SON XƏBƏR

Almaniyanın Azərbaycandakı səfiri Naxçıvanın tarixi abidələri ilə tanış olub

Aprel 20
10:48 2017
Xəbər verdiyimiz kimi, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab aprelin 18-19-da Naxçıvana səfəri çərçivəsində muxtar respublikanın istehsalat, təhsil müəssisələrində olub, tarixi abidələri ziyarət edib.
 
Qlobal.az AZƏRTAC-a istinadla xəbər verir ki, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab aprelin 19-da Naxçıvan Dövlət Xalça Muzeyində olub. Məlumat verilib ki, muzeyin fondunda 3 mindən çox maddi-mədəniyyət nümunəsi var. Muzeydəki eksponatlar müxtəlif xalçaçılıq məktəbləri üzrə qruplaşdırılıb. Ekspozisiyada müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş xalçalar nümayiş etdirilir.
 
Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında açıq səma altında nümayiş etdirilən daş abidələr qonağın marağına səbəb olub. Səfirə Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi – daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr barədə ətraflı məlumat verilib.
 
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən olan Möminə xatın türbəsi ilə tanışlıq da səfirdə xoş təəssürat yaradıb.
 
Sonra "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn qonağa muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl V-III minilliyə aid olan müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlardır. Kompleksin yanında yerləşən Nuh Peyğəmbərin türbəsi də dahilər yurdunun qədim tarixindən xəbər verir.
 
"Naxçıvan” Universitetinə gələn səfirə məlumat verilib ki, 1999-cu ildən fəaliyyət göstərən ali təhsil ocağında hazırda 4 fakültə, 10 kafedra və 6 şöbə var. 2015-ci ildə "Naxçıvan” Universiteti üçün yeni universitet şəhərciyi istifadəyə verilib. Universitet şəhərciyinə rektorluq binası, iki tədris korpusu, kitabxana, sosial xidmət mərkəzi, yataqxana, idman və konfrans zalları daxildir. Qeyd olunub ki, bu gün "Naxçıvan” Universitetinin beynəlxalq əlaqələri də genişləndirilir. Dünyanın məşhur təhsil müəssisələrindən olan Almaniyanın Lüdviq Maksimillians Universiteti, son dövrlərdə isə Türkiyənin bir sıra ali təhsil ocaqları, eləcə də Rumıniya, Çexiya və Latviya universitetləri ilə əlaqələr yaradılıb. Bununla da, universitetin əməkdaşlıq etdiyi ali məktəblərin sayı 50-ni ötüb.
 
Aprelin 19-da Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook