SON XƏBƏR

Azərbaycanda seçki hazırlığı: Qərargahların rəhbərləri kimlər olacaq?

Fevral 16
01:03 2018
Aprelin 11-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisində namizəd qismində çıxış edəcək şəxslər böyük ölçüdə məlumdur. Artıq onlar bir-birilərinin ardınca Mərkəzi Seçki Komissiyasına müraciət edirlər. Bir çoxlarının namizədlikləri də artıq təsdiq olunub.

Şübhəsiz ki, prezident seçkisində namizədlərlə yanaşı seçkidə əsas aparıcı şəxslər qismində iştirak edənlər də var ki, bunlar iddiaçıların seçki qərargahlarının rəhbərləridir.

Hakim Yeni Azərbaycan Partiyasının seçki qərargahının rəhbəri hələ məlum olmasa da, səlahiyyətli nümayəndələri məlum olub. 

Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov və partiyanın icra katibinin müavini Mübariz Qurbanlı prezident seçkilərində partiyanın səlahiyyətli nümayəndələri olacaq. Bu barədə MSK-nın fevralın 14-də keçirilən iclasında qərar verilib.

YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi YAP icra katibinin müavini Siyavuş Novruzov təsdiqlənib.

Qlobal.az-ın "Musavat.com”a istinadən verdiyi məlumata görə, AĞ Partiya başqanı Tural Abbaslı partiyanın birinci müavini Əhəd Məmmədlinin seçki qərargahının rəhbəri olacağını söyləyib: "Bizim seçki qərargahının rəhbəri Əhəd Məmmədli olacaq. Əhəd bəy bu sahədə uzun illərə söykənən təcrübəsi və bilikləri var. Həm də mən düşünürəm ki, seçki qərargahı rəhbəri olacaq şəxs namizədlik irəli sürülən partiyada da nüfuzu olmalıdır. Əhəd bəy özündə bu keyfiyyətləri birləşdirən dəyərli siyasətçilərimizdəndir”.

BAXCP sədrinin müavini Elçin Mirzəbəyli bildirib ki, seçki qərargahının üzvləri və rəhbəri yaxın günlərdə müəyyənləşəcək: "Fevralın 18-də BAXCP Ali Məclisinin toplantısı keçiriləcək. Çox güman ki, həm seçki qərargahının tərkibinin müəyyənləşdirilməsinə, həm də seçki ilə bağlı bütün digər məsələlərə Ali Məclisin toplantısında aydınlıq gətiriləcək. Partiyanın seçki strategiyasına gəldikdə isə, şübhəsiz ki, bununla bağlı müvafiq müzakirələr aparılıb və istiqamətlər müəyyənləşib. Amma qanunvericiliyə uyğun olaraq, bu istiqamətləri partiyanın prezidentliyə namizədi qeydə alındıqdan və təbliğat kampaniyasına start verildikdən sonra açıqlayacağıq. Seçki Məcəlləsinin tələbləri hazırda bu suallarla bağlı ətraflı danışmağa imkan vermir”.

Yeni AXCP-nin sədri Razi Nurullayev tam təsdiq olunmasa da, seçki qərargahının rəhbərini müəyyən etdiklərini qeyd edib: "Seçki qərargahımızın rəhbəri Rafiq Daşdəmirli olacaq. Onun kifayət qədər seçki təcrübəsi var. İndiyə qədər keçirilən seçkilərin demək olar hamısında iştirak edib və aparıcı şəxslərdən biri olub. Kifayət qədər təcrübəsi, biliyi və savadı var”.

ALDP rəhbəri Fuad Əliyevin seçki qərargahının rəhbəri məlumdur. O bu barədə bunları deyib: "Təcrübəli və bacarıqlı olduğuna görə Cavid Şahverdiyev qərargahın rəhbəri olacaq. Bizdə seçki qərargahı daim fəaliyyət göstərir. 2015-ci ildən Cavid bəy qərargahın rəhbəridir, ondan qabaq da sədr müavini idi”.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin seçki qərargahının rəhbəri iki şəxs olacaq. Bu barədə onun özü məlumat verib: "Qərargahın rəhbərləri Sevda Əliyeva və Rauf Babayev olacaq. Onları təcrübələrinə və bacarıqlarına görə müəyyən etmişik”.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də qərargah rəhbərini müəyyən edib. O, bu barədə bunları söyləyib: "Hüquq məsələləri üzrə müavinim İbrahim Həsənov seçki qərargahımızın rəhbəri olacaq. Çox təcrübəli yoldaşdır. Onun təcrübəsini, respublikada olan nüfuzunu, ictimaiyyətlə olan əlaqələrini nəzərə aldıq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook