SON XƏBƏR

AMEA-da görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi qeyd olunub

Dekabr 14
00:32 2016
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında görkəmli alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, iqtisad üzrə elmlər doktoru, professor Aqil Əliyevin anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə giriş sözü ilə açaraq bildirib ki, AMEA-nın müxbir üzvü Aqil Əliyevin əsas elmi fəaliyyəti kənd təsərrüfatının maddi-texniki bazasının inkişafına, kənd əhalisinin sosial rifahının yüksəldilməsinə, səhiyyənin iqtisadi problemlərinin həllinə yönəlib. Qeyd edib ki, onun tədqiqat­la­rında səhiy­yə ­ilə iqtisadi inkişaf arasında qar­şılıqlı əlaqə mə­sələləri xüsusi yer tutub: "Aqil Əliyev səhiyyə xidmətləri­nin plan­laş­dı­rıl­ma­sı, ayrılan xərclərin di­namik ar­tı­mı­nın təmin edilməsi, demoqrafik in­­ki­şaf göstəricilərinin yaxşılaşdırılması is­ti­qa­­mətində araşdırmalar aparıb. O, so­­sial sahələrin, həmçinin səhiyyənin qalıq prin­sipi əsa­sın­da maliyyələşdirilmə­sindən im­ti­na edil­məsini konkret faktlarla əsas­lan­dır­ıb. Alim Azərbaycanda məhsuldar qüvvələrin yerləşdirilməsi sxeminin tərtibçilərindən biri olub".

AMEA-nın müxbir üzvü Aqil Əliyevin məhsuldar elmi tədqiqatlar aparmaqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olduğunu deyən akademik onun uzun müddət Azərbaycan Tibb Universitetində siyasi iqtisadiyyatdan mühazirələr oxuduğunu, burada sıravi müəllimlikdən professor, kafedra müdiri vəzifəsinə qədər yüksəldiyini diqqətə çatdırıb.

AMEA-nın prezidenti görkəmli alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyib, onun 1982-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görüldüyünü, "Şöhrət" ordeni, "Səhiyyə əlaçısı" döş ni­şanı və bir sıra digər dövlət mükafatları ilə təltif olunduğunu xatırladıb. Akademik Akif Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən təşkil olunan yubiley tədbirinin alimin elmi fəaliyyətinə verilən qiymətin bu gün də davam etdiyinin göstəricisi olduğunu vurğulayıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli "Cəmiyyətşünaslığın iqtisadi əsaslarının sosial konsepsiyası" adlı məruzə ilə çıxış edib. Akademik bildirib ki, ölkəmizdə ictimai və humanitar elmlərin əsas istiqamətini təşkil edən cəmiyyətin inkişafı məsələləri elmdə müxtəlif aspektlərdə araşdırılır.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, Sovet cəmiyyətinin sosial həyatının araşdırılması reallıqların əks etdirilməsi baxımından çətinlik yaratdığına görə çox vaxt arxa planda saxlanılıb. AMEA-nın müxbir üzvü Aqil Əliyevin cəmiyyətin inkişafında sosial sahənin rolu və əhəmiyyətinə həsr etdiyi qiymətli elmi əsərləri ilə iqtisad elmindəki həmin boşluq aradan qaldırılıb: "Aqil Əliyev bu həssas istiqamətdə baş verən prosesləri təqdim etmək üçün sosial siyasətdən çox sosial həyatın reallıqlarını öyrənib ümumiləşdirməyə üstünlük verib. O, insanın sosial həyatını onun cəmiyyətdəki yeri və rolu ilə əlaqəli şəkildə araşdırıb, ümumiləşdirmələr aparıb və elmi nəticələr çıxarıb, beləliklə, elmdə Azərbaycan cəmiyyətinin sosial siması müəyyən olunub. Bu mənada Aqil Əliyevin ölkəmizdə sosial sahənin iqtisadiyyatına həsr olunmuş əsərləri geniş mənada cəmiyyətin aktual məsələlərinin tədqiqinə və əsaslandırılmasına xidmət edir".

Səhiyyənin iqtisadiyyatına həsr etdiyi tədqiqatları ilə Aqil Əliyevin Azərbaycan elmində yeni istiqamət açdığını deyən akademik İsa Həbibbəyli onun sosial iqtisadiyyata aid əsərləri ilə səhiyyənin iqtisadiyyatına dair araşdırmalarının bir-birini tamamladığını əlavə edib.

Sonra AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov çıxış edərək Aqil Əliyev haqqında xatirələrini bölüşüb. Görkəmli alimin həyat və elmi fəaliyyətindən danışan akademik onun insani keyfiyyətlərindən də bəhs edib.

Tədbirdə çıxış edən AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad üzrə elmlər doktoru Nazim İmanov bildirib ki, Aqil Əliyev ötən əsrin son rübündə həyat səviyyəsinin problemləri üzrə Azərbaycanın ən tanınmış iqtisadçılarından biri olub. N.İmanov vurğulayıb ki, Aqil Əliyev böyük iqtisadçı alim, mahir pedaqoq, yaxşı təşkilatçı olmaqla yanaşı, həm də gözəl və qayğıkeş insan idi.

Sonra Nazim İmanov "İqtisadi inkişaf və ictimai rifah" adlı təqdimatla çıxış edib.

Daha sonra "Əhalinin həyat  səviyyəsi və  keyfiyyət problemlərinin tədqiqi sa­hə­­­sin­də görkəmli iqtisadçı alim" adlı məruzə ilə çıxış edən AMEA-nın müxbir üzvü Şah­­baz Muradov Aqil Əliyevin keçmiş SSRİ məkanında ilk dəfə olaraq əhalinin təkrar istehsalı, həyat səviyyəsi və keyfiyyətinin yaxşılaşdırılmasının maddi əsasını təşkil edən şəxsi istehlak problemlərini sistemli və kompleks şəkildə tədqiq etdiyini bildirib. Ş.Muradov professor Aqil Əliyevin 1983-cü ildə Azərbaycan Elmlər Akademiyası İqtisadiyyat İnstitutunda fəaliyyət göstərmiş Dissertasiya Şurasında iqtisad elmləri doktoru alimlik dərəcəsi almaq üçün müdafiə etdiyi dissertasiya işinin məhz şəxsi istehlakın problemlərinin tədqiqinə həsr edildiyini vurğulayıb.

A.Əliyevin əsərlərinin böyük qisminin xarici ölkələrdə çap edildiyini deyən Şahbaz Muradov bildirib ki, əcnəbi iqtisadçı alimlər və sosioloqların əsərlərində onun kitablarına çoxlu istinadlar edilib. Vurğulayıb ki, alimin əsərləri arasında müasir dövr və bazar iqtisadiyyatına keçidlə bağlı tədqiqatlar xüsusi yer tutur. Aqil Əliyevin kadr hazırlığı sahəsində böyük xidmətlərinin olduğunu deyən alim onun bilavasitə rəhbərliyi və köməkliyi ilə iqtisad elmi sahəsində xeyli sayda fəlsəfə və elmlər doktoru hazırlandığını əlavə edib.

Tədbirdə fəlsəfə üzrə elmlər doktoru, professor Qoşqar Əliyev "Aqil Əliyevin  elmi-pedaqoji və ictimai fəaliyyəti" adlı məruzə ilə çıxış edib. Aqil  Əliyevin həyat və elmi fəaliyyətindən danışan məruzəçi onun elmi-pedaqoji irsini, elmi ideyalarını  bilavasitə təcrübəyə tətbiq edən alim kimi özünəməxsus yer tutduğunu diqqətə çatdırıb. Qoşqar Əliyev bildirib ki, görkəmli alim zəngin elmi-pedaqoji təcrübəsi, təfəkkürün məntiqiliyi, xeyirxahlığı, mübarizliyi, tükənməz səbri sayəsində insanlıq zirvəsini fəth edib.

Daha sonra iqtisad üzrə elmlər doktoru, professor Rəna Sultanova "Görkəmli alimin şərəfli ömür  yolu və müasirlik" adlı məruzəylə çıxış edib. Aqil Əliyevin apardığı tədqiqat işlərinin çoxsahəli olduğunu deyən alim onun elmi yaradıcılığında  əsas yerin iqtisadi nəzəriyyənin bir sıra aktual problemləri, o cümlədən sosial-iqtisadi məsələlər, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, ərzaq və təchizat problemləri, səhiyyənin iqtisadiyyatının tutduğunu söyləyib.

Professor Aqil Əliyevlə birgə "Səhiyyənin iqtisadiyyatı" dərsliyini hazırladıqlarını xatırladan R.Sultanova qeyd edib ki, nəşrdə səhiyyə problemləri araşdırılıb, bu sahənin inkişafının ictimai istehsalla uzlaşdırılması və səmərəliliyinin artırılması, qalıq prinsipi əsasında maliyyələşdirilməsindən imtina edilməsi, tibbi sığorta modelinin tətbiqi və dövlət büdcəsinin sosial  yönümlü olması fikirləri irəli sürülüb.

Tədbir digər qonaqların Aqil Əliyevin həyat və elmi fəaliyyəti haqqında çıxışları ilə davam edib.


Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook