SON XƏBƏR

Azərbaycan beynəlxalq reytinqlərdə mövqeyini gücləndirir (RƏYLƏR)

Oktyabr 17
10:20 2019
"Azərbaycanın Dünya Bankının "Doing Business 2020” hesabatında ən islahatçı 20 ölkə sırasına daxil edilməsi, Dünya İqtisadi Forumunun nəşr etdiyi "Qlobal Rəqabətlilik İndeksi”ndə 11 pillə irəliləyərək 58-ci mövqedə qərarlaşması ölkə prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların, o cümlədən institusional islahatların nəticəsidir".

Bunu "Report”a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı-ekspert Elşad Məmmədov deyib

Onun sözlərinə görə, son illər Azərbaycanda biznesin investisiya resurslarına çıxış imkanları, eləcə də icazə və lisenziya alması imkanları əhəmiyyətli dərəcədə artıb: "Bu institusional islahatlar həmin reytinqlərdə öz əksini tapır. Söhbət dövlət sektoruna aid yeni institutların yaradılması, o cümlədən publik hüquqi şəxslərin yaradılmasından, bütövlükdə biznesin icazəli fəaliyyət növləri ilə məşğul olması ilə bağlı aidiyyatı qurumlara çıxışının yüngülləşdirilməsindən gedir”.

"Bütün bu göstəricilər bütövlükdə Azərbaycan iqtisadiyyatının dayanıqlığına xidmət edir"

Bundan başqa, E.Məmmədov qeyd edib ki, ünvanlı şəkildə iqtisadiyyatın müxtəlif ölkə miqyasında strateji olan seqmentlərinə, o cümlədən kənd təsərrüfatına, qeyri-neft sektoruna aid sənaye seqmentinə ünvanlı yardımların edilməsi, vergi siyasəti ilə bağlı olan yumşalmalar, kreditləşmədə aidiyyatı istiqamətlər üzrə güzəştlər də müvafiq hesabatlarda öz əksini tapır: "Bütün bu göstəricilər bütövlükdə Azərbaycan iqtisadiyyatının dayanıqlığına xidmət edir. Eyni zamanda, Birinci vitse-prezident tərəfindən və onun rəhbərliyi ilə sosial seqmentə aid həyata keçirilən islahatlar daxili bazarların genişlənməsinə, alıcılıq qabiliyyətinin və bütövlükdə ödəmə qabiliyyətli tələbatın artımına xidmət edir ki, bu da daxili bazarların genişlənməsi vasitəsilə ölkədə işgüzar fəallığın artırılmasına xidmət edir. Son nəticədə müxtəlif hesabatlarda biz bunun dinamikasının şahidi oluruq”.

Milli Məclisin üzvü Tahir Mirkişili isə "Report"a açıqlamasında bildirib ki, Azərbaycandakl islahatların "Doing Bisnes”də öz əksini tapması təqdirəlayiq haldır: "Ən çox islahat aparan 20 ölkədən biri elan edilməyimiz o deməkdir ki, ölkədə aparılan islahatlar nəinki biznes mühitini yaxşılaşdırır, həmçinin beynəlxalq təşkilatlar uğurlarımızı qiymətləndirir. Azərbaycana xarici investor cəlb etmək baxımından "Doing Biznes” hesabatının çox böyük rolu var. Ölkəmizin apardığı islahatlara görə öndə olması xarici investorların diqqətini cəlb edir. Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin güclənməsi ölkə iqtisadiyyatın artımı ilə üst-üstə düşür. Bu ilin 9 ayı ərzində Azərbaycanda ümumi daxili məhsul 2,5%, o cümlədən qeyri-neft sektoru üzrə 3,5% artıb. 

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanın "Qlobal Rəqabətlilik İndeksi”ndə irəliləməsi də böyük nailiyyətdir: "Həmin indeksin əsas indikatorları iqtisadi idarəetmə ilə yanaşı, ölkədə dövlət orqanlarının fəaliyyəti, nə dərəcədə effektiv işləməsi, insanlarla dövlət orqanları arasında münasibətlərin hansı səviyyədə olması, ölkənin makroiqtisadi vəziyyətidir. 100-dən göstərici nəzərə alınır. 

"Hesabatlarda yüksək yer tutmaq xarici investisiyanın Azərbaycana uzunmüddətli gəlməsinə yol açır"
 
141 ölkəni əhatə edən "Qlobal Rəqabətlilik İndeksi”ndə Azərbaycandan sürətli irəliləyən olmayıb. Orta irəliləmə sürəti 4-5 pillə olduğu halda Azərbaycan bu hesabatda 11 pillə irəliləyib. Bu da ölkədə aparılan islahatların kifayət qədər əhatəli olması ilə bağlıdır. Bir çox göstəcilər üzrə Azərbaycan dünyada TOP 20-nin göstəricilərinə layiq görülüb. Bütövlükdə "Qlobal Rəqabətlilik İndeksi”ndə irəliləyən göstəricilərə baxsaq bunlar həm iqtisadi məhsullar üzrə, həm təhsil məsələləri üzrə, həm də dövlət idarəetməsi üzrə olub. 

"Qlobal Rəqabətlilik İndeksi” dünyada ölkələrin böhranlara dözümünü və digər ölkələrlə rəqabətlilikdə hansı çağırışlara cavab verə bilməsini göstərən mühüm göstəricidir. Bu, ölkə iqtisadiyyatının sabitliyini, gələcəyə baxışını, tətbiq edilə biləcək yenilikləri, eyni zamanda inkişaf istiqamətlərini göstərir. Bu indeksdə yüksək yer tutmaq xarici investisiyanın Azərbaycana uzunmüddətli gəlməsinə yol açır, ölkə iqtisadiyyatının gələcək təhlükələrə qarşı davamlılığını artırır". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook