılmalıdır ki, qurumların fəaliyyətinə maddi dəstək verə bilsinlər. Təəssüf ki, bizdə belə ənənələr formalaşmayıb. Zəngin insanlar milli mücadilədən, milli maraqlardan çox özlərini düşünürlər. İmkanı olanlar bu işə qol qoymur, işə atılanlar isə maddi durumu olmayanlardır, vəziyyət belədir.

Amma inanıram ki, zaman keçdikcə diaspor təşkilatlarımız güclənəcək və diaspor təşkilatlarının Diasporla iş üzrə Dövlət Komitəsindən asılılığı minimuma enəcək”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook