SON XƏBƏR

Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin 25 illiyinə həsr edilən festival keçirilib

Sentyabr 19
00:34 2017
Sentyabrın 18-də Qəbələ şəhər Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş mədəniyyət tədbiri və konsert olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Koreya Respublikasının ölkəmizdəki səfirliyinin və "Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin (SEBA) birgə təşkil etdiyi "Ariranq”- "Azərbaycanın qəlbini coşdur” adlı mədəniyyət festivalında Koreyanın milli musiqi ifaları, rəqsləri, geyimləri, idman hərəkətləri, ritm və hərəkət jestləri nümayiş olunub. İyirimi beş illik dostluğa həsr edilən festivalda ilk öncə Azərbaycan Respublikasının fövqəladə hallar naziri, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov, Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-gyu, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Dünya Taekvondo Federasiyası Akademiyasının baş direktoru Honq İl Hva çıxış edib.

Natiqlər bildirib ki, Koreya Respublikası və Azərbaycan Respublikası ötən 25 il ərzində siyasi əməkdaşlıq tarixində böyük irəliləyiş əldə edib. İki ölkə siyasi, iqtisadi, mədəni və digər sahələrdə münasibətləri daim inkişaf etdirib. Siyasi sahədə əməkdaşlığın uğurlu inkişafının bariz nümunəsi olaraq ötən dövr ərzində ölkə rəhbərləri səviyyəsində üç rəsmi səfər və baş nazir səviyyəsində iki səfər baş tutub.

Nazir Kəmaləddin Heydərov Azərbaycanda taekvondo idman növünün inkişafından, əldə edilən uğurlardan danışıb, iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsi üçün bu cür mədəniyyət tədbirlərinin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib. Kəmaləddin Heydərov Koreyanın milli idman növü olan taekvondonun Azərbaycanda sevilən bir idman növü olduğunu, uşaq, yeniyetmə və gənclərn bu idmana böyük maraq göstərdiyini, onların beynəlxalq yarışlarda qələbə qazandıqlarını bildirib.

Səfir Kim Çanq-gyu bildirib ki, gələcəkdə, Koreya hökuməti iqtisadiyyatın inkişaf sahəsindəki təcrübə və texnologiyalarını bölüşərək Azərbaycanın iqtisadi inkişafına daha çox töhfə vermək niyyətindədir.

Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev çıxışında qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq, həyata keçirilən mübadilələr, ölkə başçılarının qarşılıqlı səfərləri və görüşləri bu əlaqələrin daha da möhkəmlənməsinə öz töhvəsini verib: "Ölkələr arasında yaradılan bu dostluq münasibətlərinin genişlənməsində artıq 12 ildir ki, fəaliyyət göstərən "Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin (SEBA) də böyük rolu var. SEBA-nın Koreya və Azərbaycan nümayəndələrinin birgə iştirakı ilə həyata keçirdiyi konsert proqramları, beynəlxalq incəsənət sərgiləri, elmi simpozium və konfranslar, arxeoloji tədqiqatlar, tibbi layihələr buna bariz nümunədir".

Dünya Taekvondo Federasiyası Akademiyasının baş direktoru Honq İl Hva çıxış edərək Azərbaycanda taekvondonun inkişafı ilə bağlı görülən işləri və qazanılan nailiyyətləri yüksək qiymətləndirib, ölkədə bu idman növünün təbliğinə və geniş yayılmasına yaxından köməklik göstərdiyinə görə Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova, eləcə də uğurlu fəaliyyətinə görə Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayeva təşəkkürnamə təqdim edib.

Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook