SON XƏBƏR

Azərbaycan həmişə olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olub

İyul 14
11:40 2017
Ötən il iyulun 15-də bütün dünya türk xalqının vətənini müdafiə etmək üçün necə fədakarlıq göstərdiyinin və bunun üçün canından keçdiyinin canlı şahidi oldu.
 
Türkiyədə həmin gün baş verən hadisələr heç vaxt unudulmayacaq. Həmin gecə türk xalqı dövlətinə və demokratiyaya sahib çıxmaqla dünyaya qüdrətini, əzəmətini və regionun ən güclü dövlətlərindən olduğunu bir daha göstərdi.
 
AZƏRTAC xəbər verir ki, bu fikirlər "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə ötən il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdlə bağlı keçirilən tədbirdə səslənib.
 
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral çıxış edərək bildirib ki, ötən il ölkəsində baş verən xain çevriliş cəhdi Türkiyəyə qarşı ən böyük xəyanətlərdən biridir. 15 iyul hadisələri zamanı günahsız insanlara qarşı silahlardan istifadə ediblər. Nəticədə 250 insan şəhid olub, 2000-dən çox insan isə yaralanıb. Bu hadisələr Türkiyə demokratiyası üçün böyük sınaq idi. Türk xalqı bu sınaqdan üzüağ çıxmağı bacardı. Türkiyədə partiya mənsubiyyətindən asılı olmayaraq, hamı demokratiya naminə birləşərək öz gələcəyinə sahib çıxıb.
 
Diplomat Azərbaycanın hər zaman olduğu kimi, 15 iyul hadisələri zamanı da Türkiyənin yanında olduğunu vurğulayıb və bu dəstəyə görə xalqımıza və Prezident İlham Əliyevə təşəkkür edib. Biz Azərbaycanla olan qardaşlığımızdan böyük qürur duyuruq deyən səfir diqqətə çatdırıb ki, Türkiyə dövləti və milləti bundan sonra daha güclü olacaq.
 
İctimai Birliyinin sədri, "Hərbi and” qəzetinin baş redaktoru Emin Həsənli deyib ki, türk xalqı həmin gün qətiyyətli mövqe ortaya qoyaraq, vaxtında həmin çevrilişin qarşısını aldı. Azərbaycan xalqı 1994-1995-ci illərdə ulu öndər Heydər Əliyevin çağırışı ilə çevrilişlərə yox dediyi kimi, türk xalqı da baş verən çevrilişə yox deyərək, Türkiyədə hakimiyyətin dəyişməsinin yolunu ancaq seçkilər olduğunu ortaya qoyub. Qardaş Türkiyənin güclənməsi və inkişafı Azərbaycanı da sevindirir. Biz Türkiyənin bütün uğurlarına sevinirik.
 
Tədbirdə Milli Məclisin deputatları Hikmət Məmmədov və Elman Nəsirov qanlı hadisənin siyasi aspektlərindən söz açaraq vurğulayıblar ki, 15 iyulda çevrilişə cəhd edənlər Türkiyənin inkişafını istəməyən qüvvələr idi. Lakin bu qüvvələr xalqın iradəsinə bələd deyildilər. Türk xalqı öz Prezidentinin ətrafında sıx birləşərək bu qüvvələrin öz niyyətlərinə çatmasına imkan vermədi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook