Azərbaycan Prezidentinin diplomatik qələbəsi
İyul 14
11:48
2020
Azərbaycan Respublikasının qlobal səviyyədə koronavirusla mübarizədə ən vacib tədbirlərindən biri Prezident İlham Əliyevin təşəbbüsü ilə Türkdilli dövlətlərin əməkdaşlıq şurasının Zirvə görüşünün keçirilməsi olmuşdur. Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr olunmuş onlayn zirvə görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatlarının rəhbərləri iştirak ediblər. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük təşkilatdır.
Dünyanın təhdid olunduğu bir reallıqda hər bir dövlət və lider öz əməlini ortaya qoyur. Bu gün sözün həqiqi mənasında Azərbaycan dövləti və onun lideri cənab İlham Əliyev bütün dünya üçün bir nümunədir.
Dünyada çoxları güman edirlər ki, ümumbəşəri bəlaya qarşı mübarizədə BMT TŞ-nin daimi üzvləri olan ABŞ, Rusiya, Böyük Britaniya və virusun ilk yayıldığı ölkə olan Çin ən böyük öhdəliyi üzərinə götürərək analoji təşəbbüslə çıxış edəcəklər. Lakin bu belə olmadı. Bu təşəbbüslə Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxış etdi. Azərbaycan Respublikası Prezidentinin digər təşəbbüsləri ilə yanaşı bu təşəbbüs də beynəlxalq aləmdə çox ciddi rezonansa səbəb oldu. Bu təşəbbüslə Azərbaycan Respublikasının Prezidenti bütün ölkələri həmrəyliyə, böyük məsuliyyət ortaya qoymağa çağırır. Çağırışın əsas qayəsi isə ondan ibarətdir ki, gəlin birləşək geosiyasi ambisiyanı kənara qoyub gözəgörünməz düşmənə qarşı birgə mübarizə aparaq.
Azərbaycan xalqı əminliklə gözləyir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə dünya dövlətlərinin bu təşəbbüsü dəstəkləməsi nəticəsində BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçiriləcək və bu sessiya çərçivəsində dövlətlərin təcili və təxirəsalınmadan bir araya gəlməsi, planeti bürüyən COVİD-19 bəlasından çıxış yollarının müzakirə edilməsi və həlli yollarının tapılması istiqamətində mühüm qərarlar qəbul ediləcəkdir.
BMT Təhlükəsizlik Şurasının Xüsusi Sessiyasının keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünü Rusiyanın BMT yanında daimi nümayəndəliyinin rəhbərliyi və Xarici İşlər Nazirliyinin sözçüsü də Rusiya tərəfinin Xüsusi Sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduqlarını bildirmişlər.
Əvəz Nəbizadə