SON XƏBƏR

Aprel döyüşləri: Qarabağın işğaldan azad olunmasının başlanğıcı - ŞƏRH

Aprel 01
12:42 2017
Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqları beynəlxalq güclərin dəstəyi ilə Ermənistanın işğalı altındadır. Ötənilki aprel döyüşləri Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu işğalçıya və havadarlarına bir daha göstərdi.
 
Xalqımız və ölkəmizin dostu olan dövlətlər rəsmi Bakının öz torpaqlarını işğaldan azad etmək üçün atdığı addımları tam müdafiə etdi. Siyasi partiyaların, ictimai təşkilatların, gənclərin, ictimaiyyətin geniş təbəqələrinin eyni mövqedən çıxış etməsi və hərbi əməliyyatları dəstəkləməsi, ölkənin hər yerində və müttəfiq dövlətlərdə Azərbaycan ordusuna dəstək üçün keçirilən aksiyalar bunu deməyə tam əsas verir.
 
Bəs cəbhədə nə baş vermişdi? Azərbaycan Müdafiə Nazirliyi həmin günlərdə bildirmişdi ki, aprelin 2-nə keçən gecə Ermənistan ağır silahlardan istifadə etməklə qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini intensiv atəşə tutub, təxribat və həmlələr həyata keçirib.
 
Azərbaycan XİN-in bəyanatında Ermənistanın üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozduğu, mülki əhali və obyektləri artilleriya atəşinə tutması xüsusi qeyd olunmuşdu. 
 
Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötənilki döyüşlərə belə qiymət verib: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir.
 
Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək”.
 
Dövlət başçısı deyib ki, aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi: "Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək”.

Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır: "Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir”.
 
Amma Azərbaycanın 20 ildən çoxdur üzləşdiyi ikili standartlar aprel döyüşlərinə münasibətdə də özünü göstərdi. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün rəsmi Bakı ilə Yerevan arasında vasitəçilik edən, lakin heç bir irəliləyişə nail olmayan ATƏT-in Minsk qrupunun həmsədrləri belə Azərbaycana təzyiq etməkdən çəkinmədi. Məsələ ondadır ki, hətta döyüşlər getdiyi dövrdə belə vasitəçilər Ermənistanı öz işğalçı qüvvələrini Azərbaycan torpaqlarından çıxarmağa çağırmadılar. Verilən bəyanatlarda işğalçı ilə işğala məruz qalan eyniləşdirilir, "tərəflər" adlandırılaraq döyüş əməliyyatlarını dayandırmağa çağırılırdı. 
 
Həmin günlərdə Rusiya prezidenti Vladimir Putinin qoşunların təmas xəttində hərbi əməliyyatların başlanmasından "dərin narahatlıq keçirdiyi" barədə xəbərlər yayılmışdı. Onun mətbuat katibi Dmitri Peskov isə bildirmişdi ki, Rusiya prezidenti "münaqişə tərəflərini dərhal atəşi dayandırmağa və təmkin nümayiş etdirməyə" çağırıb.
 
ATƏT atəşkəsin geniş miqyasda pozulması halları ilə əlaqədar "ciddi naratlığını" bildirmişdi. Təşkilatın Minsk qrupunun o vaxtkı həmsədrləri Ceyms Uorlik
(ABŞ), Pyer Andryö (Fransa) və İqor Popov (Rusiya, indi də bu vəzifədədir) təmas xəttində baş verən son gərginliklə bağlı birgə bəyanat yaymışdı.
 
Həmsədrlər tərəfləri atəşi dayandırmağa və cəbhə xəttində vəziyyəti sabitləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırmışdılar.
 
Onlar "münaqişənin sülh yolu ilə həllinə alternativin olmadığını və müharibənin çıxış yolu olmadığını" vurğulamışdılar. 
 
ATƏT-in o vaxtkı sədri, Almaniyanın keçmiş xarici işlər naziri, hazırki prezident Frank-Valter Ştaynmayer münaqişə tərəflərini dərhal atəşi dayandırmağa çağırmışdı. 

ABŞ-ın o vaxtkı dövlət katibi Con Kerri yaydığı bəyanatda tərəfləri "atəşkəs rejiminə riayət etməyə və təmkinli olmağa, gərginliyin artmasına yol verməməyə" dəvət etmişdi.

Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qadir olduğunu aprel döyüşlərindəki uğurları ilə sübut etdi və bunu hamıya göstərdi. Beynəlxalq vasitəçilər isə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə səy göstərməkdənsə, atəşkəsə, problemin sülh yolu ilə həllinə çalışdıqlarını bəyan edirlər.
 
Bu danışıqlar və müzakirələr nəticəsində indiyədək Azərbaycanın bir millimetr torpağı belə işğaldan azad edilməyib. Aprel döyüşləri isə işğalçının hərbi yolla da torpaqlardan çıxarmağın mümkünlüyünü sübut etdi.

Aprel döyüşləri Ermənistan ordusunun arxasında duran gücləri də göstərdi. Bu, həm də Azərbaycan torpaqlarını işğal edənləri və bu vəziyyətin qalmasında maraqlı olanları ifşa etdi.
 
Həmin hadisələr Ermənistan Silahlı Qüvvələrinin də iç üzünü açdı. Ölkənin müdafiə naziri Seyran Ohanyan və başqa hərbi vəzifəlilər yarıtmaz fəaliyyətlərinə görə işdən azad edildilər. Məlum oldu ki, ohanyanlar isə havadarlarının əlində "günah keçisi”dir.
 
Yeri gəlmişkən, aprelin 2-də Ermənistan parlamentinə seçkilər keçiriləcək. S.Ohanyan da deputatlığa namizəddir və təbliğat kampaniyasında 8 il təmsil olunduğu hakimiyyəti tənqid edir.
 
Aprel döyüşlərindən sonra Rusiya Ermənistana "İsgəndər” əməliyyat-taktiki raket kompleksi verdi. Bu günlərdə isə Ermənistan prezidenti Serj Sarqsyan həmin silahla Azərbaycanı hədələdi. Ölkə parlamenti sədrinin müavini isə "Dağlıq Qarabağı Azərbaycandan qorumaq üçün” bu raketdən istifadəni əsirgəməyəcəklərini bildirib.
 
Rusiya Ermənistandakı mövqeyini qorumaq üçün ötən bir il ərzində çox çalışdı. "Qazprom Ermənistan” başçısını belə Ermənistanın baş naziri etdirdi.
 
Moskva rəsmi Bakı ilə də danışıqları davam etdirməklə Ermənistanla Azərbaycana elə ciddi fərq qoymadığını sübut, yaxud nümayiş etdirməyə çalışsa da, deyəsən buna nail ola bilmədi. Çünki "İsgəndər”in Ermənistana verilməsi və Sarqsyanın hədəsi qarşılığında münasibət bildirməməsi bunu deməyə əsas verir.

Beləliklə, hazırkı vəziyyət deməyə əsas verir ki, münaqişənin dinc yolla tənzimlənməsinə ümid yoxdur. Avropa və Mərkəzi Asiya üzrə Böhran Qrupunun proqram rəhbəri Maqdalena Qrono da bunu vurğulayıb: "Hazırda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə heç bir ümid qalmayıb”.
 
Aprel döyüşləri aşağıdakıları da sübut etdi:
 
- Beynəlxalq vasitəçilər işğalçını Azərbaycan torpaqlarından ya çıxmağa məcbur edə bilmir, ya da bunu istəmirlər;
 
- Beynəlxalq vasitəçilər məsələ ilə bağlı verdikləri bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü dilə gətirmirlər;
 
- Azərbaycan torpaqlarının işğal altında saxlanılmasında Ermənistana yardım edən güclər özünü gizlədə bilmədi;
 
- Torpaqların danışıqlar yolu ilə yaxın zamanda azad olunmayacağı təsdiqləndi;
 
- Ermənistan ordusunun döyüş qabiliyyətinin, təchizatı və nizam-intizamının aşağı səviyyədə olduğu üzə çıxdı;
 
- Ermənistanın baş sponsorunun bir dövlətdən ibarət olmadığını və s.bir daha təsdiqləndi.
 
Ona görə də belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan torpaqları işğaldan azad olunmayanadək aprel döyüşlərinin təkrarlanması qaçılmazdır. Başqa sözlə, aprel döyüşlərindən yeni döyüşlər doğar. (Report.az)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook