SON XƏBƏR

Azərbaycana qarşı aparılan antimilli "savaş"ın iflası...

Oktyabr 23
01:26 2018
Antimilli qüvvələrin bir ildən artıqdır sosial şəbəkələrdə Azərbaycana qarşı apardıqları qarayaxma kampaniyası yeni vüsət alıb. Amma bir qrup xaricdən maliyyələşən şəxsin Azərbaycana, onun rəhbərliyinə qarşı apardığı bu iyrənc kampaniya təbii ki, cavabsız qalmır. 

Zaman-zaman Azərbaycana qarşı yürüdülən bu "qara piar" kampaniyasının əlaltıları isə məhz "sapı özümüzdən olan baltalar"dır. Bu şər kampaniyasının uzaq mənzili Avropa, yaxın mənizili isə qonşu Gürcüstandır. Təsadüfi deyil ki, bu şəbəkə əsasən də Gürcüstan vasitəsi ilə maliyyələşir və əsas toplantılarını da bu ölkədə həyata keçirir. 

Bu baxımdan, 12 oktyabr tarixində virtualaz.org saytında dərc olunmuş "Bəlkə biz də Saakaşvilini Bakıya çağıraq?" yazısı da təsadüfən ortaya çıxmadı. Çünki bir ildən artıqdır ki, ölkəmizə qarşı böyük bir şər maşını işə düşüb. 

Bu şər maşınının əsas "alətləri" də məhz azərbaycanlılardır. Xaricdən maliyyələşərək Azərbaycanı gözdən salmağa çalışan qüvvələr. 

Azərbaycan hökumətinə qarşı yönəldilmiş siyasi ekstremizmin ruporları isə Vidadi İsgəndərli, Nahid Cəfərov, Qurban Məmmədov, Orduxan Temirxan, Tural Sadıqlı, həmçinin müxalif və bloklanmış Meydan TV, Azadlıq Radiosu, Turan.tv və eləcə də Gürcüstanda fəaliyyət göstərən Düşün TV-dir. Düşün.Tv-yə gəlincə, bu tv ölkəmizə qarşı siyasi ekstremist faəliyyəti ilə diqqətçəkən Azər Kərimzadəyə məxsusdur. 

Sosial şəbəkələrdə onun ölkədə bir neçə gənc əməkdaşının olduğu da bir neçə dəfə müzakirə olunub. Həmin əməkdaşların vaxtaşırı Tiflisə gedərək Kazımzadə ilə görüşdüyü və şəkil çəkərək sosial şəbəkələrdə yayması xüsusi diqqət çəkir. Görünən odur ki, şəbəkə öz məğlubiyyəti ilə barışsa da, ayaqda durması barədə yalançı görüntü yaradır. 

Yuxarıda adı çəkilən şəxslərin ritorikası isə sivil dünyanın qəbul etdiyi bir ritorika deyil, söyüş, nifrin və təhqirdən ibarətdir. Xalq da yaxşı anlayır ki, bu qüvvələrə ölkənin gələcəyini etibar etmək olmaz. 

Ümumiyyətlə, bir çox gənclərin Gürcüstanda ermənilərlə birgə layihələrdə iştirak etməsi, xaricdən maliyyələşən media orqanları ilə əməkdaşlıq etməsi, bölgələrdən erməni dilində də yayımlanan saytlara məlumatlar hazırlayıb təqdim etməsi (Nümunə üçün qeyd edək ki, əməkdaşlıq edilən "JAMnews" saytı erməni, gürcü, azəri və digər dillərdə yayımlanır) diqqət çəkir. Həmin şəxslərin kimliyi barədə qeyri-rəsmi məlumatlar olsa da, materialların Tiflisdə oturub hazırlanmadığı göz önündədir. Bir neçə gün öncə ermənilərlə azərbaycanlı gənclərin ortaq layihələrdə iştirak etməsi ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələr, kəskin ittihamlar, gənclərin qarşılıqlı söz davasına çıxması da təsadüfi deyildi... 

Aydındır ki, ölkəyə, onun rəhbərliyinə qarşı aparılan qara və çirkin kampaniyanın regiondakı strukturlaşmış təbliğatçılıq şəbəkəsinin mənbəyi Tiflisdir. Bu baxımdan virtualaz.org-da dərc olunmuş yazı bu mövzuda ciddi bir mesaj sayılmalıdır. 

Təbii ki, ölkə başçısı dəfələrlə antiazərbaycan qüvvələrə qarşı siyasi iradəsini qəti şəkildə ortaya qoyub. Hətta bu qüvvələrə qarşı Prezidentin köməkçisi Əli Həsənovun da davamlı yazıları göstərir ki, bu qüvvələr iflasa uğramış bir zümrəni təmsil edir. Ə. Həsənovun təbirincə desək, xaricdən maliyyələşən və idarə olunan "iaşə müxalifəti" nə qədər cəhd etsə də ölkəmizin suverenliyinə xələl gətirə bilməz. 

Bu mövzuya demək olar ki, Azərbaycanı düşünən hər kəs layiqli cavab verib. Milli Məclisdə də dəfələrlə antimilli qüvvələrə qarşı sərt çıxışlar edilib, deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov da həmin qüvvələrin sosial şəbəkələrdən istifadə edərək qara piar apardığını açıqlayıb: "Bu gün Azərbaycanda sosial şəbəkələrdə 3 milyona qədər insan var və çox təəssüf ki, Azərbaycana qarşı olan qüvvələr sosial şəbəkələrdən istifadə edirlər”.

Qurum həmçinin bununla bağlı "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi" mövzusunda dəyirmi masa keçirdi. Azərbaycan xalqının, ölkənin gələcəyini düşünən qurumların belə adekvat münasibəti isə bir daha göstərir ki, xaricdən maliyyələşən qüvvələr öz antimilli niyyətlərini gerçəkləşdirə bilməyəcəklər, çünki bu ölkənin oturuşmuş bir siyasi qüvvə və iradə idarə edir. Ölkə başçısı İlham Əliyevin siyasi iradəsi qarşısında isə bütün antimilli qüvvələr məğlubiyyətə məhkumdurlar. 

Cahandar LAÇIN
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook