SON XƏBƏR

“Artıq 10-dan yuxarı dövlətlə silah satışı ilə bağlı müqaviləmiz var”

Yanvar 16
09:36 2019
Prezident İlham Əliyev "Azərsilah” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasına dair fərman imzalayıb. Fərmana əsasən, Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah” ASC yaradılır.

Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən - Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək. Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyinin tabeliyində 30-dan yuxarı zavod fəaliyyət göstərirdi. Həmin zavodlarda Azərbaycanın daxili istehsalı, həmçinin xaricə satış məqsədilə müxtəlif çeşiddə hərbi ləvazimatlar, silah-sursatlar istehsal edilirdi. Artıq Azərbaycanın silahlarının sorağı müxtəlif ölkələrdə keçirilən beynəlxalq sərgilərdən gəlir və sifarişlərin miqyası artır. Eyni zamanda torpaqlarımızın işğalda olması ölkəmizin müasir silah-sursat, həmçinin hərbi texnika istehsalını da zəruri edir ki, bu istiqamətdə təcrübəsi olan ölkələrlə əməkdaşlıq imkanları da genişlənir.

Sabiq maliyyə naziri Fikrət Yusifov "Yeni Müsavat”a dedi ki, bu fərmanın girişində qəbulunu zəruri edən səbəblər kifayət qədər dolğun şərh edilib və əsaslandırılıb. Eks-nazir deyir ki, biz bu addımı atmaqla və həm də ən müasir silahların istehsalını özümüzdə təşkil etməklə ilk növbədə düşmənə imkanlarımızı və gücümüzü göstəririk: "Silah istehsal edən ölkənin digər ölkələrdən üstünlüyü odur ki, o heç vaxt başqasından silah almaq asılılığı durumunda qalmır. Digər tərəfdən, bu silahların istehsalının yüksək səviyyədə təşkil edilməsi hərbi məhsulların dünya silah bazarına çıxarılması deməkdir. Beləliklə, Azərbaycan neftlə bağlı olmayan və ölkəyə valyuta gəlirləri gətirən daha bir mənbə əldə etmiş olur. Niyə də olmasın?”

F.Yusifov hesab edir ki, Azərbaycanın buna həm haqqı çatır və həm də onun bu işi ən yüksək səviyyədə təşkil edə bilmək üçün maliyyə imkanları başqa ölkələrdən fərqli olaraq daha böyükdür: "Müdafiə Sənayesi Nazirliyinin ”Azərsilah" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi də tam məntiqidir. Bu işlə səhmdar cəmiyyətin məşğul olması daha düzgündür. Çünki ortada həm də silah satışı məsələsi var. Nazirlik kimi fəaliyyət göstərən bir qurumun bu işlə məşğul olması bir qədər uyğun görünmür. Bu addım atılarkən başqa ölkələrdəki analoji təcrübənin də öyrənildiyi heç şübhəsizdir".

Deputat, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə "Yeni Müsavat”a dedi ki, atılan addımlar növbəti struktur islahatlarının başlanğıcıdır: "Məncə, prezidentin fərmanı bu sahənin daha operativ idarə olunmasına, daha ciddi fəaliyyət göstərməsinə səbəb olacaq. Bəlkə də mən yanıla bilərəm, amma silah-sursat məsələsində dünyada qəbul olunmuş qaydalar, konvensiyalar, əhali sayına görə ölkələrin kvotaları var. Təbii ki, nazirlik səviyyəsində olanda dövlət, hökumət adı gedir. Lakin ASC olduqda bu istiqamətdə daha geniş əl-qol açmaq imkanı yaranır. Odur ki, bu, çox uğurlu islahatdır. ”Azərsilah" Açıq Səhmdar Cəmiyyəti ölkəmizin müdafiə qüdrətinin güclənməsi üçün daha geniş imkanlara malik olan bir qurum kimi fəaliyyət göstərəcək". E.Məmmədov silah istehsalı, satış, idxal-ixrac məsələlərində də yeni imkanların yaranacağını bildirdi: "Nazirliklər üzərində müəyyən beynəlxalq təşkilatların nəzarəti olur. Amma bundan sonra daha əlverişli vəziyyət yaranacaq. Həm də bu kimi islahatlar nəticəsində dövlətin yükünün azalacağını da qeyd etməliyik”.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov da prezident fərmanını təqdir etdi: "Dünya təcrübəsində bütün silah istehsal edən qurumlar işini bu formada qurur. Bizdə də nazirlik səhmdar cəmiyyətə çevrildi. Səhmdar cəmiyyət daha sərbəst funksiyaları olan qurumdur. Həmçinin o, daha çevik fəaliyyət göstərmək imkanındadır. Bu halda bürokratik əngəllər aradan götürülür. Beynəlxalq qurumlara çıxış, qərarların qəbulu, hansısa elmi tədqiqat işlərini birgə aparmaq baxımından çox mühüm addımdır. Bütün bunları səhmdar cəmiyyət içində məsləhətlə etmək olar. Həmçinin investisiyalar cəlb etmək baxımından da önəmi var. Bütün bunları nəzərə alaraq səhmdar cəmiyyətin yaradılmasını təqdir etmək lazımdır”. Ş.Ramaldanov dedi ki, Azərbaycan artıq silah istehsalçısına çevrilib və silah ixrac edir: "Artıq 10-dan yuxarı dövlətlə silah satışı ilə bağlı müqaviləmiz var”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook