SON XƏBƏR

Azərbaycan səfirləri xarici kəşfiyyata necə işləyib: Səudiyyə Ərəbistanından Avropayadək

Avqust 09
23:54 2020
"Diplomatik korpusda ciddi islahatlar gözlənilir. Hakimiyyət kulislərində gəzən söz-söhbətə görə, budəfəki kadr islahatlarında Ramiz Mehdiyev-Əli Həsənov çetesinin diplomatik uzantıları tamamilə sıradan çıxarılacaq”.

Ovqat.com xəbər verir ki, iqtisadçı ekspert Elçin Qurbanovun saytımız üçün qələmə aldığı məqalədə belə deyilir.

Maraqlı informasiyalarla zəngin olan məqaləni təqdim edirik.

Prezident İlham Əliyevin Xarici İşlər naziri Elmar Məmmədyarovu işdən azad etməmişdən əvvəl keçirdiyi məşhur müşavirədə səsləndirdiyi bir cümlə bu strukturda aparılacaq kadr islahatlarının əsl səbəbini ortaya qoyur. Xatırlayırsınızsa, diplomatik korpusun yarıtmaz fəaliyyətiylə bağlı danışarkən ölkə başçısı bildirmişdi ki, Azərbaycan XİN-nin bu zamanadək sərgilədiyi mövqe "kiminsə xoşuna gəlmək” məqsədi daşıyıb: "Mən dəfələrlə demişəm ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır”.

Prezidentin bu sözlərini dərindən incələyəndə məsələnin təkcə "kiminsə xoşuna gəlmək” olmadığını, Azərbaycan diplomatiyasının həm də başqa ölkələrin direktivləriylə oturub durduğunu, ölkə başçısından çox xarici havadarlarını eşitdiyini anlamaq mümkündür. Bu isə elə öz milli maraqlarının xilafına gedərək, başqa dövlətlərin maraqlarına qulluq etmək, yumşaq desək, "5-ci kolonçuluq” deməkdir.

Üstəlik, Azərbaycanın milli maraqlarına zidd fəaliyyət təkcə sabiq nazirin öz erməni həmkarıyla koronavirus məsləhətləşmələriylə də bitmir. Ölkəmizi xarici dövlətlərdə təmsil edən səfirlərimiz də öz yarıtmaz fəaliyyətilə nazirdən heç də geri qalmayıblar. Bunu Prezidentin həmin iclasda dilə gətirdiyi fikirlərdən aydın sezmək mümkündür: "Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz. Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Bir çox hallarda görmürük”.

Ölkə başçısının bu fikirləri XİN-də aparılan təmizləmə əməliyyatının yaxın günlərdə səfirliklərə qədər uzanacağından xəbər verir. Hakimiyyət dairələrindən aldığımız məlumatlar da bu ehtimalı qüvvətləndirir.

Məlumata görə, yaxın günlərdə nazirlikdə başlayacağı gözlənən kadr islahatlarında əsasən Ramiz Mehdiyev-Əli Həsənov çetesinin uzantıları işdən uzaqlaşdırılacaq. Hansı ki, bəzi mütəxəssislər tərəfindən Azərbaycanın "FETÖ”-sü adalandırılan bu çete uzun illər boyu hakimiyyətin ən yüksək pillələrində təmsil olunarkən əllərindəki fürsətdən faydalanıb, bir çox strukturlara öz adamlarını yerləşdirib, sarsılmaz şəbəkə meydana gətiriblər. İddialara görə, XİN-də də bu şəbəkənin güclü dayaqları var. Hakimiyyət kulislərində gəzən söz-söhbətlər əsasında həmin çetenin bəzi üzvlərinin kimliyini ortaya çıxara bilmişəm.

Bunlardan diqqətimizi ən çəkəni isə Nəcəfov qardaşlarıdır. Bəli, bəli, söhbət hansısa siğə oxuyub əhd bağlamış dostlardan yox, dos-doğma qardaşlardan gedir. Azərbaycanda bəzi ailələr prokuror, icra başçısı, iş adamı, nazir və s. istehsal etdiyi kimi, diplomat zavodu olan ailələr də varmış. Nəcəfovlar onlardan sadəcə biridir. Ramiz Mehdiyev-Əli Həsənov şəbəkəsinin himayədarlığı ilə Azərbaycandan çox, başqa xarici dövlətə işləyən diplomatik çetenin üzvü olan Nəcəfovlardan biri Rumıniya, digəri Estoniya səfirliyinə rəhbərlik edir. Onların bir başqa qardaşı isə XİN-nin Asiya ölkələri idarəsinin sədr müavinidir.

Nəcəfovların sonbeşiyi Murad Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniyadakı Fövqəladə və Səlahiyyətli Səfiridir. Bundan əvvəl o, Azərbaycanın İsveçrə Konfederasiyasında eyni vəzifəni icra edib. Haqqında üzqızardıcı ittihamlar irəli sürülsə də, biz şəxsi məsələlərə çox qarışmaq istəmədiyimizdən bu barədə susmağa üstünlük veririk.

Murad Nəcəfbəylinin şəxsi dosyesində bir məqam diqqəti xüsusilə cəlb edir. O, 1994-cü ildən etibarən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində çalışmaqdadır. Diplomat kimi yetişdirilməsi isə harda baş tutsa, yaxşıdır? – Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında. XİN-də işə düzələn kimi, yəni 1994-cü ildə diplomat kimi yetişdirilmək üçün Moskvaya göndərilən Murad Nəcəfbəyli 2 il həmin akademiyada təhsil alıb. Sözsüz ki, bu 2 ildə ona təkcə diplomatiyanın sirləri də öyrədilməyib. Həm də Azərbaycandakı "5-ci kolon”-un nümayəndəsi kimi yetişdirilən Murad Nəcəfbəylinin daha sonra Ramiz Mehdiyev-Əli Həsənov çetesinin sıralarına cəlb olunduğu qeyd edilir.

Murad Nəcəfbəylinin böyük qardaşı Hüseyn Nəcəfov isə bu yolu qardaşından xeyli il əvvəl keçib. Qardaşların "5-ci kolon”-a cəlb olunması da elə Hüseyn Nəcəfovla başlayıb. İddialara görə, 1985-1992-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirən Hüseyn Nəcəfov məzun olduqdan sonra Rusiya Federasiyası XİN-in Diplomatik Akademiyasında təhsilə başlayıb. Rusiyanın XİN-ə bağlı olan akademiyanı 2 ildən sonra fərqlənmə diplomu ilə bitirən Hüseyn Nəcəfov dərhal Azərbaycana göndərilib və 1995-ci ildə XİN-də işə başlayıb. 3 il nazirliyin müxtəlif şöbələrində işlədikdən sonra 1998-ci ildə olduqca mühüm posta -Azərbaycan Respublikasının NATO yanındakı Daimi Nümayəndəliyinə və Belçika Krallığındakı Səfirliyinə göndərilib. Əvvəl bu diplomatik nümayəndəliklərdə üçüncü katib kimi işə başlayan Hüseyn Nəcəfov qısa ərzində ikinci və birinci katib vəzifəsinə yüksəlib.

Hüseyn Nəcəfovun əsl yüksəlişi isə Elmar Məmmədyarovun nazir təyin olunması dövrünə düşür. 2004-cü ilin aprel ayında həmin vəzifəyə gətirilən sabiq nazirin təqdimatıyla o, Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı Səfirliyində yüksək vəzifəyə təyin olunur. 2008-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin "qara qutusu” sayılan Ümumi Katibliyin rəisi vəzifəsini icra edən şəbəkə üzvü 2010-cu ildə ən yüksək diplomatik ünvanla təltif olunur. Prezident İlham Əliyev tərəfindən birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsinə layiq görülür. Elə həmin il Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərində Baş Konsulu təyin olunan Hüseyn Nəcəfov 2016-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər Linqvistik Təminat İdarəsinin rəisi vəzifəsinə gətirilir. 2018-ci ildən isə Estoniyada səfirlik edir.

Nəcəfovların digər qardaşı Eldar Nizami oğlu Nəcəfov hazırda XİN-nin Avrasiya İdarəsinin rəis müavinidir. İddilara görə, Nazirliyin Avrasiya idarəsi viza maxinasiyalarında ən çox adı hallanan qurumdur. Çünki digər qitələrdən fərqli olaraq, bir sıra Avrasiya ölkələri ilə Azərbaycan arasında e-viza sistemi yoxdur və xarici vətəndaşlara viza verilməsində böyük rüşvət çərxləri fırlanır. DTX-nin son zamanlarda XİN-də apardığı əməliyyatlarda həbs edilənlərin böyük əksəriyyətinin Avrasiya ölkələri ilə viza maxinasiyası ilə uğraşan şəbəkə üzvləri olduğu xəbər verilir.

Əldə etdiyimiz məlumatda eynilə belə deyilir: "Nəcəfov qardaşlarının heç birinin bilik və bacarıqları tutduqları vəzifəyə uyğun deyik, hansı mənsəbə qulluq etdikləri, nə ilə məşğul olduqları, hansı nəticələr əldə etdikləri ciddi araşdırılmalıdır”.

Ramiz Mehdiyev-Əli Həsənov tandeminin rəhbərliyi altında formalaşmış ikibaşlı Azərbaycan FETÖ-sünə bağlı diplomatik çetenin məşhur üzvlərindən biri də hazırda Belarusda Fövqəladə və Səlahiyyətli Səfirimiz olan Lətif Qəndilovdur. Lətif Qəndilov da əksər səfirlər kimi tanınmış ailədən gəlir. Atası mərhum Seyfəddin Qəndilov Azərbaycanın məşhur ziyalılarındandır. Orta nəslin yaxından tanıdığı, tez-tez teleekranlardan dünya və ölkə siyasəti ilə bağlı şərhlərini dinlədiyi Seyfəddin Qəndilovun 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin olunmasıyla oğlu Lətif müəllimin də çırağı yanmağa başlayıb.

İddialara görə, mərhum Seyfəddin müəllimin Ramiz Mehdiyevlə yaxın dostluq münasibətləri olub. Lətif Qəndilovun da "boz kardinal”ın himayəsi altına girməsində bu dostluq əlaqələri mühüm rol oynayıb.

Lətif Qəndilovu xarakterizə edən hakimiyyətdəki çevrələr onun xasiyyətcə atasından xeyli fərqləndiyi qənaətindədirlər. Seyfəddin Qəndilov ziyalı obrazı ilə tanınsa da, onun oğlunun fikri-zikri maddi mənfəət yanında imiş. Əlindən isə halal iş gəlmirmiş. Məhz bu bir-biriylə uzlaşmayan xüsusiyyətlərini nəzərə alan Ramiz Mehdiyev onu xarici ölkələrə səfir göndərməyə qərar verir.

Maraqlıdır ki, Lətif Qəndilovun diplomatik fəaliyyəti barədə apardığımız araşdırmalar onun 2004-cü ildə bu sahədə ilk addımlarını atmağa başladığını göstərir. Ondan əvvəl isə kim olduğu, harda işlədiyi barədə özünün rəsmi bioqrafiyasında belə heç bir məlumat yoxdur. 2004-cü ildə isə onun 47 yaşı vardı. Məhz 47 yaşında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri ünvanına layiq görülən Lətif Qəndilov elə həmin il Qazaxıstana ölkəmizin ən titullu təmsilçisi vəzifəsinə göndərilir.

Sıfırdan ən yüksək pilləyə bu qeyri-adi sıçrayışa təəccübləndinizmi, deyilmi? Məncə, təəccüblənməyə dəyməz. Azərbaycan elə bir ölkədir ki, 47 yaşında mal həkimi birdən birə özəl universitetlərdən birinin hüquq fakültəsinə girib, hələ tələbə olduğu halda hansısa nazirin müavini təyin olunursa, Lətif Qəndilov niyə harasa səfir kimi göndərilməsin? Söhbət bir də fəvqəladə səfirlikdən gedirsə, müqayisə daha çox yerinə düşür. Çünki mal həkimindən nazir müavininə çevrilən məlum şəxsiyyətin də fövqəladə tərəfləri vardı.

Qısası, fövqəladə sıçrayışla Qazaxıstana səfir təyin olunan Lətif Qəndilov atası vəfat edənədək, yəni 2010-cu ilə qədər bu vəzifədə çalışır. 2010-cu ildə geri çağırılan fövqəladə səfir bir il işsiz qalır. Nə yazıq ki, bu işsizlik müddətinin nəylə bağlı olduğunu müəyyənləşdirə bilmədik. Azərbaycan diplomatik korpusunda nadir şəxslərdəndir ki, Lətif Qəndilovun bioqarifiyası gizli tutulur. Hazırda rəhbərlik etdiyi Azərbaycanın Belarusdakı səfirliyinin rəsmi səhifəsində belə, onun tərcümeyi-halı yazılmayıb. Görünür, üzə tutulası çox şeyi olmadığından cənab səfir öz bioqrafiyasını gizləməyə üstünlük verib.

İddialara inasaq, Lətif Qəndilovun 2010-cu ildə geri çağırılıb bir il ehtiyatda saxlanılması təsadüfi deyil. Bildirildiyinə görə, Qazaxıstandakı fəaliyyətində yol verdiyi ciddi nöqsanlar Lətif Qəndilovu ölkə başçısının gözündən salmış və onun özünü bərpası asan olmamışdı.

2011-ci ildə Ramiz Mehdiyev və Əli Həsənovun israrlı xahişlərini nəzərə alan Prezident İlham Əliyev onun Çinə səfir göndərilməsinə razılıq verir. 5 ildən sonra yenə dipomata yaraşmayan hərəkətlər onun geri qaytarılmasıyla nəticələnir. Yenə araya "5-ci kolon”un hakimiyyətdəki ağsaqqalları girir və o, öz himayədarlarının köməkliyi ilə Belarusa diplomatik görəvə göndərilir. İndiyədək həmin vəzifəni icra edən Lətif Qəndilovun yaxın günlərdə diplomatik fəaliyyətini nöqtələməsi gözlənilir. Bu dəfə isə deyəsən onun xahişini edən tapılmayacaq. Çünki himayədarlarının xahişini edən lazımdır və çətin ki, bu xahişlər işə yaraya.

Əslində bu il 63 yaşına qədəm qoyacaq Lətif müəllimin bundan sonra işə də çox ehtiyacı yoxdur. İndiyədək qazandığı neçə nəsillərə bəs edər. Bununla belə, hakimiyyətdəki qaynaqlar onu heç də yaxşı xarakterizə etmirlər. Kulislərdə onun barəsində deyilir: "Haraya təyin olunsa, Qəndilov orda ölkəmizi və xalqımızı rusvay edib. Nə diplomatik təfəkkürü var, nə də düz-əməlli təcrübəsi. Hamı danışır ki, Qəndilov Çində vaxtını yalnız viza alverinə sərf edirdi. Hər vizanın isə konkret qiyməti vardı – 500 ABŞ dolları. İldə 5-6 min viza satır, yığdığı pulları Ramiz Mehdiyev-Əli Həsənov-Elmar Məmmədyarov üçlüyü arasında paylaşırdı. Nəticədə Çin-Azərbaycan münasibətlərini biabırçı həddə çatdıran Qəndilovu hörmətlə Belarusa göndərirlər. İndi də orda ölkəmizi və xalqımızı biabır etməklə məşğuldur”.

Mehdiyev-Həsənov tandeminin diplomatik korpusda himayə etdiyi digər kadrlardan biri də Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevdir. 1976-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olunan Şahin Abdullayev ali məktəbi 1982-ci ildə bitirə bilir. Maraqlıdır ki, o, məzun olmamışdan əvvəl, hələ tələbəykən diplomatik fəaliyyətə başlayır. 1981-ci ildən 1984-cü ilə qədər SSRİ-nin Yəmən səfirliyində tərcüməçi kimi işə başlayan Şahin Abdullayevin rus kəşfiyyatına işlədiyi iddia olunur. Məntiqlə də bu iddia inandırıcıdır. Çünki rus kəşfiyyatına cəlb edilmədən heç kimi SSRİ-nin səfirliyinə heç xidmətçi də göndərməzdilər.

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra Şahin Abdullayev yenidən diplomatik fəaliyyətə qayıdır. Bu zamana qədər isə onun Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda işlədiyi qeyd olunur. Ramiz Mehdiyevin dayaqlarının möhkəm olduğu akademiyada işlərkən, "boz kardinal”la münasibətlərini yaxşılaşdıran Şahin Abdullayevin diplomatik sahəyə qayıtmasında bu amilin də xüsusi rolu var. Təsadüfi deyil ki, Ramiz Mehdiyev 1995-ci ildə Prezident Administrasiyasının rəhbəri təyin olunan kimi, Şahin Abdullayev də Misirə səfir göndərilir. O vaxtdan indiyədək ərəb coğrafiyasında səfir təyin olmadığı yer qalmayıb. Hakimiyyət kulislərində bu adam haqqında belə deyirlər: "O artıq 16 ildir ki, köçəri quş kimi ölkədən ölkəyə uçur. Köçəri quşlardan yeganə fərqi isə Şahin Abdullayevin cənubdan şimala yox, qərbdən şərqə uçuşudur. Bir də köçəri quşlar ildə iki dəfə köçürlər. Şahin Abdullayevin isə mövsümi köçləri illərlə davam edir”.

Şahin Abdullayevin də Lətif Qəndilov kimi diplomatik təfəkkürünün olmadığı, uzun illər səfirliklərdə işləsə də tərcüməçilik səviyyəsindən uzaqlaşmadığı qənaəti hakimdir. Azərbaycanın isə diplomatik korpusda tərcüməçiyə yox, əsl səfirə ehtiyacı var. Məhz bu səbəbdən də yaxın günlərdə diplomatik fəaliyyətini nöqtələyəcək səfirlər sırasında Şahin Abdullayevin də adı çəkilir.

Araşdırmalarımız davam edəcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook