SON XƏBƏR

Azay Quliyev Bundestaqda maraqlı təkliflərlə çıxış edib

May 15
17:58 2017
ATƏT-in Parlament Assambleyasının (PA) vitse-prezidenti Azay Quliyev mayın 15-də Almaniya Bundestaqında "Parlamentarilər antisemitizmlə mübarizəni necə apara bilərlər” mövzusunda keçirilən müzakirələrdə məruzə ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Azay Quliyev parlamentariləri antisemit nifrətlə bağlı cinayətlərlə mübarizə aparmaq üçün effektiv yolları birlikdə müzakirə etmək məqsədilə bir araya gətirdiyinə görə Demokratik Təsisatlar və İnsan Haqları Ofisinə təşəkkürünü bildirib.

Sinaqoq və məktəblərə hücumlar, yəhudi qəbiristanlıqlarına hörmətsizlik və yəhudilərə qarşı basqınlar haqqında danışan Azay Quliyev Fundamental Hüquqlar üzrə Avropa İttifaqı Agentliyi tərəfindən aparılan tədqiqatların nəticəsinin həyəcandoğurucu olduğunu bildirib: "Avropada yaşayan yəhudilərin 29 faizi təhlükəsizlik məsələlərinə görə mühacirət etməyi qərara alıblar. 76 faiz yəhudi isə hesab edir ki, son beş ildə öz ölkələrində antisemitizmlə bağlı vəziyyət daha pisləşib. Digər bir statistikaya əsasən, Birləşmiş Krallıqda insidentlərin sayı 36 faiz artaraq antisemitizm 2016-cı ildə "görünməmiş” səviyyəyə çatıb”.

ATƏT-in PA-nın vitse-prezidenti antisemitizmlə effektiv mübarizənin təşkili üçün parlamentarilərin 8 əsas fəaliyyət sahəsinə diqqət cəmləməsinin vacib olduğunu vurğulayıb: "Antisemit nifrətlə bağlı cinayətlərə qarşı milli qanunvericiliyi inkişaf etdirmək və antisemitizmin bütün təzahür formalarını tamamilə qadağan etmək lazımdır. Biz nifrət və qərəzli bəyanatlarla bağlı ifadə azadlığına məhdudiyyət qoymaq məsələsində konsensusa nail olmalıyıq. Bəzi ölkələr Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Konvensiyanın hər kəsin müdaxilə olmadan fikrini ifadə etmək və ifadə azadlığını nəzərdə tutan 19-cu maddəsinə istinad edirlər. Amma 20-ci maddədə göstərilir ki, diskriminasiya, düşmənçilik və ya zorakılığa təhrik edən milli, irqi və ya dini nifrətin təbliğatı qanunla qadağan olunacaq.
 
İkinci vacib məsələ parlamentlərimizdə antisemitik cinayətlərlə mübarizə aparmaq üçün milli koordinatorun təyin edilməsidir. İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyaya əsasən, ölkə parlamentlərimiz milli koordinator təyin etməlidirlər. Milli koordinatorlar müntəzəm olaraq müvafiq ölkələrdə Konvensiya üzrə öhdəliklərin həyata keçirilməsinin vəziyyəti haqqında məruzələr hazırlamalıdırlar”.
 
Azay Quliyev siyasi sanksiyaların tətbiq edilməsinin də adıçəkilən sahədə mövcud olan problemlərə qarşı mübarizədə əhəmiyyətli olduğunu deyib: "Siyasi liderlərin seçki kampaniyalarında çıxış və ya şüarlar vasitəsilə seçicilərin antisemitik, ksenofobik meyillərindən faydalanması və ya onları qızışdırması belə cinayətlər üçün şərait yaradır. Bu kimi qərəzli çıxışlara cavab olaraq, parlamentlər həmin siyasi liderlərə və partiyalara qarşı siyasi sanksiyalar tətbiq etməlidir. Sanksiyalar iki yolla tətbiq oluna bilər: 1) seçki kampaniyasından təcrid olunmaq, 2) irqçilik və antisemitizmi təşviq edən siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinin ləğv edilməsi. Yuxarıda qeyd olunan səbəblərə görə müvafiq hüquqi çərçivənin yaradılması zəruridir”.
 
Digər bir önəmli məsələ antisemitik cinayətlərlə bağlı ictimai dinləmə, konfrans və seminarların keçirilməsidir. Parlamentlər QHT-lərlə və media ilə sıx əməkdaşlıq edərək, nifrət motivli çıxış və antisemitizmlə mübarizə aparmaq üçün ictimai dinləmələr, seminar və konfranslar təşkil etməlidirlər.
Antisemitizmin və nifrət dolu çıxışların operativ və effektiv şəkildə araşdırılması və mühakiməsinin təmin edilməsi də cinayət prosesi ərzində nəzərə alınmalıdır.
 
Həmçinin irqi və ksenofobik məzmunlu hərəkətlərin cinayət hesab edilməsini və qadağasını nəzərdə tutan bütün beynəlxalq konvensiya və əlavə protokolların ratifikasiyası sürətləndirməlidir.
 
Azay Quliyev çıxışında antisemitizmlə mübarizə sahəsində əhəmiyyətli fəaliyyətlərdən birinin də ATƏT-ə üzv ölkələr arasında müsbət təcrübələrin mübadiləsinin asanlaşdırılması və belə təcrübələrin təşviq edilməsi üçün dövlətlərin müvafiq nümunə ilə təmin edilməsi olduğunu vurğulayıb. O, Azərbaycan nümunəsi haqqında danışaraq deyib: "Məsələn, Azərbaycan müsəlman, xristian və yəhudilər arasında sülh şəraitində birgəyaşayış üçün digər ölkələrə model ola bilər. Azərbaycanın Quba rayonunda yerləşən Qırmızı Qəsəbə dünyada İsraildən sonra yəhudilərin kompakt şəkildə yaşadığı ikinci yerdir. Qırmızı Qəsəbə dünyada dağ yəhudilərinin dilinin qorunduğu və müdafiə edildiyi yeganə yaşayış məskənidir. Hazırda Bakıda Azərbaycan hökuməti tərəfindən inşa edilən sinaqoqlardan biri Avropanın ən böyük sinaqoqu hesab edilir”.
 
Azay Quliyev sonuncu, 8-ci təklifinin antisemit nifrətlə bağlı cinayətlərlə mübarizə aparmaq və onların qarşısını almaq məqsədilə həyata keçirilən layihələri maliyyələşdirmək üçün əhəmiyyətli büdcə ayrılması məsələsi olduğunu bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook