SON XƏBƏR

AMEA Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirilib

May 24
01:29 2017
Tədbiri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündə­likdəki məsələlərlə tanış edib.
 
Sonra bölmənin Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, dosent Sahib Hacı­yevin "Naxçıvan Muxtar Respublikası torpaqlarının tədqiqi və mədəni-təbii bitkilərə yararlı torpaqların qiymətləndirilməsi” mövzusunda elmi məruzəsi dinlənilib. Sahib Hacı­yev ölkədə aqrar sektoru inkişaf etdirmək məqsədilə irimiqyaslı dövlət proqramlarının həyata keçirildiyini, bir sıra vacib dövlət sənədlərinin imzalandığını deyib. 
 
Bildirib ki, aqrar sektorun inkişafında əsaslı rol oynayan torpaq ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni metodların köməyi ilə regionun torpaqları elmi əsaslarla öyrənilməyə başlanılıb. Tədqiqat işi Naxçıvan Muxtar Respublikası ərazisində 550 min 275 hektar sahəni əhatə edib və əkinəyararlı 162 min 391 hektar sahədə yem, taxıl, üzüm və tərəvəzaltı torpaqlar götürülüb. Torpaqların öyrənilməsi məqsədilə müəyyən edilən istiqamətlər üzrə 150-dən çox ekspedisiyaya gedilib.
 
Məruzəçi aparılan tədqiqatlar əsasında Naxçıvanın təbii, xüsusilə mədəni bitkilərin inkişaf etdiyi yararlı torpaqların ümumi sahəsinin müəyyənləşdirildiyini, orta məhsuldarlığın və qiymət ballarının hesablandığını bildirib. 
 
Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub və gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliliyini yüksəltmək üçün laboratoriya rəhbərinə müvafiq tapşı­rıqlar verilib.
 
İclasda akademik İsmayıl Hacıyev "Azərbaycan Respublikası iqtisadiyyatının əsas sektorları üzrə strateji yol xəritələri”nin icrası ilə bağlı fəaliyyət proqramı barədə iştirakçılara məlumat verib. Müzakirələrdən sonra 17 bölmədən ibarət əsasnamə Rəyasət Heyətində təsdiq olunub. 
 
İsmayıl Hacıyev cari ildə də qədim yaşayış yerlərinin tarixinin öyrənilməsi, arxeoloji qazıntılar zamanı aşkar edilən maddi-mədəniyyət nümunələrinin elmi cəhətdən təhlil olunması, qədim folklor nümunələrinin toplanması, bitki və heyvanlar aləminə aid zəngin materialların, faydalı bitkilərin müəyyənləşdirilməsi, o cümlədən tədqiqat işlərinin nəticəsi olaraq ümumiləşdirici əsərlərin, mоnоqrafiyaların və kitabların hazırlanıb çap etdirilməsinin vacib­liyindən danışıb. Akademik Naxçıvan ərazisində müvafiq elmi ekspedisiyaların təşkili və keçirilməsi ilə bağlı institut direktorlarına tapşı­rıqlar verib.
 
Daha sonra bölmənin şöbə və laboratoriyalarına alınan müasir cihaz və avadanlıqların vəziyyəti barədə Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov çıxış edib.
 
Sonda bir sıra cari məsələlər müzakirə olunub.
 
AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook