SON XƏBƏR

Azərbaycanı təhdid edən xarici və ideoloji risklər

Mart 30
09:39 2017
Qabil Hüseynli: "Ölkəmizdə dini təmayüllülər içərisində ən qorxulusu İŞİD-lə bağlı olan qüvvələrdir”
 
Azərbaycan prezidenti İlham Əliyev martın 28-də Saatlıda keçirdiyi respublika müşavirəsində ölkədəki siyasi prosesləri də dəyərləndirib. Prezident deyib ki, Azərbaycanda sabitlik təmin olunur. Sitat: "Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir”. Dövlət başçısı bildirib ki, Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Prezidentin daha sonra səsləndirdiyi bəyanat daha çox diqqət çəkir: "Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır”.
 
Qeyd edək ki, prezident İlham Əliyev matın 17-dəki bayram nitqində də regiondakı siyasi gərginliyə toxunmuşdu:

"Bu gün regionumuzda, dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələr, əlbəttə ki, bizi çox narahat edir. Çünki biz təcridolunmuş vəziyyətdə yaşamırıq, bizim bölgəmizdə əgər vəziyyət gərginləşirsə, risklər artırsa, əlbəttə ki, bizə də bunun mənfi təsiri ola bilər. Ona görə bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruq. Biz əlbəttə ki, ölkəmizdə mövcud olan təhlükəsizliyi daha da möhkəmləndirməliyik. Azərbaycanda daxili risklər, təhlükələr demək olar ki, yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risklərdən, həm mümkün olan ideoloji risklərdən qoruyuruq”.

Ekspertlər bildirir ki, ölkə başçısının son çıxışlarında çox aktual olan siyasi sabitlik mövzusuna toxunması təsadüfi hesab oluna bilməz.

Politoloq Qabil Hüseynli bu barədə "Yeni Müsavat”a açıqlamasında bildirib ki, ölkəmizin daxilində bəlli bir sabitliyə nail olunub. Bu da ölkənin iqtisadi və siyasi inkişafı ilə bağlıdır. Sabitliyin olması, bir çox ölkələrin daxilindəki qarşıdurmaların bizim ölkəmizdə olmaması iqtisadiyyata müsbət təsir edir, Azərbaycanı cəlbedici ölkələr sırasına qoşur. Amma hələ bu sahədə də bəzi görüləsi işlər var: "Xüsusilə islahatlar həyata keçirilməli və bu islahatlar ilk növbədə xalqın maddi rifah halının yüksəldilməsinə yönəldilməlidir, ölkənin sabit inkişaf meylinə təminat verməlidir”.

Xarici risklərə gəldikdə, politoloq vurğuladı ki, həqiqətən də ölkəmizə qarşı müxtəlif xarici və ideoloji risklər var. Bu ideoloji risklər daha çox radikal dini təmayüllülərin, terror mahiyyətli hörgütlərin ölkəmizə nüfuz etmək cəhdləri ilə bağlıdır: "Məsələn, ölkəmizdə dini təmayüllülər içərisində ən qorxulusu İŞİD-lə bağlı olan müəyyən qüvvələrdir. Çünki İŞİD hər vəchlə Azərbaycana sızmağa çalışır. Doğrudur, Azərbaycanın təhlükəsizlik, hüquq-mühafizə orqanları fəal işləyir və bunun qarşısını alır. Amma bununla yanaşı, qeyd etmək lazımdır ki, İŞİD təhlükəsi, dini ekstremizm təhlükəsi, müxtəlif cərəyanların ölkədə əhalinin içərisində yayılması təhlükəsi, təriqətçilik meylləri bu gün də Azərbaycan üçün risk olaraq qalmaqdadır. Buna qarşı da mübarizə aparılır, amma dini-ideoloji sızmalar o qədər müxtəlif formalar ala bilir ki, bəzən onu müəyyən edincə bəlli bir vaxt keçmiş olur. Ona görə də dini ekstremizm, müxtəlif radikal dini təmayüllərin ölkəyə sızma təhlükəsinin çox ciddi şəkildə qarşısının alınması mühüm prinsipial əhəmiyyətə malikdir”.

Q.Hüseynlinin sözlərinə görə, bəzi dövlətlər özünün Azərbaycan daxilinə sızma və burada təxribat törətmək əməllərini də çox zaman dini pərdə ilə gizlətməyə çalışırlar. Bu ad altında ölkəyə nüfuz ötməyə cəhd edirlər: "Çox təəssüflər olsun ki, son zamanlar belə cəhdlər müxtəlif adlar, o cümlədən turizm adı altında görünməyə başlayıb. Azərbaycana son zamanlar turist axınının müşahidə olunması bir tərəfdən ölkəmizin iqtisadiyyatına müəyyən qədər xeyir verirsə, o biri tərəfdən radikal dini təmayüllərin buraya nüfuz etməsinə də müəyyən mənada şərait yarada bilər. Ona görə də bu məsələyə müvafiq dövlət orqanları xüsusi diqqət ayırmalıdır”.

Fiziki təzyiq risklərinə gəldikdə, ekspert söylədi ki, ölkəyə həm irimiqyaslı müharibə formasında təzyiq elementləri var, şantaj xarakterli təhdidlər mövcuddur, həm də başqa dövlətə yardım göstərərək onun əli ilə Azərbaycana təzyiq göstərmək təhdidləri var. Bütün bunların hamısı Azərbaycan üçün xaricdən olan real fiziki risklərdir: "Özü də bu təhlükələr hər gün bir az da artır və daha həyasız formada təzahür etməyə cəhd göstərir. Bu nöqteyi-nəzərdən Azərbaycanın təhlükəsizlik sisteminin hər gün bir az da işini təkmilləşdirməsi işin xeyrinə olar. Biz ayıq-sayıq olmalıyıq. Müxtəlif təxribatlar törətməklə Azərbaycan əhalisində ruh düşkünlüyü yaratmaq istəyən xarici xüsusi xidmət orqanlarının planlarını puça çıxarmaq üçün bütün lazımi tədbirlər görülməlidir”.
 
musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook