SON XƏBƏR

Avrasiyanın canlı tarixi- Müasir Naxçıvan

Fevral 01
15:22 2016
Bütün dövrlərdə inkişafın, yüksəlişin, uğurların başlıca səbəbi və aparıcı qüvvəsi hesab olunan nizam-intizam ölkədə, cəmiyyətdə, iş yerimizdə qaydalara, qanunlara şüurlu şəkildə əməl olunmasının vacibliyini ön plana çəkir. Nizam-intizam yüksək tələbkarlığın, prinsipiallığın, yorulmaz fəaliyyətin, əqidə bütövlüyünün, dərin sədaqətin və nəhayət, vətənpərvərliyin tamamlayıcı amili kimi daim diqqəti cəlb edir, rəğbət yaradır. Nizam-intizamın olmadığı diyarlarda, ölkələrdə xaos, anarxiya, özbaşınalıq kimi arzu­olunmaz dağıdıcı meyillər yaranır, faciələrə yol açan hadisələr baş verir. Yəni nizam-intizam inkişafla yanaşı, həm də davamlı sabitliyin, əmin-amanlığın açarıdır. Məlumdur ki, sabitliyin olmadığı yerdə nailiyyətlərdən söhbət belə gedə bilməz.
 
Bu gün inkişaf etdirilmiş, əsaslı şəkildə yenidən qurulmuş, düşmən sərhədində alınmaz qalaya çevrilmiş Naxçıvan Muxtar Respublikası da məhz güclü nizam-intizamın nəticəsində bu səviyyəyə yüksəlib. Vaxtında görülmüş işlər, həyata keçirilmiş tədbirlər nəticəsində özünün şaxələndirilmiş hərtərəfli inkişaf epoxasını yaşayan Naxçıvanın beşminillik şəhər tarixində ilk dəfədir ki, onun hətta ən ucqar dağ kəndləri də müasir şəhər görkəmi alıb, abadlaşıb, gözəl yaşayış məskəninə çevrilib. Muxtar respublikanın bütün şəhərlərində inşa edilən və ya əsaslı təmir olunan binalarda Şərq və Qərb üslubunun üzvi sintezi milli memarlıq ənənələrinin yeni çalarlarla zənginləşdirilməsinə şərait yaradıb.
 
Bu gün qədim Naxçıvanın zəminində yeni bir şəhər – müasir Naxçıvan ucaldılıb. Müasir Naxçıvan bu gün yenitipli Avrasiya şəhəri kimi diqqətləri üzərinə cəlb edir. Eyni prinsiplər Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində – Şərurda, Babəkdə, Culfada, Ordubadda, Şahbuzda, Qıvraqda və Sədərəkdə aparılan qurucu­luq proseslərində də özünü qabarıq şəkildə büruzə verir. Bu isə regionda şəhərsalmada və memarlıqda aparılan uğurlu dövlət siyasətinin nəticəsi, ciddi nizam-intizamdan bəhrələnən inkişaf və yeniləşmə istiqamətində keçilmiş şərəfli yolun nümunəsidir.
 
Burada bir məqama da diqqət çəkmək istərdim. 20 ildir, iqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu şəraitdə yüksək iqtisadi fəallığa nail olunmasını, istehsal potensialının hərəkətə gətirilməsini, davamlı quruculuq işlərini, sosial problemlərin səmərəli həllini və ən əsası əhalinin güzəranının yaxşılaşdırılmasını, demək olar ki, hər bir naxçıvanlının qayğısını çəkmək bacarığını yalnız sadə formada tərəqqi və inkişaf yolu adlandırmaq doğru olmazdı. Bu yol Vətən və dövlət sevgisindən doğan, gərgin əmək və misilsiz əzmkarlığın təcəssümü, ciddi nizam-intizam nümunəsi olan əsl qəhrəmanlıq salnaməsi kimi yaddaşlara həkk olunub.
 
Diqqət yetirsək bir daha görərik ki, müstəqilliyimizin ilk illərində məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə, muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılıb, nizam-intizamın tam bərpa olunması üçün ardıcıl tədbirlər həyata keçirilib. Bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasətlə yanaşı, nizam-intizam da muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olub, şəhər və rayonlarımızda canlanma yaranıb, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni təsərrüfat subyektlərinin fəaliyyəti sayəsində əhalinin məşğulluğu təmin olunub.
 
Muxtar respublikanın mərkəzində olduğu kimi, rayonlarımızda, hətta ən ucqar kəndlərdə belə, nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi sosial-iqtisadi və mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaradıb. Bütün bunlar daim nizam-intizama riayət edən insanların gərgin əməyi nəticəsində mümkün olub.
 
Nizam-intizam bu gün muxtar respublikamızda formalaşmış müasir cəmiyyətimizin köklü ictimai sifarişi ilə həmahəng olan zamanın diktəsi­dir. Qədirbilən naxçıvanlılar əmindirlər ki, sürətli inkişaf tempini, sabitliyi, əmin-amanlığı qoruyub saxlamaq üçün hər bir sahədə daim nizam-intizamın olması, daha doğrusu, daha da möhkəmləndirilməsi vacibdir.
 
Bu, ulu öndər Heydər Əliyevin yoludur. Bu yol isə müqəddəsdir. Çünki böyük mütəfəkkir­lərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiy­yətlərin fövqündə dayanan əvəz­olunmaz lider bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. Qədim diyarımızda da məhz bu yol davam etdirilir. O yol ki bizim inkişafımızda, tərəqqimizdə, müasir dövlət idarəetmə sisteminin daha da təkmilləşdirilməsində daim mayak rolunu oynayır. Nadir siyasi və dövlət xadimi ümummilli liderimizin həyat və mübarizə məktəbinin yetirmələri də Onun yolunu, siyasi xəttini uğurla davam etdirirlər.
 
Naxçıvana gələn bütün həmkarlarımdan eşitdiyim bu sözlər muxtar respublikamızın inkişafının səbəblərindən birini belə ifadə edir: "Təyyarədən Naxçıvana enəndə elə ilk anlardan hiss edirsən ki, muxtar respublikada ciddi nizam-intizam mövcuddur. Hər kəs öz işini lazımi səviyyədə, qaydalara, qanunlara uyğun görməyə çalışır. Heyranedici bu mənzərəni Naxçıvan Beynəlxalq Hava Limanının möhtəşəm binası, yüksək səviyyədə yaradılmış yol infrastrukturu, gözəlliyə qərq olmuş Naxçıvan şəhəri və muxtar respublikanın şəhərləşən, müasirləşən kənd­ləri tamamlayır. Burada vaxt insanın yox, insan vaxtın hakimidir”.
 
Göründüyü kimi, muxtar respublikamız müstəqillik illərində əsrlərə bərabər inkişaf dövrü keçib. Həm də nizam-intizamdan yaranan inkişaf və yeniləşmə istiqamətində keçilmiş yolun dərsləri, dövlətçilik, quruculuq, idarəetmə sahəsində toplanmış zəngin təcrübə yeni-yeni uğurlara yol açır.
 
Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi: "...Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür. Bir daha qeyd etmək istəyirəm ki, siz bütün məsələləri – quruculuq, abadlıq işlərini, enerji təhlükəsizliyi, hərbi potensial, infrastruktur layihələrinin icrası, ərzaq təhlükəsizliyi məsələlərini həll etmisiniz. Bundan sonra ancaq bu uğurlara yeni uğurlar əlavə etmək lazımdır”.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, dövlətimizin ən qiymətli incisi onun vətəndaşlarıdır. Naxçıvanda görülən bu işlərin əsas məqsədi də məhz muxtar respublika sakinlərinin rahat yaşayışının, təhlükəsizliyinin təmin olunması, rifah halının daha da yüksəldilməsi, inkişafın davamlılığının təmin olunmasıdır.
 
2016-cı ilin muxtar respublikamızda "Nizam-intizamın daha da möhkəmləndirilməsi ili” elan olunması bu baxımdan əhəmiyyətlidir. Çünki nizam-intizam olmadan heç bir nailiyyətə, uğura nail olmaq mümkün deyil.
 
Rauf Əliyev



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook