SON XƏBƏR

Amnesty International: "İranda etnik azərbaycanlılar həbs edilir, işgəncəyə məruz qalırlar"

Avqust 17
10:28 2018
Amnesty İnternational (Aİ) beynəlxalq insan haqları təşkilatı bu həftə açıqladığı hesabatında iyul və avqust aylarında təxminən 120 iranlı azərbaycanlının dini etiraz aksiyaları və tədbirlərində iştirak etdiklərinə görə həbs edildiklərini bəyan edib.

Təşkilat bu şəxslərin yalnız öz mədəni hüquqlarını tələb etdiklərinə görə həbs edildiklərini deyir və onlardan birinin - İbrahim Nurinin - Evin təcridxanasının 209 nömrəli bölməsində saxlandığını qeyd edir.
 


İranın Xarici İşlər Nazirliyi BBC News Azərbaycancaya bildirib ki, bu hesabat barədə məlumatları yoxdur, İranın Azərbaycandakı Səfirliyi isə İranın Aİ kimi təşkilatlar barədə şərh vermədiyini deyib.

Azərbaycanlılar İranda ən böyük etnik azlıqdır və hər il ana dilində təhsil və digər mədəni hüquqlarını tələb edən onlarla azərbaycanlı həbs və müvəqqəti saxlanmalarla üzləşirlər.

Son illərdə Azərbaycanla İran arasında iqtisadi əlaqələr möhkəmlənib - mart ayında iki ölkə arasında anlaşma memorandumu imzalanıb və bu son il ərzində iki ölkənin nəqliyyat şəbəkəsinə külli miqdarda yatırım qoyulub.

 

Qulam Qolizadə
 
Aİ deyir ki, Qulam Qolizadə iyulun 4-ü Kəleybərdə Bəzz qalasına gedərkən saxlanılıb və döyülüb. Nəticədə onun sağ gözü qismən kor olub və biləkləri şişib. Bir müddət tibbi müayinədən sonra, o, Urmiyə həbsxanasına köçürülüb və iyulun 29-u zaminə buraxılıb.
Aİ-ın məlumatına görə, iyul və avqust aylarında təxminən 120 şəxs iki fərqli mədəni tədbirlərlə əlaqələrinə görə saxlanılıb.

Onlardan biri, İbrahim Nuri, hələ də həbsdədir. Aİ güman edir ki, İranın Kəşfiyyat Nazirliyinə məxsus Evin həbsxanasının 209-cu bölməsində saxlanan fəala qarşı ciddi ittihamlar sürülüb.

Aİ, fəal və hüquq fakültəsi tələbəsi olan İbrahim Nurinin "vicdan məhbusu" olduğunu deyib və İran hakimiyyətini onu "dərhal və şərtsiz azad etməyə" çağırıb.

Təşkilatın məlumatına görə, İbrahim Nuri iyulun 2-si Tehran şəhərində saxlanılıb və 3 iyulda ailəsinə "5 saniyəlik" telefon zəngindən sonra onun barədə məlumat almaq mümkün olmayıb.

Məlumata görə, o, Ana Dili Gününü qeyd etdiyi üçün və yalnız "dinc etirazları" səbəbindən 2006, 2013, 2014 və 2015-ci illərdə də saxlanılıb.

Hesabata görə, ənənəvi olaraq hər ilin iyul ayının ilk şənbə-bazar günləri qeyd etdikləri kimi, bu il də iyulun 6-sı və 7-si minlərlə iranlı azərbaycanlı yığışaraq tədbirlər keçirib, öz dilləri və mədəniyyətlərini qeyd ediblər.
 


Məhəmməd Azad
 
Aİ deyir ki, Məhəmməd Azad iyulun 4-üç digər fəalla birlikdə Kəleybərdə saxlanılıb. Təşkilat iddia edir ki, hüquq mühafizə orqanları onları saxlayarkən, Məhəmməd Azadı təpikləyib və ona qarşı elektroşok cihazından istifadə ediblər.
 
Lakin onlarla iranlı azərbaycanlı fəal İran hökumətinin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Aİ iddia edir ki, onların bəziləri işgəncəyə məruz qalıb. Təşkilat İran hökumətini bu iddiaları "araşdırmağa" çağırıb.

Aİ bildirir ki, təşkilatın etibarlı mənbələri avqustun 9-dan 10-na keçən gecə Ərdəbil vilayətində yerləşən Meşkinşəhr şəhərinin yaxınlığında bir qadın və 39 kişi saxlanılıb.

Təşkilat saxlanılanların gecə vaxtı azərbaycan dilində mahnı oxumağı və növbəti günün səhəri isə Savalan dağına qalxmağı planlaşdırdıqlarını bildirir.

Aİ, onların hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən döyüldüyünü iddia edib.

Təşkilat İranı ifadə azadlığı, etnik azlıqların hüquqlarını pozmaq, əsassız həbsləri həyata keçirmək və dinc etirazçılara qarşı işgəncə və zor tətbiqi törətməkdə təqsirləndirib.

BBC News Azərbaycanca İranın Azərbaycandakı Səfirliyi ilə əlaqə saxlayaraq Aİ-nin hesabatındakı iddialara şərh öyrənməyə cəhd göstərsə də, Səfirlik Aİ kimi təşkilatlar barədə şərh vermədiyini bildirib.

İran Xarici İşlər Nazirliyindən isə nazirliyə bu hesabat barədə məlumatın daxil olmadığı bildirilib. İran DİN-i şərh vemrəkdən imtina edib.

BBC (https://www.bbc.com/azeri/region-45214214)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook