SON XƏBƏR

Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Mart 28
02:00 2017
Martın 27-də Ankara şəhərində Azərbaycanın və Türkiyənin Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
 
Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Türkiyəni isə xarici işlər nazirinin müavini Ümid Yalçın təmsil ediblər.
 
Məsləhətləşmələr zamanı 2017-ci ildə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümünün qeyd olunması qeyd edilərək, Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrində əldə olunan mövcud strateji tərəfdaşlıq səviyyəsindən məmnunluq ifadə edilib, əməkdaşlığın bütün sahələr üzrə daha da dərinləşdirilməsi istiqamətində hər iki tərəfdə siyasi iradənin mövcud olduğu vurğulanıb.
 
Tərəflər Azərbaycanın və Türkiyənin siyasi, iqtisadi və müdafiə sahələri üzrə imkan və potensiallarının artdığını qeyd ediblər və bu çərçivədə iki ölkənin qlobal və regional səviyyədə oynaya biləcəyi rolun önəmini vurğulayıblar. Bu baxımdan, iki ölkə arasında Birləşmiş Millətlər Təşkilatı daxil olmaqla bütün beynəlxalq təşkilatlarda, habelə regional əməkdaşlıq platformalarında fəaliyyətlərin əlaqələndirilməsi ilə bağlı iradənin mövcud olduğu bildirilib. İki ölkə arasındakı əməkdaşlıq layihələrində üçüncü ölkələrin iştirakının əhəmiyyətinə toxunularaq, Gürcüstan, İran və Türkmənistanla müxtəlif səviyyələrdə keçirilən üçtərəfli əməkdaşlıq mexanizmlərindən məmnunluq ifadə olunub.
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərilən tam dəstəyə görə Türkiyə tərəfinə minnətdarlıq bildirilib. Davamlı sabitliyə və regional əməkdaşlığa əsas maneənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğu qeyd edilərək, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həllinin zəruri olduğu diqqətə çatdırılıb.
Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin davamlı sabit və uzunmüddətli inkişafının təmin edilməsində Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası, eləcə də Azərbaycan-Türkiyə Hökumətlərarası Müştərək İqtisadi Komissiyasının rolu qeyd edilib və bu kimi əməkdaşlıq mexanizmlərinin tezliklə növbəti iclaslarının keçirilməsi istiqamətində fəaliyyətlərin canlandırılmasının əhəmiyyəti diqqətə çatdırılıb.
 
İki ölkə arasında indiyədək əldə olunan nəticələrə əsaslanaraq, iqtisadi sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb, ticarət əlaqələri və sərmayə yatırımlarının daha da dərinləşdirilməsi istiqamətində təşəbbüslərin dəstəklənməsi və təşviqi məqsədilə sərmayələrin əhəmiyyəti qeyd olunub.
Enerji sahəsində mövcud olan Azərbaycan-Türkiyə əməkdaşlığı yüksək qiymətləndirilib və Cənub Qaz Dəhlizinin əsas tərkib hissəsini təşkil edən TANAP və onun davamı olan TAP layihələrinin qrafikə uyğun inşasının təkcə regionun deyil, Avropanın enerji təhlükəsizliyi baxımından önəmi qeyd olunub. Eyni zamanda, Azərbaycan-Türkiyə ikitərəfli və tranzit nəqliyyat imkanlarının inkişaf etdirilməsində Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin qısa müddətdə tamamlanmasının əhəmiyyəti vurğulanıb.
 
Bundan əlavə, Azərbaycan və Türkiyə xalqlarının dini, tarixi və mədəni eyniliyi və qardaşlığı nəzərə alınaraq, humanitar sahədə təmasların daha da sıxlaşacağına, təhsil və səhiyyə sahələrində ikitərəfli əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.
 
Məsləhətləşmələr zamanı, həmçinin Yaxın Şərq problemləri, beynəlxalq terrorizmə qarşı mübarizə, regional münaqişələrin həll edilməsi, mehriban qonşuluq siyasəti və qarşılıqlı maraq kəsb edən digər beynəlxalq məsələlər müzakirə edilib.
 
Martın 27-də xarici işlər nazirinin müavini Xələf Xələfov ilə Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yılmaz arasında da görüş keçirilib. Görüşdə bir daha iki dövlət arasında əlaqələrin qardaşlıq və dostluq xarakteri daşıdığı vurğulanıb, strateji müttəfiqliyin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə olunub.
Görüşdə bütün bəşəriyyət üçün təhlükə olan terrorizmə qarşı mübarizədə Azərbaycanın və Türkiyənin birgə səylərinin artırılmasının vacibliyi qeyd olunub. İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq təqdir edilib.
 
Nazir müavini X.Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumat verib. O, Türkiyənin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq, münaqişə ilə bağlı ədalətli və qətiyyətli mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
 
Bundan əlavə, görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə fəaliyyətə başlamasının regional əməkdaşlığın inkişafına, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin və mal dövriyyəsinin daha da artmasına xidmət edəcəyi vurğulanıb.
 
Görüşdə, həmçinin beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
 
(AzərTAC)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook