SON XƏBƏR

Azərbaycan vətəndaşı Dubay Prokurorluğuna çağırıldı – uşaq oğurluğu işinə görə (FOTOLAR)

Avqust 22
10:40 2017
Azərbaycanda isə oğurlanmış uşağın anasına və onun nümayəndəsinə qarşı qanunsuzluqlar artıb
 
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyinin prokurorluğunda Azərbaycan vətəndaşının adı hallanan uşaq oğurluğu cinayəti istintaq olunur. Cinayət işi BƏƏ-nin Dubay Əmirliyində bank sektorunda çalışan Qırğızıstan vətəndaşı Merim Beishekeyevanın şikayəti əsasında başlanıb. Merim Beishekeyeva azyaşlı övladı Ceylanın oğurlanması haqda prokurorluğa şikayət verdikdən sonra müvafiq araşdırmalar başlanıb.

M. Beishekeyeva şikayətində uşağın oğurlanmasında keçmiş həyat yoldaşı, Azərbaycan vətəndaşı Davud Bağırovdan şübhələndiyini göstərib. Sonradan aydın olub ki, azyaşlı 7 oktyabr 2015-ci ildə Dubaydan Türkiyəyə, oradan da Azərbaycana gətirilib. Hazırda D.Bağırov Dubay prokurorluğunda başlanmış 84766/2017 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınan 2 şəxsdən biridir. Azyaşlı Ceylanın oğurlanması cinayətində iştirak etmiş Qazaxıstan vətəndaşı Zarina Jeksenbayeva artıq həbs olunub. Azyaşlının anası Merim Beishekeyeva zərərçəkən qismində tanınıb. İş üzrə növbəti istintaq hərəkəti 2017-ci il avqustun 24-nə təyin olunub.
 


Bu qalmaqallı iş üzrə Azərbaycanda da paralel olaraq məhkəmə müstəvisində bir neçə proses keçirilir. Müxtəlif məhkəmə instansiyalarında mülki qaydada aparılan işlərdə iddiaçı əsasən Merim Beshekeyevadır. Onun nümayəndəsi isə Abdulla Əfəndizadədir. İddialar Dubayda oğurlanaraq Türkiyə üzərindən Azərbaycana qaçırılan Ceylanın anasına qaytarılması ilə bağlıdır. Onu da qeyd edək ki, Ceyla ABŞ vətəndaşıdır.

Hazırda M. Beishekeyevanı və onun nümayəndəsi Abdulla Əfəndizadəni Davud Bağırov xüsusi ittiham qaydasında məhkəməyə verib. Xüsusi ittihamçı hesab edir ki, hər iki şəxs onun barəsində mətbuatda həqiqəti əks etdirməyən məlumatlar yayıblar. Faktlar isə ortalıqdadır. Xüsusi ittihamda D.Bağırov yazır ki, azyaşlı Ceylanın Dubaydan oğurlanaraq Azərbaycana gətirilməsi həqiqət deyil. BƏƏ Baş Prokurorluğunda başlanmış cinayət işi isə onun bu fikirlərini təkzib edir. Belə deyilsə, Zarina Jeksenbayeva niyə bu gün təqsirləndirilən şəxs statusundadır?

Niyə Davud Bağırovu avqustun 24-də Dubay Prokurorluğuna təqsirləndirilən şəxs qismində dəvət ediblər? Niyə aylardır ki, Davud Bağırov Dubaya getmir? Ümumiyyətlə, D.Bağırov Dubayda hansı bizneslə məşğul olub? Bundan başqa, xüsusi ittihamçı Davud Bağırov Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin adından və orada çalışan Cəmilə Bağırovanın da adından çıxış edir. Halbuki qanunvericilikdə komitənin xüsusi ittihamçı qismində çıxış etməsinə yol verilmir. Bundan əlavə, bir şəxsin digər şəxsin adından xüsusi ittihamçı olması da qanunaziddir. Amma D.Bağırov komitə əməkdaşının adından da məhkəməyə təqdim etdiyi xüsusi ittihamla çıxış edir.

Maraqlıdır ki, D.Bağırov bundan əvvəl Nizami Rayon Məhkəməsinə də eyni məzmunlu xüsusi ittiham qaydasında şikayət vermişdi. Sonra isə şikayətini geri götürmüşdü. İndi isə eyni məzmunlu şikayət Xətai Rayon Məhkəməsinə verilib. Məhkəmə ittiham olunan tərəfə məlumat vermədən avqustun 11-də iclas keçirib. A.Əfəndizadə bu haqda mətbuatdan xəbər alaraq məhkəməyə gedib. Hakim Bəxtiyar Məmmədov baş verən qanunsuzluğu gizlətmək üçün köməkçisi vasitəsilə iclasdan 10 dəqiqə əvvəl A.Əfəndizadəyə bildiriş göndərilməsi haqda bir sənəd göstərib. Faktiki isə bildiriş arxa tarixlə tərtib olunub və məhz məhkəmədən sonra A.Əfəndizadəyə göndərilib. Bundan başqa, məhkəmə iclasında A.Əfəndizadəyə təyin olunmuş vəkil iştirak etməyib. A.Əfəndizadə məhkəmənin gizli keçirilməsinə etiraz edib, bundan sonra D.Bağırovun vəkili iclasın avqustun 23-nə qədər təxirə salınmasını istəyib.
 


Avqustun 22-də isə iş üzrə daha bir məhkəmə prosesi Bakı Apelyasiya Məhkəməsində, hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçiriləcək. Proses Merim Beishekeyevanın 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayəti üzrə baş tutacaq. Bu axarla avqustun 23-də Xətai Rayon Məhkəməsində D.Bağırovun M.Beishekeyeva və nümayəndəsi A.Əfəndizadəyə qarşı xüsusi ittiham qaydasında verilən şikayətinə baxılacaq.

Maraqlıdır ki, D.Bağırov qarşı tərəfin mətbuatdakı çıxışlarında qeyd etdikləri fikirlərə münasibət bildirərkən konkretlikdən qaçır. Azyaşlı Ceylanın anasının izni olmadan, onun heç bir yazılı razılığı olmadan Dubaydakı mənzildən oğurlanması, Türkiyəyə, oradan isə Azərbaycana gətirilərək burada illərdir naməlum ünvanda saxlanılmasının üzərindən sükutla keçir. Qarşı tərəfi yalan yaymaqda və qərəzli münasibətdə ittiham edir, A.Əfəndizadə haqda "özünü hüquq müdafiəçisi adlandıran" fikirini işlədir. Halbuki A.Əfəndizadə mətbuatdakı çıxışlarının heç birində özünü belə adlandırmayıb.

Aldığımız son məlumata görə, A.Əfəndizadə Ceyla Bağırovanın oğurlanması və Azərbaycanda iş üzrə hakimlərin qərəzli, qanunazidd hərəkətlərindən prezidentə, 1-ci vitse-prezidentə, Məhkəmə Hüquq Şurasına, Ədliyyə Nazirliyinə, Qırğızıstan və ABŞ səfirliklərinə müraciət ünvanlayıb. O, müraciətində Xətai Rayon Məhkəməsinin hakimi Bəxtiyar Məmmədovun, Səbayel Rayon Məhkəməsinin sədri Araz Hüseynovun, Bakı Apelyasiya Məhkəməsinin hakimləri Sahibxan Mirzəyevin, Vüqar Məmmədovun, Abiddin Hüseynovun, Raqif Məmmədovun barələrdə ciddi tədbirlərin görülməsini tələb edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook