SON XƏBƏR

Azərbaycan iqtisadiyyatı təlatümlərə hazırdır (TƏHLİL)

Mart 13
12:03 2020
Koronavirusun dünya iqtisadi əlaqələrini sarsıtması fonunda OPEK+ ölkələrinin hasilatın azaldılması barədə razılığa gələ bilməməsi neft bazarında qiymətlərin kəskin enməsi ilə nəticələndi. Qiymətlər 32-33 dollara qədər endikdən sonra bir neçə gün ərzində 37-38 dollara yüksəlsə də, Ümumdünya Səhiyyə Təşkilatının koronavirusun pandemiya səviyyəsinə çatdığını elan etməsi neft bazarında yenidən 6 faizə yaxın enişə səbəb oldu. 

Bu şəraitdə iqtisadiyyatı xeyli dərəcədə neftə bağlı olan bütün ölkələrdə, o cümlədən Azərbaycanda təşviş yaranmağa başladı. Əhali dərhal kütləvi şəkildə əlində olan manatı dollara çevirmə üçün banklara üz tutdu. Yaranmış vəziyyəti müzakirə etmək üçün Nazirlər Kabinetində Azərbaycan hökumətinin martın 10 və 11-də iki iclası keçirildi. Bu iclaslarda dünya bazarında xam neftin qiymətinin aşağı düşməsinin iqtisadiyyata təsirləri operativ qaydada müzakirə olundu. 

Müşavirələrdə vurğulandığı kimi, bu gün ölkəmizin iqtisadiyyatı görülmüş tədbirlər nəticəsində 2014-cü ildən başlanan qlobal maliyyə-iqtisadi böhranı dövründən daha dayanıqlıdır. Dünyada baş verən mənfi iqtisadi meyillərə baxmayaraq, iqtisadiyyat inkişaf edir, ölkənin maliyyə imkanları genişlənir. Baş Nazir Əli Əsədov müşavirədə qeyd edib ki, cari ildə də ölkədə müsbət inkişaf dinamikası davam edir. Belə ki, 2020-ci ilin yanvar-fevral aylarında ümumi daxili məhsul 2,8 faiz, qeyri-neft ümumi daxili məhsulu isə 6,7 faiz artıb. İnflyasiya 2,8 faiz təşkil edir.

Mərkəzi Bankın sədri Elman Rüstəmov Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirərək, bu gün ölkəmizin belə çağırışlara tam hazır olduğunu vurğulayıb: 

"Bizim böhran idarəetmə ilə bağlı kifayət qədər təcrübəmiz var. Digər tərəfdən, neftin qiymətinin yuxarı olduğu dövrlərdə strateji valyuta ehtiyatlarımız artırılıb. Bu gün təxminən 10 milyard dollar artım var. Bu, bizə belə situasiyalara təsir etmək üçün vasitələrə və alətlərə malik olmaq imkanı verir. Bu hadisələrdə şok xaricdən gəlir. Yəni Azərbaycanda gedən iqtisadi, sosial və siyasi proseslərdən qaynaqlanmır. Digər tərəfdən, dünya bazarında neftin qiymətinin qısa müddətdə kəskin aşağı düşməsi ölkəmizin nə ticarət, nə də tədiyə balanslarına əhəmiyyətli təsir etməyib”.

Baş Nazirin "Xarici valyuta satışı ilə bağlı hər hansı məhdudiyyətlər tətbiq olunurmu” və "Mənfi təsirləri neytrallaşdırmaq üçün hansı imkanlar var” suallarına cavab verən Elman Rüstəmov qeyd edib ki, bu cür hallarda valyuta hərraclarında, bazarda valyutaya ehtiyac artır: 

"Bu tələbatı ödəmək üçün Mərkəzi Bank martın 10-da hərrac keçirib. Bu gün isə növbədənkənar hərrac keçirildi. Hər iki hərracda bazarın bütün tələbatını tam şəkildə ödədik. Həmçinin ölkəyə əvvəlcədən kifayət qədər nağd valyuta gətirilib və bankların nağd və qeyri-nağd valyutaya olan bütün tələbatları tam ödənilib. Eyni zamanda tətbiq olunan bank rejimində də heç bir dəyişiklik edilməyib. Bankdaxili konvertasiya və ya bankların imkanları daxilində fiziki və hüquqi şəxslərin depozitlərinin konvertasiyası üçün heç bir məhdudiyyət yoxdur”. 

Azərbaycanın böhrandan minimum itkilərlə çıxmasına əminlik yaradan daha bir fakt ölkənin strateji valyuta ehtiyatlarının yüksək həcmidir. Belə ki, Azərbaycan nadir ölkələrdən biridir ki, strateji valyuta ehtiyatları Ümumi Daxili Məhsulundan yüksək həcmdədir. 52 milyard dollar təşkil edən valyuta ehtiyatlarımız ölkəmizin ÜDM-ni 8 faizədək üstələyir. Bu o deməkdir ki, iqtisadiyyatımızın istənilən xarici şoklara qarşı güclü maliyyə immuniteti və təhlükəsizlik "yastığı” mövcuddur.

Bu şəraitdə ölkənin xarici dövlət borcunun məbləğinin dünya üzrə orta götəricidən xeyli aşağı – ÜDM-in cəmi 17 faizinə bərabər olması lazım gələrsə, beynəlxalq maliyyə təşkilatlarının kreditlərindən yararlanmaq üçün əlverişli imkan yaradır. 

Ən əsası isə hazırda strateji valyuta ehtiyatlarının həcmi xarici dövlət borcunun həcmini altı dəfə üstələyir. Ehtiyatların həcmi üçillik mal və xidmətlərin fasiləsiz maliyyələşdirilməsi üçün yetərlidir. Yəni strateji valyuta ehtiyatları dövriyyədə olan bütün manat kütləsinin həcmindən 5 dəfə, nağd manat kütləsinin həcmindən isə 9 dəfə çoxdur. Bu da valyuta bazarının tarazlığının təmin olunması və makroiqtisadi sabitliyin qorunmasının fundamental şərtidir.

2014-2015-ci illərdə baş vermiş böhrandan sonra Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən ardıcıl işlər, həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının dayanıqlığını xeyli arıtırıb. Təsadüfi deyil ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ilin əvvəlində də öz dayanıqlılığını saxlayır. Cari ilin ötən iki ayında ümumi daxili məhsulun artım tempi 2,8 faiz olub. Həmçinin qeyri-neft sektorunda ümumi daxili məhsulun artım tempi 6,7 faiz olub. Qeyri-neft sənayesində istehsalın artımı 21,7 faizə yüksəlib, eyni zamanda, qeyri-neft sektorunda investisiya qoyuluşlarının artım tempi 21 faizə çatıb. Bundan əlavə, əhalinin pul gəlirlərinin nominal artım tempi 5,1 faizdən 8,9 faizə yüksəlib.

Qeyri-neft sektorunun inkişafı nəticəsində bu sektordan əldə olunan vergi daxilolmalarında da ciddi artım qeydə alınıb. Yanvar-fevral aylarında vergi daxilolmaları üzrə proqnoz 114,2 faiz icra olunub. Bu zaman qeyri-neft sektoru üzrə proqnoza 115,9 faiz əməl edilib. Nəticədə, büdcəyə proqnozdan əlavə 180 milyon manatdan çox vəsait daxil olub. Vergi daxilolmaları ötən ilin iki ayı ilə müqayisədə 24,5 faiz, o cümlədən  qeyri-neft sektorunda 24,8 faiz artıb. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 3 milyard 613,2 milyon manat, xərcləri isə 3 milyard 330,2 milyon manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 2,3 faiz az və 12,1 faiz çoxdur.
İki ayın yekununa görə büdcədə 283 milyon manat profisit yaranıb. 

Maliyyə naziri Samir Şərifovun verdiyi məlumata görə, Prezidentin tapşırığına uyğun olaraq, xərclərin optimallaşdırılması ilə bağlı işlər davam etdirilir: "Həmçinin koronavirus epidemiyası ilə bağlı dünyada və ölkəmizdə müəyyən beynəlxalq tədbirlərin, bəzi ezamiyyələrin təxirə salınması gözlənilir. Bu qənaətlərdən də səmərəli istifadə olunacaq. Dövlət büdcəsinin icrası ilə bağlı kifayət qədər resurslar var”.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sözlərinə görə, Azərbaycan hökuməti dövlət büdcəsi ilə bağlı bütün riskləri idarə etmək qabiliyyətindədir: "Biz həm 2019-cu, həm də 2020-ci ilin dövlət büdcəsi layihələrinə rəy verərkən büdcənin dayanıqlığı ilə bağlı bütün mümkün riskləri həmin rəylərdə göstərmişik. Bu risklər daima var. Əsas məsələ hökumətin onları səmərəli idarə etməsi, qabaqlayıcı tədbirlər görməsidir. Hesab edirəm ki, hökumət buna hazırdır. Ümumiyyətlə isə neft qiymətlərinin uzun müddət aşağı qalacağını düşünmürük”. 

Ölkədə makroiqtisadi sabitlik tam qorunur. İki ayda cəmi 2,8 faizlik inflyasiya qeydə alınıb. Əminliklə söyləmək olar ki, hazırda Azərbaycanın valyuta bazarında sabitliyin və manatın məzənnəsinin qorunması məqsədilə zəruri tədbirlər görülməsi üçün bütün imkanlar var. Hökumət rəsmilərinin açıqlamalarından da aydın olur ki, həm monetar, həm də iqtisadi siyasətin digər istiqamətləri üzrə nəzərdə tutulan tədbirlər inflyasiyanın hədəflənən səviyyədə saxlanılmasını təmin edəcək. Eyni zamanda, dövlət büdcəsinin maliyyə dayanıqlığının daha da gücləndirilməsi üçün əlavə tədbirlər görüləcək, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi üzərində ciddi nəzarət davam etdiriləcək.

Hökumət bəyan edir ki, qanunvericiliyə uyğun olaraq, nağd pul sferasına nəzarət daha gücləndiriləcək, istehlak bazarında qiymətlərin əsassız qaldırılması və süni şəkildə qıtlığın yaradılması cəhdlərinin qarşısı qətiyyətlə alınacaq. Eyni zamanda haqsız rəqabətə qarşı mübarizə tədbirləri və vergi intizamı gücləndiriləcək.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində iqtisadiyyatın yaranmış böhrandan az itkilərlə çıxması yollarını əks etdirən planlar açıqlanır. E.Rüstəmovun mətbuata verdiyi açıqlamadan aydın olur ki, Azərbaycan hökumətinin də  "B” planı var: "Hökumətin və Azərbaycan Mərkəzi Bankının (AMB) "B" planı var və bu plan məhz neftin bu qiyməti (30-35 ABŞ dolları) üçün əvvəldən hazırlanmışdı. Hazırda hökumət bu plana əsasən fəaliyyət göstərir. Biz problemi tez bir zamanda həll etmək əzmindəyik. Əhalini sakitliyə çağırıram. Hökumətin, bizim gördüyümüz tədbirlərdən görünür ki, tələbat tam şəkildə təmkinlə qarşılanır. İnsanlara çağırışımız odur ki, öz hərəkətləri ilə bizə kömək olsunlar ki, problemin daha tez həllinə nail olaq”. 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı isə dünən qlobal şokların Azərbaycana olan təsirlərinin azaldılması üçün hökumətin fəaliyyət planı barədə açıqlama verib. Açıqlamada neft bazarında qiymətlərin "çökməsi” və koronavirusun təsirindən yaranmış qlobal böhranın Azərbaycana olan təsirlərini azaltmaq üçün Prezident İlham Əliyevin tapşırığı əsasında Azərbaycan hökumətinin əsas siyasət istiqamətlərinin müəyyənləşdirildiyi bildirilir: 

"Bu mənada hökumətin tədbirlərini iki qrupda təsnifləşdirmək olar. Birincisi, koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması, ikincisi isə qlobal iqtisadi böhranın Azərbaycana təsirlərinin azaldılmasıdır. İlk növbədə Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycan vətəndaşlarının sağlamlığının qorunması üçün fəaliyyət göstərir. Nazirlər Kabineti bunun üçün Tədbirlər Planı təsdiq edib, koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün fəaliyyət göstərilir”.

Mərkəz rəhbərinin sözlərinə görə, iqtisadi tədbirlərin başında isə valyuta bazarında tələb-təklifin tənzimlənməsi, manatın sabitliyinin qorunması, inflyasiyanın nəzarətdə saxlanılması və bazarlarda spekulyasiyalara yol verilməməsidir: "Əmanətlərin tam sığortalanması məsələsi də yaxın günlərdə həllini tapacaq. Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərraclarında bu həftə ərzində bazarın tələbini tam ödəyəcək məbləğdə valyuta satılıb. Manatın sabitliyinin qorunması 2019-cu ildə həyata keçirilən inqilabi sosial islahatların nəticələrinin daha da möhkəmləndirilməsi üçün zəmindir. Azərbaycan hökuməti tərəfindən dövlət büdcəsinin icrasının tam həyata keçirilməsi, xərclərin optimallaşdırılması və səmərəli istifadəsi istiqamətində tapşırıqlar müəyyənləşdirilib. 

Xüsusilə sosial proqramların tam icrası nəzarətə götürülüb. Ünvanlı sosial yardım, ictimai işlər, özünüməşğulluq, kirayə mənzil, icbari tibbi sığorta, sosial ipoteka kimi sosial layihələr tam icra ediləcək. Bu il dövlət büdcəsinin sosialyönlü xərcləri 10,4 milyard manat proqnozlaşdırılır ki, bu da ötən illə müqayisədə 2,6 milyard manat və ya 33,5 faiz çoxdur”. 

V.Qasımlı bildirir ki, özəl sektor da mövcud iş yerlərinin saxlanılması və yeni iş yerlərinin açılmasında fəal olmalıdır: "Cənab Prezidentin tapşırığına uyğun olaraq kiçik və orta sahibkarlığın daha geniş miqyasda dəstəklənməsi və ölkədə sərmayə qoyuluşunun artırılması istiqamətindəki tədbirlər xüsusi olaraq iqtisadi artımın dayanıqlılığının təmin edilməsinə hesablanıb. Bu ilin ilk iki ayında əsas kapitala yönəldilən vəsaitlər 12,7 faiz artıb və hökumət bu tempin saxlanılmasına çalışacaq. Hökumətin tədbirləri sırasına qlobal böhranın təsirindən daha çox ziyan çəkmiş sahələrin dəstəklənməsi də daxildir. 

Xüsusən, neftdən sonra ölkəyə ən çox gəlir gətirən turizm sektorunun dəstəklənməsi gündəlikdədir. İqtisadiyyat üçün sistem əhəmiyyətli müəssisələrin dayanıqlılığı təmin olunacaq. Neftin qiymətlərinin tədiyə balansına təsirlərinin proqnoz ssenariləri hazırlanıb ki, bu sahədə görülən tədbirlər tədiyə balansının tarazlığının qorunmasını təmin edəcəkdir. Hökumətin antiböhran tədbirlərinin səmərəliliyinin artırılması üçün özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq qurumlarla əməkdaşlıq da gündəmdədir”.

Mənbə: Qaynarinfo



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook