SON XƏBƏR

Amaşov Milli Məclisdə saytların məsələsini qaldıracaq

Sentyabr 06
12:25 2019
"Media ombudsmanı ilə bağlı bir neçə dəfə parlamentdə fikirlərimi, irad və təkliflərimi səsləndirmişəm. Hələlik elə bir yenilik yoxdur”. 

Bunu modern.az-a Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov media ombudsmanı ilə bağlı danışarkən bildirib:

"Ancaq  Milli Məclisin payız sessiyalarında media ombudsmanı ilə bağlı təkliflər səslənərsə, mən də öz fikirlərimi bildirəcəm”, - deyə deputat əlavə edib.

Əflatun Amaşov onlayn mediadan da söz açıb:

"Etiraf edək ki, hazırda ölkədə və dünyada ictimai fikir internet üzərindən yayımlanan informasiya vasitələri tərəfindən formalaşır. Azərbaycanda reklam bazarında müəyyən problemlər mövcuddur. Bunları nəzərə alaraq KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yazılı medianı maliyyələşdirir. Təəssüf ki, ictimai fikri formalaşdıran onlayn media tam olaraq kənarda qalır”.

Onlayn medianın maliyyələşmə məsələsinin aktual olduğunu diqqətə çatdıran parlamentari payız sessiyasında məsələni yenidən gündəmə gətirəcəyini söyləyib:

"Onlayn medianın maliyyələşməsi məsələsi aktualdır. Çalışacam ki,  bu mövsümdən başlayaraq Milli Məclisdə məsələ gündəmə gətirilsin və öz həllini tapsın. Bu məsələnin həlli reallaşarsa, həm dövlətimiz, həm də biz uduşlu olacağıq. Çünki indiki şəraitdə biz iqtisadi cəhətdən çətinlik çəkən, hər hansı onlayn internet üzərindən yayımlanan media vasitəsini tarixin axarına buraxa bilmərik”.

Əflatun Amaşovun sözlərinə görə, onlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmalıdır:

"Elə etməliyik ki, onlayn mediamız xaricdən ölkəmizə qara yaxmağa çalışan qüvvələrin təsiri altına düşməsin. Hesab edirəm ki, dövlət tərəfindən maliyyələşmənin həyata keçirilməsi müsbət nəticələr verə bilər”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook