SON XƏBƏR

Avropa Şurasından hökumətə xəbərdarlıq: “Əgər oktyabrın 25-dək İlqar Məmmədov azadlığa buraxılmasa...”

Sentyabr 22
17:37 2017
Avropa Şurasının Nazirlər Komitəsi sentyabrın 21-də azərbaycanlı siyasətçi, REAL Hərəkatının lideri İlqar Məmmədovun işi üzrə qərar çıxarıb. Qərar Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrasız qalması ilə bağlıdır.

Azadliq.org-un məlumatına görə, katibliyə aralıq qətnamə layihəsi hazırlamaq tapşırılıb. Həmin qətnamədə Azərbaycana öhdəliyini yerinə yetirməməsi, hökmü icra etməməsi ilə bağlı rəsmi xəbərdarlıq (məsələnin Avropa Məhkəməsində qaldırılacağı xəbərdarlığı) yer alacaq. İlqar Məmmədovun azadlığa buraxılması üzrə heç bir irəliləyiş əldə olunmasa, qətnamə layihəsi oktyabrın 27-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Avropa Şurasının Nazirlər Komitəsi yada salır ki, Avropa Məhkəməsinin qərarında İlqar Məmmədova qarşı ittihamları əsaslandıracaq hər hansı fakt və ya informasiyanın olmadığı vurğulanıb. Qurum hökmün icrasına çağıran əvvəlki qərarlarını və aralıq qətnamələrini yada salır. Həmin sənədlərdə məhkəmənin hökmünün icrasına qəti çağırışlar var.

Novator.az bildirir ki, Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanan İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.

2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.

2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb. 2016-cı il noyabrın 18-də Ali Məhkəmə İlqar Məmmədovun Şəki Apellyasiya Məhkəməsindən şikayətini təmin etməyib.

47 yaşlı İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub. REAL Hərəkatını 2008-ci ildə yaradıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook