SON XƏBƏR

Azərbaycan gimnastı olimpiadaya lisenziya qazandı

Sentyabr 20
17:35 2019
Azərbaycan Tokio-2020 Yay Olimpiya Oyunlarına dördüncü lisenziyasını qazanıb.

Qlobal.az xəbər verir ki, buna Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatında Zöhra Ağamirova nail olub. O, çoxnövçülük üzrə fərdi yarışda fərqlənib.

Gürzlərlə 21,200, lentlə 17,000, halqa ilə 20,900, topla isə 19,525 xal topayan 18 yaşlı idmançı yekunda 78,725 xalla B qrupunda 4-cü yeri tutub. Ağamirova bununla da A qrupunun 12 gimnastı mübarizəyə başlamadan olimpiadaya lisenziya verən "16-lıq”da yerini təmin edib.

Sentyabrın 16-da start götürən dünya çempionatına ayın 22-də yekun vurulacaq. Sayca 37-ci mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Olimpiadaya 98 vəsiqədən 41-i məhz Milli Gimnastika Arenasında sahibini tapacaq. Çoxnövçülükdə eyni ölkədən ikidən artıq olmamaqla ilk 16 yeri tutacaq gimnastlar lisenziya qazanır. Qrup hərəkətlərində isə ilk "beşlik” olimpiadaya vəsiqə əldə edəcək. Ötənilki dünya çempionatında mükafat qazanan Rusiya, İtaliya və Bolqarıstan artıq Tokio-2020-yə düşdüyündən 6-8-ci yerlər də Oyunlara lisenziya şansı əldə edə biləcəklər.

Qeyd edək ki, bunadək qadın güləşçi Mariya Stadnik, atletikanın çəkicatma növündə Anna Skidan və üzgüçü Maksim Şemberev Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıblar. Həmçinin paraüzgüçü Roman Saleh və parapauerliftinqçi Elşən Hüseynov Yay Paralimpiya Oyunlarına lisenziya əldə edib.

XXXII Yay Olimpiya Oyunları 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək. XVI Yay Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-a qədər baş tutacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook