SON XƏBƏR

Azərbaycan, azərbaycançılıq və Borçalı türklüyü...

Yanvar 17
00:58 2019
Zəlimxan Məmmədli 
 
Tarixə baxış
 
Oğuz türkləri tarixən özlərində döyüş ruhu və ruhani dünyalarının harmoniyasını saxlamağı bacarıblar. Oğuzların Türk dövlətçilik tarixində əvəzsiz xudmətləri də danılmazdır. Tarixən Osmanlı və Səfəvi imperatorluqları dünyanın əhəmiyyətli bir hissəsini nəzarətə almışdı. Hər iki imperiya böyük arealda izlər qoysa da dağıldı. Yerində Türkiyə Cümhuriyyəti və paralanmış Azərbaycan qaldı. 
 
Tarixi öyrənməyi vacib sayıram. Amma bundan şüarçı, spekulyativ bəhrələnmə cəhdlərinin əleyhinəyəm. Dünya dəyişdikcə biz də dəyişirik. Bölündük, daha doğrusu bir sıra səbəblərdən böldülər. Türk milli kimliyini həzm edə bilməyən çevrələr bölüb tabe etdirmək, əski mübarizə və mərhəmət ruhunu bir-birindən təcrid etməklə bizi tariximizə və özümüzə yadlaşdırmaq yolunu tutdular. 
 
Qafqazdan Orta Şərqə qədər böyük coğrafiyada tarixi torpaqlarında yaşayan Oğuz türkləri bütün basqılara baxmayaraq yenə də vardırlar və gələcəyə iddialıdırlar. Yad ideoloji əsarətdə yaşamağa məhkum edilmiş Azərbaycan türkü ümumtoplum ideallarını yaşatmaqdadır. Fars şovinizmi millətimizə din adı, rus imperiya maşını isə kommunizm və ateizm adı altında "parşçala hökm et” siyasətini yürütdülər. Zəngəzuru, İrəvan xanlığını, Göycəni , Dərbəndi əlimizdən aldılar.Güneydə 30 milyonumuz ağır şərtlər altında yaşamaqda, mübarizə aparmaqdadır.
 
Azərbaycançılıq və təqib olunan türk kimliyi
 
Azərbaycan coğrafi, siyasi addır və dövlətimizin adıdır. Və gözəl, axıcı, ruhani addır. Rus tərəf bizi tatar, fars tərəf azəri, gürcü tərəf tatar deyə adlandırdılar. Daha sonra XIX əsrin sonuna yaxın yeni nəsil aydınlarımızın mübarizəsinin sonucu olaraq yenidən milli kimliyimiz bərpa olundu. ! Amma tatar kimliyi hələ də beyinlərə işləmiş formada qalmaqda idi. Milli M.Ə Rəsulzadə Azərbaycanı – ADR yenidən Türk milli kimliyinə və Türk dilinə rəsmi status qazandıra bildi. XX əsrin otuzuncu illərinin qırmızı terroru fonunda Stalinin yeni milli siyasət konsepsiyasında millətimizin yeni adı siyasi meydana daxil oldu – azərbaycanlı! Paradoksal haldır. Dövlətin adı millətin, daha doğrusu Türk millətinin adı ilə eyniləşdirildi! Özü də bu digər millətlərə deyil, məhz mənsub olduğumuz türk millətinə tətbiq olundu. Stalin öldü, Stalinizm çökdü, amma görünən odur ki, deyəsən onun varisləri Azərbaycanda yaşayır. Kimdir bunu yaşadan? Bunun üzərində düşünməkdə fayda var.
 
Bu gün müstəqil Şimali Azərbaycanımız olsa da, ən çox təqib etdirilən Türk milli kimliyi, Türk dilidir. Bunun altını cızaraq yazıram. 1992-ci il milli Elçibəy hakimiyyəti Türk dilini mühasirədən azad etmək, onu layiq olduğu məqama, dövlət dili məqamına çatdırdı. Düşmənlər hücuma keçdi. Milli hakimiyyət 1993-cü ildə hərbi-siyasi qiyamla devrildi. 1995-ci il referendumunda Azərbaycan dövlətçilik tarixində analoqu olmayan hadisə baş verdi. Türk dili yüksək məqamdan endirildi, onun yerinə mücərrəd Azərbaycan dili dövlət dili kimi yerləşdirildi. Düşmənlər türk milli kimliyindən, oğuz ruhunun dirçəlməsindən çox qorxur. Öz əlimizlə özümüzə, dilimizə, milli türk kimliyimizə qəbir qazdırırlar. Dilimizi – müqəddəs Türk dilini rəsmi ana yasada yasaqladıq, yasaqlatdırdılar... Türk kimiliyi təqib olundu.
 
Azərbaycançılıq bütövləşdirir
 
Azərbaycançılıq - dinindən, dilindən, milliyətindən, irqindən asılı olmayaraq hər bir vətəndaşın və soydaşın dövlətçiliyə, ümumdövlət dəyərlərinə, ideallara bağlılığını taraz saxlamaq və stimullaşdırmaq üçün əvəzssiz bir atributdur. Yəni hər bir türk, ləzgi, rus, talış və s. milli kimliyi olan vətəndaş öz dəyərlərini qorumaqla Azərbaycançılıq çətiri altında ümumdövlət dəyərlərinin qoruyucusuna çevrilir və bu anda bütövləşirik. Mən türkəm, həm də şərəfli bir azərbaycanlıyam!
Eyni məzmunlu tələb ixtiyari milli dövlətə aid edilə bilər. Məs, Dərbənddə yaşayan türk Rusiya vətəndaşıdırsa, o, rusiyalıdır, və ya Gürcüstanda yaşayan Gürcüstan vətəndaşı olan türk eyni zamanda gürcüstanlıdır, o dövlət və onun dəyərləri üçün mübarizə aparmaq onun borcudur. Gürcüstan vətəndaşı olan türk azərbaycanlı ola bilməz, o, gürcüstanlıdır. Onun Azərbaycanla bağlılığı milli kimliyi, inanc sistemi ilə müəyyənləşir. Biz Gürcüstan vətəndaşı olan türkə azərbaycanlı deməklə, həm də onun yaşadığı dövlətə etinasızlığını nümayiş etdirmiş oluruq. O, türkdür, gürcüstanlıdır, mənəvi tellərlə Azərbaycançıdır və türk dünyası ilə bütövdür. Gürcüstan azərbaycanlıları ifadəsi absurddur və belə milli kimlik yoxdur. Bu ifadə bizi Gürcüstan dövlətçiliyinin bütövlüyünə olan etimadı və bu dövlətlə qarşılıqlı inteqrasiya prosesini əngəlləyir. Düşüncəmə görə həm də, milli maraqlarımızı təhdid edir.
Borçalı türklüyü gerçəkliyi
 
Borçalı adı, yaxın tarixə qədər Gürcüstanın rəsmi sənədlərində öz yeri olan coğrafi ifadə idi. Borçalı sultanlığı, Borçalı qəzası bu gün də təsdiqinə ehtiyac olmayan tarixdir. Türk milli toponimləri türk fobiyası prosesində az zərər görməmişdir. Türk mənşəli toponimlər, aykonimlər, hidronimlər zaman-zaman Stalin siyasətinin qurbanına çevrilmişdir. Bu gün hər hansı formada Borçalı termininin siyasi mahiyyət daşımasını iddia edən yoxdur. Amma Borçalı termini Gürcüstanda məskunlaşmış türklərin, Borçalı türklərinin layiqli tarixidir və o tarixə sahib çıxmaq da toplumun özəl haqqıdır. Kimsə Borçalı sözünü yasaqlaya bilməz. Bunu alim də, uşaq da, çoban da, aşıq da, 7-dən 77-yə hamı işlədir. Bu onların doğal haqqı, hüququdur. Bu toplum öz tarixi yaddaşını qorumaq istəyir. Tarixinin yaxşı nəyi varsa, yaşatmaq istəyir. Bəzi gürcü mərkəzlər Borçalı ifadəsinə çox qızğındırlar, onu yasaqlamaq eşqinə düşürlər, hətta türk milli kimliyimizi ifadə etməyimizdən əndişələnirlər. Yanlışdır. Və xatalıdır...
 
Gürcüstanda məskunlaşmış, xüsusilə tarixi Borçalı-indiki Kvemo Kartli və ətraf zonalarda məskunlaşmış soydaşlarımız təmiz türkdürlər, Azərbaycan türkləridirlər. Coğrafi adla həmin ərazidə məskunlaşmış əksəriyyət olan milli kimliyin adının qoşa çəkilməsini çox təbii və qanunauyğun hesab edirəm - Borçalı türkləri! Burada kiminsə, xüsusilə Gürcüstanın mənafeyinə toxunan nəsə axtarmaq və ya ondan mücərrəd siyasət düzəltməyə cəhd əsassızdır və obyektiv yanaşma deyildir. Gürcüstanda məskunlaşmış, bu gün azərbaycanlı milləti adlanan soydaşlarımız öz gerçək kimliklərini cəsarətlə, uca səslə "mən türkəm, biz "Borçalı türkləriyik” deyərək öyünməlidirlər. Gürcüstanda başlanmış qarşılıqlı ictimai-siyasi inteqrasiyanın da bu ədalətə alqış deyəcəyinə şübhə etmirəm. Hələ bizi gerçək mahiyyətdə nə Gürcüstan, nə Azərbaycan, nə də Türk dünyası olduğu kimi tanımır. Tanımalarına çox böyük ehtiyac var. Bu Dərbənd türklüyünə, İrəvan türklüyünə də şamil olunmalıdır. Rədd olsun stalinizm! Rədd olsun şovinizm! Rədd olsun separatizm! Yaşasın dostluq, barış və sülh!
 
İnanıram ki, Azərbaycanda hüquqi islahatların sonucu olaraq milli kimiliyimizi görünməz etməyə hesablanan Konstitusiyadakı maddə dəyişiləcək, türk milli kimliyi öz layiq olduğu yerində bərqərar olacaqdır.
 
QEYD: Yazı müəllifin feysbuk səhifəsindən əldə edilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook