SON XƏBƏR

Azərbaycan müxalifətinə Qurana and içmək təklif olundu

Avqust 23
09:29 2017
Müxalif düşərgə 2018-ci il seçkilərinə hansı formada qatılmaqla bağlı fikir ayrılığı yaşayır
 
2018-ci il Azərbaycanda prezident seçkilərinin keçirilməsi nəzərdə tutulub. Bu, Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan 8-ci rəsmi ümumilli seçki olacaq. Bəs ölkənin müxalifət partiyaları bu seçkilərə necə hazırlaşırlar? Onlar seçkilərdə bu dəfə də vahid namizədlə çıxış edəcəklərmi?
 
Suallara cavabı elə siyasi partiyaların funksionerlərindən aldıq. Öyrəndik ki, yay fəslində böyük durğunluq içərisində olan müxalifət partiyaları artıq hərəkətlənməyə başlayıblar.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev "Yeni Müsavat”a bildirdi ki, müxalifət seçkilərə birgə qatılmağın yollarını axtarmalıdır: "Çünki çox asan nəzəri hesablama göstərir ki, hakimiyyətin illər ərzində nəzarəti altına aldığı kadr, beynəlxalq güc daha üstündür. Bizim yeganə resursumuz bu hakimiyyətin idarəçilikdən uzaqlaşdırılmasını istəyən narazı elektoratdır. Bu baxımdan, müxalifət də narazı elektoratın birləşməsinə nail olmağın yollarını axtarmalıdır. Hesab edirəm ki, bu yolda illər ərzində olub keçmiş narazılıqları kənara qoymaq gərəkdir. Siyasi mühitə aid olmayan, şərti bir şəxsin namizədliyi ətrafında prinsiplər zəminində təşkilatlanmaq zəruri məsələdir. Bir beynəlxalq tədbirdə də təklif etmişdim ki, kiminsə satqınlıq etməməsi, üzərinə götürdüyü vədlərə əməl etməsi üçün çox asan yoldan istifadə etmək lazımdır. Rəsmi müqavilə və ya hansısa bir şərtlərlə, hətta Qurana əl basmaqla da müxalifət liderlərini ictimai qaydada ola biləcək satqınlıqdan çəkindirmək kimi prosedurları həyata keçirmək olar. Bu yolla müxalifət liderlərini bir araya gətirmək lazımdır. Bizim resurslarımız qeyri-bərabərdir. Dediklərimdən əlavə komissiyalar da hakimiyyətin nəzarətindədir və beynəlxalq güc də bu komandanın getməsini istəmir. Xalqa istinad edib, vəziyyəti dəyişə bilərik. Düşünürəm ki, bu, bizim yeganə şans variantımızdır. Partiya daxili məsələlərə gəlincə isə biz yeganə partiyayıq ki, ali qurumumuzda növbəti seçkilərə öz namizədimizi müəyyənləşdirmişik. Ali Məclisimizin toplantısında bunu etmişik və bu o deməkdir ki, qərarımız dəyişməzdir. Eyni zamanda qeyd etmişik ki, əgər müxalifətin uğur formatı ərsəyə gələrsə, o zaman qərarımıza yenidən baxmaq səlahiyyətini özümüzdə saxlayırıq. İstəyirik ki, müxalifət hakimiyyəti dəyişə bilsin. Əgər müxalifət təşkilatlana bilməsə, o zaman təbii ki, epizotik uğurlar uğrunda mübarizə aparmaq məcburiyyətində qalacağıq”.

AĞ Partiyanın sədri Tural Abbaslı söyləyib ki, hazırda partiyada ənənəvi işlərini davam etdirirlər: "2018-ci il prezident seçkiləri keçirilərsə, əsas hədəflərimizdən biri seçkilərə qatılmaq və iştirak üçün lazım olan işlərin görülməsidir. Seçkilər ərəfəsində böyük bir prosedur var. Bura istər namizədliyin qeydə alınması, istər imzaların toplanması, rəsmi sənədlərin hazırlanması və digərləri daxildir. Əgər qeydiyyata alınarsaq, bundan sonrakı dövrdə müvafiq addımlarımızı atacağıq. Məsələn, təbliğat, təşviqat materialları, cəmiyyətə ötürülməli olan mesajlar kimi hədəf və planlarımız var. Müzakirələr aparıb, bu istiqamətdə ilkin işləri görürük. 2018-ci ili seçki ili kimi dəyərləndirib, hazırlaşırıq. Fərq budur. Digər bütün işlərimiz də hər il olduğu kimi davam edir”.

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının sədri Samir Əsədli də bildirib ki, 2018-ci ilə hələ xeyli müddət qalıb. Ona görə də partiyanın tam olaraq fəaliyyət planı təsdiq edilməyib: "Biz bu ilin sonunda qurultay keçirəcəyik. Qurultayda növbəti 2018-ci il üçün fəaliyyət proqramı yəqin ki, açıqlanacaq. Təbii ki, 2018-ci ildə ölkə üçün əhəmiyyətli olan prezident seçkiləri keçiriləcək. Biz də partiya olaraq seçkilərlə bağlı öz mövqeyimizi ictimaiyyətə açıqlayacağıq”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu hesab edir ki, bu məsələ partiya daxilində hələ ki müzakirə edilmir: "Əlbəttə ki, siyasi partiyaların birlikdə mövqeyi daha üstündür. Mən özüm AXC üzvü olmuşam, hərəkatçıyam. Hesab edirəm ki, vahid namizədlə seçkini uğurla başa çatdırmaq mümkündür. Ancaq indiki vəziyyətə bu, real görünmür. Çünki bu barədə heç müzakirələr də aparılmır. Düşünürəm ki, birlik şəklində sərgilənən vahid mövqe hər bir haldan üstündür”.

Ümid Partiyasının sədr müavini Tamilla Qulami "Yeni Müsavat”a bildirdi ki, seçkilərlə bağlı hələ ki konkret qərarları yoxdur: "Hazırda partiya olaraq bizim əsas işimiz təşkilatlanmaqdan ibarətdir. Rayon təşkilatlarımız hal-hazırda konfranslar keçirirlər. Eyni zamanda artıq yay tətilində olan gənclərimiz də istirahətdən qayıdıblar və partiyada seçkilərə hazırlıq gedir. Gənclərimiz var ki, onlar parlament seçkilərinə belə hazırlaşırlar. 2018-ci ildə prezident seçkilərinin keçirilməməsi ilə bağlı də şayiələr gəzməkdədir. Partiyada hər həftə sonu müavinlərin də iştirakı ilə dəyirmi masalar keçirilir. Eyni zamanda növbəti həftələrdə nəzərdə tutulan fəaliyyət planı ilə bağlı da müzakirələr aparırıq. Seçkilər ərəfəsində qurultayımız keçiriləcək və namizədimiz İqbal Ağazadə olacaq. Həmçinin 2017-2018-ci il üçün yol xəritəsi planımız da hazırlanır. Konfranslar, regional müşavirələrimiz başa çatdıqdan sonra bununla bağlı tam qərar veriləcək”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook