SON XƏBƏR

“Asim Mollazadənin təhsil sahəsi ilə bağlı fikirlərinin əksəriyyəti diletant xarakterlidir”

May 26
09:05 2018
Milli Məclisin Elm və təhsil komitəsinin iclasında beynəlxalq fənn olimpiadalarının qaliblərinin istədikləri ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları məsələsi müzakirə edilib. Məsələyə müsbət yanaşanlarla bərabər, buna qarşı çıxanlar da olub. Belə ki, deputat Asim Mollazadə bildirib ki, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunması məsələsi onu narahat edir: "Biz nə üçün tələbə qəbulu prosesinə başladıq? Sovet vaxtından da məhz universitetlərə tələbə qəbulu prosesində xoşagəlməz hadisələr olurdu. Azərbaycan dövləti sovet korrupsiya sisteminə qarşı universitetə tələbə qəbulu qaydalarını yaratdı. Bu gün də biz bu sahədə müəyyən inkişafa nail ola bilmişik. Tək varlı ailələrin ”debil" uşaqları yox, imkansız ailələrin istedadlı uşaqları Azərbaycanda universitetlərə daxil ola bildi. Həmin uşaqlar müstəqillik dövrümüzdə təhsilini davam etdirə bilir və ölkəmizin müxtəlif qurumlarında çalışırlar".

Deputat həmçinin qeyd edib ki, universitetlərə qəbul imtahanlarından imtina edilməsi üçün Azərbaycan təhsil sistemində çox ciddi islahatlar olmalıdır: "Bunun üçün universitetlərə və onların təhsil səviyyəsinə inanmalıyıq. Biz imkanı az olan ailələrin ödənişsiz təhsil almaları üçün qapılar açmalıyıq. Çünki hər zaman ”papanın gül balalarını" xaricdə və ölkəmizdə oxutmaq üçün vəsait tapıla bilər. Tələbə qəbulu imtahanları Azərbaycanda məhz imkansız və savadlı uşaqların təhsil alması üçün qapını açan sistemdir. Beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmamalıdır. Onlar elə imtahanı da verib universitetə qəbul oluna bilərlər. Mənə elə gəlir ki, biz bu sistemi pozmaqla hansısa xoşagəlməz hadisələr üçün imkanlar yaradırıq. Ya sistemdə köklü dəyişikliklər etməliyik, ya da buna toxunmamalıyıq. İmkan verməliyik ki, hamı ədalətli prinsiplərlə imtahanları verib, öz biliyi ilə universitetə daxil olsun".

Təhsil naziri Ceyhun Bayramov deputatın fikirlərinə cavab verərək, bildirib ki, mövcud qanunvericiliyə görə, beynəlxalq fənn olimpiadalarının qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar: "Beynəlxalq fənn olimpiadasında mükafat yeri tutmaq çox böyük bir nailiyyətdir. Azərbaycan 5 fənn (riyaziyyat, informatika, fizika, kimya və biologiya) üzrə beynəlxalq olimpiadalarda iştirak edir. Orada təmsil olunan şagirdlərin ayını götürsək və güman etsək ki, bizim olipiadaya gedən uşaqlarımızın hamısı qalib yerlər tutub, cəmi 23 nəfərdən danışırıq. Dünyanın bir çox ölkələri beynəlxalq fənn olimpiadalarının qaliblərinə qapılarını geniş açırlar. Onlar deyirlər ki, siz gəlib bizim universitetlərdə pulsuz təhsil alın və s. O, uşaqlara görə çox ciddi rəqabət gedir. Burada isə sərtləşdirici məqamların qoyulması bizim xeyrimizə işləmir. Siz son illərin statistikasına baxsanız görərsiniz ki, beynəlxalq fənn olimpiadalarının qaliblərindən bizim ali təhsil müəssisələrinə qəbul olunan yoxdur”.

"Yeni Müsavat”a danışan təhsil eksperti Etibar Əliyev bildirib ki, təhsil naziri qaldırdığı məsələdə haqlıdır:

"Beynəlxalq olimpiadada hətta ikinci, üçüncü, dördüncü yeri belə tutmaq çox böyük bilik göstəricisidir. Bu uşaqlar hərtərəfli biliyə sahibdirlər. Orada Azərbaycanın bayrağı da dalğalanır və düşünürəm ki, bunun önəmi daha çoxdur. Olimpiya idman oyunları qədər bu məsələyə önəm verilir. Belə olduğu halda isə məsələyə kimlərinsə qarşı çıxmasını başa düşə bilmirəm. Əgər şagird bu cür yüksək göstərici əldə edibsə, onun haqqıdır ki, ölkədə istənilən təhsil müəssisəsinə imtahansız qəbul olunsun. Kimsə məsələnin məğzini bilmədən buna qarşı çıxırsa, deməli, prosesin mahiyyətini anlamır. Bir məsələni də deyim ki, 15 yaşlı uşaqların riyazi, təbiət elmləri və oxu savadını qiymətləndirən PİSA proqramı var. Bu da deyim ki, çox çətin proqramdır. Həmin proqram üzrə yer tutan ölkələrdə bilik yarışmasının nəticəsinin elan olunduğu gün bayram kimi qeyd olunur. Yəni onlar bilik yarışmasını bu səviyyədə qiymətləndirirlər. Şübhəsiz ki, 15 yaşlı şagirdin hələ orta məktəbi bitirməsinə bir neçə il qalır. Ancaq bu cür bilik yarışmasına da çox böyük önəm verirlər. Bizdəki məsələyə gəlincə isə birincisi ”Təhsil haqqında qanun"un bəndləri icra olunmalıdır. Çünki bunu ölkə başçısı təsdiq edib. Qanunda hansısa dəyişiklik ediləcəksə belə, olimpiya qalibləri ilə bağlı olan maddəyə toxunulmamalıdır. Yəni belə deyək ki, istədikləri ali məktəbi seçmək və imtahansız həmin ali məktəbə qəbul olmaq bu uşaqların haqqıdır. Başqa bir məsələni də deyim. Bu yaxınlarda Təhsil Nazirliyi respublika olimpiadasının qaliblərini təltif etdi. Hətta düşünürəm ki, həmin uşaqlara da müəyyən güzəştlər olmalıdır. Məsələn, riyaziyyat fənnindən olimpiadanın qalibi seçdiyi ixtisas üzrə riyaziyyat imtahanında azad olunsa, daha yaxşı olar. Yaxud da biologiya fənni üzrə qalibə, seçdiyi ixtisas üzrə biologiyadan imtahanda iştirak etməmək güzəşti verilə bilər. Yəni beynəlxalq olimpiyada yarışları ölkənin təhsil sisteminin göstəricisidir. Bu istiqamət üzrə qaliblərin sayı nə qədər çox olarsa, ölkə üçün önəmlidir. Ölkə üçün önəmlidirsə, ölkənin daxilində də onlar üçün mütləq güzəştlər tətbiq olunmalıdır. Asim Mollazadənin fikirlərinə gəlincə isə deyim ki, onun təhsil sahəsindəki fikirlərini izləyirəm. Görürəm ki, Asim Mollazadənin təhsil sahəsi ilə bağlı fikirlərinin əksəriyyəti diletant xarakterlidir". 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook