SON XƏBƏR

"Azərbaycan və Türkiyə də Ermənistana kömək etmək iqtidarındadırlar"

Aprel 25
09:25 2018
Ermənistan öz subyektliyini və suverenliyini yarımçıq bir şəkildə ifadə edən məmləkətdir. Onun ən böyük gözləntisi Azərbaycan və Türkiyə ilə münasibətlərini bərpa etməsidir. Ancaq həmin münasibətlərin olmamasının səbəbkarı elə Ermənistanın özüdür.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. O bildirib ki, Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı bu məsələlərin də müzakirəsi gözlənilir:

"Bölgədəki vəziyyətdə Ermənistan həmişə risk mənbəyi kimi qiymətlənidrilir. Bu həm Ankaranın, həm də Bakının yanaşmasına xasdır. Ermənistanda baş verən proseslərə Türkiyə və Azərbaycan yuxarıdan aşağı baxır. Bizim ölkələr imkanlı məmləkətlər olduğu üçün çalışırlar ki, bölgədə gedən proseslər, inteqrasiya meyilləri zəifləməsin. Bu baxımdan da mövcud risklərin neytrallaşması üçün bütöv variantlar hesablanaraq, nəzərdən keçirilir. Hazırda Azərbaycan və Türkiyə arasında gedən yüksək səviyyəli görüşlərdə ikitərəfli münasibətlərin hamısı müzakirə olunur, yeni əməkdaşlıqla bağlı məsələlər öz təsdiqini tapır. Azərbaycanla Türkiyə regionda sabit, güclü, ixtiyar sahibi subyekt kimi bu proseslərə nəzər salacaq və Ermənistanda baş verən proseslərin mahiyyətini, görünməyən tərəflərini nəzərdən keçirəcəklər. Geosiyasi baxımdan bu, təbii olan məsələdir”.

Politoloq qeyd edib ki, Ermənistanda hakimiyyətə gələcək yeni siyasi elita etdiyi səhvlərdən düzgün qənaətlər çıxararsa, Azərbaycan və Türkiyə də Ermənistana kömək etmək iqtidarındadırlar:

"Artıq Serj Sərkisyan proseslərdən uzaqlaşdırıldı. Ola bilsin ki, bölgədəki vəziyyət müsbət tərəfə dəyişsin. Bu isə Ermənistana gələcək şəxslərin aparacağı siyasətdən asılıdır. Hakimiyyətə gələn şəxslər öncə özlərinə hesabat verməlidirlər ki, nəyə görə bu ölkə 20-25 ildir proseslərdən təcrid olunub?! Niyə onun beynəlxalq əməkdaşlıq proqramlarında iştirakı 0-a bərabərdir?! Bunların hamısının səbəbi Ermənistanın özünün qonşuluq siyasətinin dağıdıcısı kimi çıxış etməsidir. Ermənistan vəhşi siyasətindən əl çəkməlidir. İrəvan özünü normal şəkildə ifadə edərsə və işğalçılıq siyasətindən əl çəkib, qonşularına qarşı utopik ərazi iddialarını bir kənara qoyarsa, onda qonşu dövlətlər Ermənistanın defolt vəziyyətindən çıxması üçün imkan yaradacaqdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Türkiyə səfəri aprelin 24-də başlayıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook