SON XƏBƏR

Azərbaycanın 5 şəhərində içməli su təchizatı üçün alternativ mənbələr formalaşdırılacaq

Aprel 10
12:53 2018
"Hazırda "Azərsu" ASC vətəndaşlara 11 elektron xidmət göstərir. Bu ilin sonuna qədər daha 5 elektron xidmət vətəndaşların ixtiyarına veriləcək." 

"Report" xəbər verir ki, bunu qurumun sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin I rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, hazırda ən çox elektron müraciət qəbul edən 5 dövlət qurumundan biridir. Əgər 2017-ci ilin I rübündə səhmdar cəmiyyətə 27 min müraciət daxil olmuşdusa, bu ilin eyni dövründə bu rəqəm 111 min olub: "Ötən ilin I rübündə elektron müraciətlər ümumi müraciətlərin 12%-ni, 2018-ci ilin eyni dövründə isə 30%-ni təşkil edib".

Q.Hüseynov onu da deyib ki, bu il Ağdaş, Qəbələ, Daşkəsən, Xaçmaz, Xızı, Ağcabədi şəhərlərində su və kanalizasiya şəbəkələrinin, Astara şəhərində su şəbəkəsinin inşası başa çatdırılacaq.

"Daşkəsən, Göyçay, Qəbələ şəhərlərində, həmçinin Pirşağı qəsəbəsində tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşacaq, 10-dan çox şəhərdə isə belə qurğuların tikintisinə başlanılacaq. 2018-ci ildə Şamaxı, Gədəbəy, Lerik, Tovuz və Ağstafa şəhərləri üçün alternativ mənbələrin yaradılması layihələri icra olunacaq. Məhsuldarlığına görə Azərbaycanın regionlarında tikiləcək ən böyük qurğu - Şəmkirçay sutəmizləyici qurğusunun inşası da bu il başa çatdırılacaq. Gəncə, Şəmkir, Samux şəhərləri və ətraf kəndləri su ilə təmin edəcək bu qurğuda sutkada 140 min kubmetr içməli su emal olunacaq. Bu il içməli su problemindən əziyyət çəkən 40-dan çox kənddə yeni layihələrin icrası nəzərdə tutulur. Kənd və qəsəbələr üzrə kompleks araşdırmalar davam etdirilir və işlər yekunlaşdıqdan sonra təkliflər hökumətə təqdim olunacaq", - o əlavə edib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook