SON XƏBƏR

Azərbaycan Sahibkarlar Konfederasiyası sədrinin elmi işində ciddi qüsurlar aşkarlanıb

Dekabr 05
19:12 2016
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına (ASK) və bir sıra qurumlara rəhbərlik edən Məmməd Musayev elm sahəsində də nailiyyətlər qazanmaq istəyir. Ancaq onun bu yolda atdığı addımlarda ciddi nöqsanlar üzə çıxıb.
 
Gəncədən "Reytinq"ə daxil olan məlumata görə, biznes və digər sahələrdə zəngin karyera sahibi olan ASK sədri Məmməd Qurban oğlu Musayev elmi işinin müdafiəsinə hazırlaşır.
 
Məlumatda bildirilir ki, "Aqrar sahədə intensiv inkişafın iqtisadi problemləri" mövzusunda "İqtisad üzrə elmlər doktoru" elmi dərəcəsi almaq istəyən Məmməd Musayev bu məqsədlə 5312.01-"Sahə iqtisadiyyatı" üzrə yazdığı avtoreferantında ciddi qüsur və səhvlərə yol verib.
 
"Hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin onlarla yetirməsi aylarla müdafiə növbəsi gözləyir. Uzun müddət Dissertasiya Şurasında elmi katib olan Vahid Əmrahovu doktorluq dissertasiyasını müdafiəetməyə imkan vermirlər. Amma bir bines adamının qarşısına qaçır, ona "yaşıl işıq" yandırırlar",-deyə Gəncədən bildiriblər.
 
Onu da qeyd edək ki, Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev biznes adamlarının elm sahəsinə gəlməsini kəskin şəkildə tənqid etsə də, bu tənqidlər də Məmməd Musayevi elmi dərəcə almaq istəyindən çəkindirməyib.
 
Aqrar Universitetdə elmi iş müdafiəsi üçün növbə gözləyənləri ən çox narahat edən isə Məmməd Musayevin müdafiəsini dakabrın 12-nə - Ümummilli liderimiz Heydər Əliyevin vəfatı gününə salmasıdır:
 
"Təsəvvür edin, həmin tarixdə hamı Ümummilli liderimizi anacaq, amma Məmməd Musayev dəbdəbəli müdafiəyə hazırlaşır. Ona gül dəstəsi vərəcək, əl çalıb təbrik edəcəklər. Daha sonra isə müdafiənin şərəfinə ziyafət təşkil olunacaq. Bəli, bunların hamısı 12 dekabr tarixinə planlaşdırılıb. Buna etiraz edənləri isə susdurmağa çalışırlar".
 
Məlumatda qeyd edilir ki, dekabrın 12-də Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında yazdığı dissertasiyanın müdafiəsinə hazırlıq görən Məmməd Musayev AAK-ın qaydalarını da kobud surətdə pozur:
 
"Çox dərinliklərə getmirik. Təkcə bir faktı xatırlatmaq və göstərməklə demək istəyirik ki, o, Aqrar Universitetdə fəaliyyət göstərən FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasına təqdim etdiyi avtoreferantında bu günədək elmi jurnallarda dərc etdirdiyi elmi məqalələrinin toplusu haqqında məlumatda ciddi yanlışlıqlara yol verib. Təkcə buna görə onu müdafiəyə buraxmaq olmazdı. Ancaq hansısa səbəbdən bu və ya digər qanunsuzluqlara göz yumulub. Elmi jurnallarda dissertasiya işinin mövzusuna uyğun olaraq elmi məqalələr yazılmalı olduğu halda, Məmməd Musayev avtoreferantında elmi məqalələr siyahısında müxtəlif jurnallara verdiyi müsahibələri və konfranslarda edilən çıxışlarını göstərib. Məsələn, "Sahibkarlar Konfederasiyasının prezidenti: "25 apreli "Sahibkarlar günü" kimi təklif edirik" ("Biznes həyatı". N8, 2014-cü il, s.6-8), "Sahibkarlığın inkişafı Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsas istiqamətidir" ("Biznes həyatı". N9 2015-ci il, səhifə 6-11), "Sahibkarlar səmərəli fəaliyyət ücün bütün imkanları əldə ediblər" ("Maliyyə və uçot" jurnalı. N10, 2015-ci il, s. 25-31), "Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti M.Musayevlə müsahibə" ("Analiz" jurnalı, Azərbaycan iş dünyası dərgisi), "Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti M.Musayevlə müsahibə" ("Bankinq Baku", N1, 2016-sı il, s.16-18) vəsairlərin adından görünür ki, Məmməd Musayev ayrı-ayrı mətbu orqanlara verdiyi müsahibə və açıqlamalarını elmi iş kimi təqdim edib. Yəni belə anlaşılır ki, Məmməd Musayev həmin müsahibələrini də elmi məqalə sayır. Təkrar edirik, bu, müvafiq qaydalara ziddir".
 
Onu da qeyd edək ki, Məmməd Musayevin elmi işinin rəsmi opponentləri AMEA-nın müxbir üzvi, iqtisad elmləri doktoru, professor Əli Xudu oğlu Nuriyev, iqtisad elmlər doktoru, professor Məhiş Alış oğlu Əhmədov, iqtisad elmləri doktoru, dosent Natiq Əli oğlu Cavadovdur.
 
Xatırladaq ki, M.Musayev 1955-ci ildə Qazax rayonunda anadan olub. O, 1976-1984-cü illərdə Dövlət Bankının Azərbaycan Respublikası Kontorunda müxtəlif məsul vəzifələrdə çalışıb, 1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci il-dən
Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin sədri, 2001-ci ildən hal-hazıradək "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin sədri vəzifəsində çalışır.
 
M.Q.Musayevin rəhbərliyi altında Kredit Təşkilatında "Kənd təsərrüfatı sahələrinin kreditləşdirilməsinin standart şərtləri və qaydaları" hazırlanıb, kənd təsərrüfatında sahibkarlıq subyektlərinin kreditləşdirilməsi həyata keçirilir. Onun təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan "Ziraat" Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə "Azər-Türk Bank" Birgə Səhmdar Kommersiya Bankı yaradılıb. Qardaş Türkiyə Respublikasının ən iri sığorta şirkətlərindən biri olan "Başak" Sığorta Şirkəti ilə birgə "Başak-İnam" Sığorta şirkəti də M.Musayevin təklifi ilə yaradılıb. Hazırda onun rəhbərlik etdiyi "Aqrarkredit" Səhmdar Kredit Təşkilatı, "Kənd Təsərrüfatının Kreditləşdirilməsi üzrə Beynəlxalq Konfederasiya" (CİCA), Azərbaycan Sahibkarlar Konfederasiyası, Kənd Təsərrüfatı Kreditləri üzrə Avrasiya Assosiasiyası (EURACA), Sakit Okean Ölkələrinin Kənd Təsərrüfatı Kreditləri üzrə
Beynəlxalq Təşkilat (APRAKA), Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mikro-Maliyyə Assosiasiyası, "Bakı Banklararası Valyuta Birjası", Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür.
 
M.Q.Musayev "Azər-Türk Bank" ASC-nin Müşahidə Şurasının sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.
 
M.Q.Musayev 1987-ci ildə "Dövlət Bankı əlaçısı" fəxri adına, 1998-ci ildə isə iqtisadi elmlər namizədi alimlik dərəcəsi adına layiq görülüb.
 
Maraqlıdır, bu qədər zəngin karyerası olan M.Musayev niyə avtoreferantında belə səhvlər buraxıb?
 
Məsələ ilə bağlı onunla danışmaq cəhdlərimiz mümkün olmadı. M.Musayevi dinləməyə hazırıq.
 
(Mənbə: Reyting.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook