SON XƏBƏR

“Aqrolizinq” ASC-nin hesabdarı yoxa çıxıb - FOTO

Avqust 15
13:54 2017
10 gün əvvəl evdən çıxan Əmirsoltan Əhmədovun hara getdiyi bilinmir

"Aqrolizinq” ASC-nin Şabran filialının qeyri-rəsmi hesabdarı Əmirsoltan Əhmədov 10 gün əvvəl itkin düşüb. 6 uşaq atası olan 1963-cü il təvəllüdlü Ə.Əhmədov avqustun 4-də səhər Şabranın Ağalıq kəndindəki evindən işə getmək adı ilə çıxıb. Amma geri qayıtmayıb. Ə.Əhmədovun yaxınları onun itkin düşməsi ilə bağlı Şabran rayon Polis İdarəsinə məlumat veriblər. Şabran rayon Polis İdarəsindən "Yeni Müsavat” əməkdaşına deyiblər ki, hazırda Ə.Əhmədovun axtarışları davam etdirilir.
 


"Aqrolizinq” ASC-nin Şabran filialının müdiri Radik Məmmədov əməkdaşımıza deyib ki, Ə.Əhmədov onun yaxınlarının iddia etdiyi kimi avqustun 4-də işə getməyib. R.Məmmədov Ə.Əhmədovun itkin düşməsi ilə bağlı bunları bildirib: "Avqustun 4-də Əmirsoltan kənddə olub, amma işə gəlməyib. O çox yaxşı kişi idi. Onun evində nəsə problemləri vardı. Hüquq mühafizə orqanları onu 7 gündür ki, axtarırlar. O bizdə gözətçi kimi işə götürülüb, mühasib kimi kömək edirdi. Bizdə ümumiyətlə mühasib ştatı yoxdur. O, saymağa, yazmağa kömək edirdi. Bizim hesabımız yoxdur ki, mühasibimiz də olsun. Biz camaata əkin-biçinlə bağlı kömək edirik, texnika veririk. Onun qızının toyu olmalı idi, görünür nəsə problem olub. Həftənin 4-cü günü axşam onun evində pul atdı idi. Yəqin Bakıda da belə adət var, qohum-qardaş yığılır toya kömək edirlər. 5-ci gün də işə gəlmədi, yoxa çıxdı. 4-5 gün sonra da xəbər çıxdı ki, guya Xaçmazda hansısa kafedə onu görənlər olub. Hazırda Xaçmaz polisi Şabran polisi ilə birgə Əmirsoltanı axtarırlar”.

Ə.Əhmədovun qardaşı Famil Əhmədov isə "Yeni Müsavat”a deyib ki, qardaşının itkin düşməsinin toyla əlaqələndirilməsinə yer vermirlər: "Atamız çox cavan rəhmətə gedib. Əmirsoltan bu günə qədər 10 toy yola verib. Avqustun 19-da 5-ci övladının toyu olacaqdı. Öz uşaqlarından əvvəl bacı-qardaşlarının toyunu özü eləyib. Qızını bacıma vermişdi. Yəni heç bir narazılıq, problem yox idi. İndi kim nağd pula toy edir ki? Hamı nisyə alır, toy edir və toydan yığdığı pulla toy üçün camaatdan aldığı malların pulunu verir, digər xərcləri ödəyir”.

F.Əhmədov qardaşı itkin düşməzdən bir gün öncə ona müəmmalı zəng gəldiyini deyib: "Qardaşım avqustun 3-də bacımın evində oturub söhbət ediblər. Deyib-gülüblər. Ona zəng gəlib. Bundan sonra onun vəziyyəti 180 dərəcə dəyişib. Həmin nömrə də telefonundan silinib. O, 7-8 ildir ki, ”Aqrolizinq"də işləyir. O işinə dəqiq yanaşan adam idi. Bu müddətdə onun işdə heç bir problemi olmayıb. Qardaşım əvvəllər briqadir, məntəqə müdiri, "Akkord”da işləyib. Əsasən mühasib işləyib. "Aqrolizinq”də də bütün dəftər-kitab işini qardaşım görüb. Həmin zəngi kim edib bilmirik. Polisə də bu haqda demişik".

F.Əhmədov deyir ki, qardaşını güman gələn bütün ünvanlarda axtarıblar: "Müəyyən ünvanlar vardı ki, Əmirsoltanın orada ola biləcəyini ehtimal edirdik. Polislə həmin ünvanlara da getdik. Dedilər ki, onu görməyiblər. İmanımız bir yerə, gümanımız min yerədir. Qardaşımın toyla bağlı özünə nəsə edə biləcəyini düşünmürəm. O, toyuq başı belə kəsməzdi. Onda o ürək yox idi ki, toyuq-qoyun kəssin. İtəndən 4 gün sonra mənim özümə dedilər ki, qardaşını Xaçmazda, filan kafedə görənlər olub. Polislə həmin kafeyə də getdik. Orada yemək paylayan xanım da təsdiqlədi ki, qardaşımı görüb. Kafedə işləyənlər də dedilər ki, görmüşük. Həmin kafedə kamera yoxdur. Ətrafında da olan kameralara baxan olmayıb. Fleş-kart da alıb vermişik ki, baxsınlar, bizə də versinlər. Bilək ki, qardaşım orada olub ya yox. O küçədən keçib, o kafeyə gedib, ya yox. Polis axtarır. Şübhəli yerlərə də gedib baxmışıq. Bir xanım vardı, deyirdi ki, Əmirsoltanı Xaçmazda peşə məktəbinin yanında görmüşəm. Bir başqası da var idi, deyirdi ki, bizə gəlib, çörək yeyib. Həmin dedikləri yerlər də demək olar ki, eyni məhəllədir. Həmin ərazini də polislə axtarmışıq. Bir başqa xanım da var, onunla dostluq edib, onu da polis çağırıb dindirib, o da deyib ki, Əmirsoltanı görməyib”.

F.Əhmədov deyir ki, qardaşı itkin düşdüyü gün səhər tezdən evdən çıxıb və işə getdiyini deyib: "Axşam mənimlə də söhbət eləmişdi. Dedi ki, səhər tezdən bir adam var, işə gedib ordan da gedib onunla görüşəcəyəm, sonra gedib toy üçün dəvətnamələri alacağam. Avqustun 4-də onu Şabranın özündə də görən olub. Kəndə də gəlib, kənddə nərd oynayıb. Axşamtərəfi 5-6-dan sonra itkin düşüb. Onun üstündə 50 manat pul vardı. Toya görə ona xərclik 800 manat pul verilmişdi. 50 manatı da həmin pulun üstündən götürüb. Əgər uzaq gedən bir yeri olsaydı, həmin pulu cibinə qoyub gedərdi. Telefonu da evdə qoyub gedib”.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook