SON XƏBƏR

Antonio Quterreş: Azərbaycan BMT-nın təşəbbüslərində və proqramlarında yaxından iştirak edir

May 25
13:35 2017
Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25 illiyi münasibətilə keçirilən tədbirlərə qatılmaq məqsədilə Nyu-Yorkda səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Azərbaycan və BMT arasında münasibətlərin hazırkı durumundan məmnunluq ifadə olunub.
 
Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını A.Quterreşə çatdırıb. Baş katib Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladığını deyərək, onun da salamlarının və xoş arzularının dövlətimizin başçısına çatdırılmasını xahiş edib.
 
Nazir Elmar Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərində BMT və onun ixtisaslaşmış təşkilatlarının Azərbaycana dəstəyinin, xüsusilə Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın humanitar problemlərinin həll edilməsi məqsədilə göstərdiyi yardımların yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
 
E.Məmmədyarov, həmçinin Azərbaycanın BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsipləri və məqsədlərinə sadiq olduğunu və BMT-nin fəaliyyətinə dəstək və töhfə verdiyini qeyd edib. Azərbaycanın 2015-ci ildə keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016–2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu deyən E.Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Fərman verildiyini xatırladıb, bu Şuranın 2030-cu ilə qədər qlobal inkişaf məqsədləri və hədəfləri çərçivəsində milli prioritetlərin və göstəricilərinin müəyyən edilməsi, müvafiq dövlət proqramlarının dayanıqlı inkişaf məqsədlərinə uyğunlaşdırılması üzrə məsul olduğunu söyləyib.
 
E.Məmmədyarov Azərbaycanın inkişaf etməkdə olan, həmçinin daha az inkişaf etmiş, eləcə də təbii fəlakətlərlə üzləşmiş ölkələrin ehtiyaclarının qarşılanmasına xüsusi diqqət yetirdiyini deyib və bu illər ərzində müxtəlif regionlardan olan bir sıra ölkələrə Heydər Əliyev Fondu və Xarici İşlər Nazirliyi nəzdindəki Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə humanitar və digər yardımlar göstərildiyini vurğulayıb.
 
E.Məmmədyarov Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsinin ölkəmizə beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkan yaradacağını deyib.
 
Azərbaycan hökuməti tərəfindən milli və beynəlxalq səviyyədə mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə xüsusi diqqət yetirildiyini deyən E.Məmmədyarov bu xüsusda 2016-cı ilin ölkəmizdə "Multikulturalizm İli”, 2017-ci ilin isə "İslam Həmrəyliyi İli” elan edildiyini diqqətə çatdırıb. Həmçinin 2016-cı ilin aprel ayında Azərbaycanın BMT-nin Sivilizasiyaların Alyansının VII Qlobal Forumuna ev sahibliyi etdiyini xatırladıb.
 
Azərbaycan-BMT əlaqələrinin inkişaf tarixində Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin ölkəmizin Şuraya sədrlik etməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
 
Elmar Məmmədyarov, həmçinin Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə əsas təhdid olan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasında BMT-nin rolundan bəhs edərək, münaqişənin həlli üçün baza sənədlərinin də məhz BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələr olduğunu vurğulayıb. O, bu qətnamələrin tələblərinin hələ də yerinə yetirilməməsinin təəssüf doğurduğunu əlavə edib. Nazir münaqişənin həlli üçün substantiv danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıb.
 
A.Quterreş Azərbaycanın BMT-nın təşəbbüslərində və proqramlarında yaxından əməkdaşlığının və münasibətlərin dərinləşməsi istiqamətindəki səylərinin yüksək qiymətləndirildiyini bildirib və əməkdaşlıq üçün perspektiv vəd edən sahələrin müəyyən edilməsində bu kimi görüşlərin vacib olduğunu qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər haqqında fikir mübadiləsi aparılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook