SON XƏBƏR

Azadlıq prospektinin daha bir hissəsi təmir edilib

Dekabr 20
14:32 2017
Azadlıq prospektinin daha bir hissəsi təmir edilib.
 
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyi tərəfindən Binəqədi rayonu, Azadlıq prospektinin Süleyman Sani Axundov küçəsi ilə kəsişməsindən Biləcəri-Baksol yolunadək olan hissəsinin də təmiri işləri görülüb.
 
"Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prospektin sözügedən hissəsinin uzunluğu 1.6 kilometr, ortalama eni isə 20 metrdir. Yol 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir.
 
Əsaslı təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Əvəzinə yeni yüksək keyfiyyətli asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə Azadlıq prospektinin sözügedən hissəsinin 30 min kvadratmetr sahəsi asfaltlanıb.
 
Bundan başqa aparılan işlər zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün nəzərdə tutulan mövcud yağış-kanalizasiya sistemi bərpa olunaraq, zəruri olan yerlərdə yeni yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları yenilənib.
 
Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yol-cizgi və yolgöstərici xətlər, həmçinin piyada keçidi zolaqları çəkilib.
 
Təmir-tikinti işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllıqla aparılıb. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
 
Qeyd edək ki, bundan öncə Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən Süleyman Sani Axundov küçəsi ilə kəsişməsinədək olan 1.6 kilometrlik hissəsində təmir-tikinti işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. Sözügedən hissədə bütün hərəkət iştirakçıları üçün rahat və təhlükəsiz hərəkət təmin olunaraq, müasir infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook