Azay Quliyev Şurada aprel şəhidlərinin ailə üzvləri ilə görüş keçirib
Mart 17
22:09
2017
Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasında aprel döyüşlərində şəhid olan hərbiçilərimizin Bakı və Sumqayıt
şəhərlərində yaşayan ailə üzvləri ilə görüş keçirilib.
Qlobal.az-a Şuranın mətbuat xidmətindən verilən məlumata görə, toplantıda çıxış edən Şura sədri,
deputat Azay Quliyev ölkə prezidenti cənab İlham Əliyevin aprel şəhidlərinin
şücaətini yüksək qiymətləndirdiyini və onu tarixi qəhrəmanlıq adlandırdığını
deyib. Bu günki görüşün cənab prezidentin aprel şəhidlərinin əziz xatirələrinin
və ailələrinin daim yüksək diqqətdə saxlanılması ilə bağlı tapşırığının Şura
olaraq icrası məqsədi ilə keçirildiyini vurğulayıb. Azay Quliyev Ermənistanla
atəşkəsin elan olunduğu 23 il ərzində ilk dəfə olaraq işğal altında olan
torpaqlarımızın bir qisminin məhz Ali Baş Komandanın əmrlərini böyük
qəhrəmanlıqla icra edən ordumuzun, xüsusi ilə aprel şəhidlərinin şücaəti
sayəsində düşməndən azad olunduğunu bildirib: "Sizin övladlarınız aprel
döyüşlərinin qəhrəmanlarıdır. Bu qəhrəmanlar və həmin həlledici günlərdə ayağa
qalxaraq ordusu ilə birgə olduğunu göstərən, cəbhəyə axışan xalqımız dünyaya
göstərdi ki, biz torpaqlarımızı düşmən işğalından azad etməyə qadirik. Müəyyən
dairələrin Azərbaycana qarşı istifadə
etməyə çalışdığı "uduzmuş tərəf” sindromunu da məhz aprel döyüşlərinin
qəhrəmanları aradan qaldırdılar. Bu gün yalnız siz deyil, bütün xalqımız aprel
şəhidləri ilə qürur duyur.”.
Görüşdə çıxış edən Şura üzvü,
"Təxris Olunmuş Hərbiçilərin Gəncləri
Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli dövlətin şəhid
ailələrinə, o cümlədən aprel döyüşlərində şəhid olan hərbiçilərimizin
ailələrinə olan dövlət qayğısından, onların adlarının əbədiləşdirilməsi üçün
atılan addımlardan danışıb və Şuranın bu istiqamətdə gördüyü işlər barədə
məlumat verib.
Görüşdə çıxış edən aprel
şəhidlərinin valideynləri torpaqlarımızın işğaldan azad olunması üçün hər an
vuruşmağa hazır olduqlarını qeyd ediblər. Onlar həmçinin övladlarının adlarının
əbədiləşdirilməsi üçün əlavə tədbirlərin görülməsi haqqında fikirlərini
çatdırıblar.
Şura
sədri Azay Quliyev hər zaman şəhid ailələrinə diqqət göstərilməsinin vəzifə
borcları olduğunu deyib və görüşdə səsləndirilən təkliflərin araşdırılması və aidiyyatı
qurumlara təqdim olunması üçün müvafiq addımların atılacağını bildirib.
Qlobal.az