SON XƏBƏR

Azərbaycanda meyvə ağacları kütləvi quruyur: Belə getsə...

Sentyabr 16
17:12 2019
"Düzdür, suda xlor var, amma ağacı qurudacaq səviyyədə deyil".

Qaynarinfo xəbər verir ki, bu sözləri yeni su nəqlinə qədər bölgələrdə mövcud olan, sonradan ləğv edilən, aqrar sahə üçün emal olunmamış su xətlərinin bərpa edilib-edilməyəcəyi məsələsiylə bağlı sualı cavablandırakən Azərsu ASC-nin İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı əməkdaşımıza deyib. 

Departament rəisi bu məsələnin "Azərsu"ya aid olmadığını, ASC-nin sadəcə ölkənin içməli su ilə təminatına nəzarət edən qurum olduğunu vurğulayıb: 

"Bakıda yaşıllıqların çox hissəsi bizim su ilə, az faizi isə quyu suyu ilə sulanır. Amma xlorlu suyun ağacı qurutmasını ilk dəfədir eşidirəm. Yolun kənarlarında olan güllər-çiçəklər, ağaclar hamısı bizim su ilə sulanır. Elə olsa, ilk elə onlar quruyardı. Düzdür, suda xlor var, amma ağacları qurudacaq səviyyədə deyil. Xlor suyun tərkibində çox az səviyyədədir, o da suda olan zərərverici virusları məhv eləmək üçündür. Amma ağacı qurutması fikri ilə razı deyiləm. Ümumi götürəndə biz Azərsu ASC olaraq içməli su məsələsinə baxırıq. Bakı-Abşeron ərazisində Samur kanalından birbaşa su götürüb suvarırlar. Elə ona görə də ən yaxşısı bu məsələ ilə bağlı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC danışsın”. 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndəsi Dilqəm Şərifov isə bizi problemlə bağlı işin mütəxəssisi olan AzETSPİ-nin Suyun təmizlənmə texnologiyası laboratoriyasının aparıcı elmi işçisi Musa Əhmədova yönləndirdi. Müsa bəy saytımıza açıqlamasında insan və bitki orqanizminə zərərli olan sular barədə ətraflı məlumat verdi: 

"Ağacın quruması tək sudan yox, torpaqdan da asılıdır. Məsələn, torpaq qələvi və ya şor, duzlu ola bilər. Su filterlərdən keçəndə, hətta bu qablarda satılan içməli suların da insanlara böyük ziyanı var. İnsanlar çalışır, evində filtr aparatı qursun. Ancaq bunlar çox ziyanlıdır. Çünki insan və bitki orqanizminə lazım olan bütün minerallar filterdən keçmiş suyun tərkibindən çıxır. Ancaq xloru çıxartmaq çətindir. Çünki aqressiv maddədir. Ona görə də xlorun proporsiyasi var. Məsələn, suyun tərkibindəki natrium, kalsium, xlor ölçülür və ondan sonra məlum olur ki, bu su istifadəyə nə dərəcədə yararlıdır. 

Kür və Ceyranbatan suyu bizdə emal olunur, amma mineralı çıxarılmır. Çox adam bunu bilmir. Məsələn, Abşeronda bahalı, ion dəyişdirici, codluğu azaltmaq üçün filterlər qoyurlar, o da duzu azaldır. Amma əsas duzu azaldan natrium+xlor+kalsiumun mütənasibliyidir. Mühüm olan onların miqdarıdır. 

Xam su suvarma üçün çox yararlı hesab olunur. Amma onu da deyim ki, lilin həddən artıq çox olması da pisdir. O suyu istifadəyə buraxmaq da düzgün deyil".
 
Qeyd edək ki, Azərbaycanın müxtəlif bölgələrinə emal olunmuş suyun verilməsindən, xam su xətlərinin ləğvindən sonra bağlarda meyvə ağaclarının kütləvi quruması müşahidə edilir. İddiaya görə, buna səbəb ağacların emal olunmuş suyla suvarılmasıdır. Onu da xatırladaq ki, sözügedən bölgələrdə əvvəllər evlərə su verilməsi Azərsu ASC-nin nəzarətində olub. Emal edilmiş suyun nəqlindən sonra xam su xətləri ləğv edilib. Bu xətlərin yenidən haçansa bərpa edilib-edilməyəcəyi ilə bağlı sualımıza isə iki qurumun heç birindən cavab ala bilmədik.   





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook