Azay Quliyev: “Bu gün bizim birliyə daha çox ehtiyacımız var”
Noyabr 30
22:31
2016
Məlumat
verdiyimiz kimi Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay
Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci
sessiyasında iştirak edir. Azay Quliyev bu gün ATƏT Parlament Assambleyası adından, Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasında çıxış edib.
Azay Quliyev digər vacib məsələ olan parlament diplomatiyasının vasitəsi ilə parlamentarilər arasında dialoq və əməkdaşlığın dövlətlərarası gərginliyi azaltmağa, etimad mühiti yaratmağa və mürəkkəb problemlərin mümkün həll yollarının tapılmasına müsbət töhfə verəcəyini bildirib.
ATƏT PA-nın vitse-prezidenti hazırda dünyada təhlükəsiziklə bağlı yaranmış vəziyyəti
nəzərə alaraq, regionun bütün vətəndaşları üçün sülh və firavanlığın təmin
olunması istiqamətində ATƏT Parlament Assambleyası ilə QDİƏT PA-nın birgə əməkdaşlığına
əvvəlki dövrlərdən daha çox ehtiyac duyulduğunu deyib: "Biz, hər tərəfdən
problemlərin meydana gəldiyi çətin bir zamanda yaşayırıq. Həll olunmamış
münaqişələr, terror aktları, qaçqın məsələləri, miqrant böhranı, müəyyən ölkələrdə
mövcud olan humanitar fəlakət, din haqqında yayılan yanlış təsəvvürlər, sülh və
təhlükəsizlik üçün bir çox digər maneələr həssas və kövrək dünyamızda
mövcudluğunu davam etdirir. Bizim üzləşdiyimiz problemlər qlobal xarakter
daşıyır və çoxtərəfli, kompleksli və strateji cavab tələb edir, bu səbəbdən
birlikdə əməkdaşlıq etməyimiz olduqca vacibdir”.
Azay
Quliyev mövcud çətinliklərlə mübarizədə parlament diplomatiyasının xüsusi rolunu vurğulayaraq təmsil etdiyi təşkilatla
QDİƏT PA arasında əməkdaşlığın 5 mühüm məsələni
diqqət mərkəzində saxlamasının zəruri olduğunu bildirib: "İlk sırada təhlükəsizlik
məsələləri dayanır. Təəssüf ki, dünya fundamental və çoxşaxəli təhlükə rolunu
oynayan beynəlxalq terrorizm tərəfindən ciddi təhdidlə üzləşir. İnsan hüquqları
və hüququn aliliyi standartlarına uyğun olaraq biz, hər hansı bir gecikmə
olmadan terrorizmə qarşı mübarizə aparmalı və
hüquqlarımızı və həyatımızı müdafiə etməliyik. ATƏT PA hökumətləri
terrorizmə qarşı mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsinə və terror təşkilatlarının
maliyyələşdirilməsinə qarşı addımlar atmağa çağırır”.
Azay
Quliyev çıxışında digər
məsələ kimi ölkələrin qaçqın və miqrant probleminin həllində uğur qazana bilmədiyini
qeyd edib: "Bu problemin həll yolunu tapmaq getdikcə daha da çətinləşir.
Parlamentarilər olaraq, təşkilatlarımızın və yerli parlamentlərimizin tam
gücündən istifadə edərək miqrant problemini gündəlikdə ön plana çəkməliyik.
ATƏT PA bu böhranın həllinə böyük önəm verir. Ötən fevral ayında təsis olunan
ATƏT PA-nın Miqrasiya məsələləri üzrə "Ad hoc” Komitəsi Parlament
Assambleyasının bu mövzuda işini koordinasiya edir və biz artıq ATƏT-in üzv
dövlətlərinə miqrant probleminin həllinə dair
təkliflərimizi göndərmişik”.
ATƏT PA-nın vitse-prezidenti həll olunmamış və uzadılmış münaqişələrin
Avropanın təhlükəsizlik və stabilliyinə böyük təhdid olduğunu bildirib: "Hər
birinizin bildiyi kimi, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna həll
olunmamış münaqişələrin nəticələrindən böyük zərərlərə məruz qalmışdır. Faciəli
və ağrılı nəticələr doğuran bu münaqişələr minlərlə insanın həyatını məhv
etmişdir. Bu çətinliklərin həlli üçün sürətli və asan çıxış yolları mövcud
deyil, lakin düşünürəm ki, Helsinki Yekun Aktı ruhunda ümumi bir yanaşma metodu
hazırlanmalıdır. İnanıram ki, ATƏT regionunda münaqişələrin həlli yolunda
parlament diplomatiyasının, qarşılıqlı etimadın və dialoqun mühüm əhəmiyyəti
var”.
Azay Quliyev 2015-ci ildə Helsinkidə ATƏT PA-nın qəbul
etdiyi "ATƏT regionunda dövlətlərarası münasibətlərdə Helsinki prinsiplərinə
sadiqlik” adlı qətnamənin mühüm əhəmiyyətini vurğulayaraq adıçəkilən sənəddə
ATƏT PA-nın münaqişələrin, o cümlədən Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna
ərazisindəki münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən
beynəlxalq səviyyədə tanınmış sərhədlərinin suverenliyi, ərazi bütövlüyü və
toxunulmazlığı ilə bağlı prinsiplər əsasında həllinə çağırdığını bildirib.
Azay Quliyev digər vacib məsələ olan parlament diplomatiyasının vasitəsi ilə parlamentarilər arasında dialoq və əməkdaşlığın dövlətlərarası gərginliyi azaltmağa, etimad mühiti yaratmağa və mürəkkəb problemlərin mümkün həll yollarının tapılmasına müsbət töhfə verəcəyini bildirib.
Azay Quliyev ATƏT PA, AŞPA və ATƏT DTİHB və digər əsas tərəfdaşların
seçkiləri izləmək üçün Seçki Müşahidə Missiyası kimi mühüm təcrübədən istifadə
etdiyini deyib: "Bu çərçivənin köməkliyi ilə, biz tərəfdaş təşkilatlarla əməkdaşlıq
edərək seçkilərin müşahidə prosesinin effektivliyini artırılmasına çalışırıq.
ATƏT PA seçkiləri müşahidə mövzusunda önəmli təcrübəyə malikdir və bu sahədə əməkdaşlığa
məmnuniyyətlə hazırdır. ATƏT PA QDİƏT PA-da olan həmkarla əməkdaşlığı davam
etdirməkdən məmnunluq duyur”.