SON XƏBƏR

Ali məktəblərə qəbul olan qəbələli gənclərdən 57-si 600-dən yuxarı bal toplayıb

Sentyabr 08
19:15 2017
Ötən dərs ilində diaqnostik qiymətləndirmədə Qəbələ rayonundan 2130 müəllim iştirak edib. Onlardan iki nəfəri maksimum nəticə göstərərək 60 bal toplayıb. Müəllimlərdən 385-i əlli, 746-sı qırx, 669-u otuz, 268-i isə iyirmidən yuxarı bal toplayıb.
 
AZƏRTAC xəbər verir ki, bu faktlar Qəbələdə keçirilən təhsil işçilərinin ənənəvi sentyabr konfransında səsləndirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbirdə rayon təhsil şöbəsinin müdiri Yaşar Nəzirov bildirib ki, hesabat ilində rayonda 68 ümumtəhsil məktəbi, o cümlədən 53 tam orta, 12 ümumi orta, 3 ibtidai məktəb fəaliyyət göstərib. 2016-2017-ci dərs ilinin əsas təhsil göstəriciləri haqqında məlumat verən Yaşar Nəzirov qeyd edib ki, keçən il müvəffəqiyyət faizi 99,9, keyfiyyət göstəricisi isə 64,8 faiz olub. Biliyi qiymətləndirilən 15851 şagirddən 4719-u əla, 5554-ü isə "4” və "5” qiymətlərlə, qalanları isə "3” və "4” qiymətlərlə yuxarı siniflərə keçiblər. Bildirilib ki, 2016-2017-ci tədris ilində rayon üzrə ali məktəblərə sənəd verən 850 nəfərdən 527-si tələbə adını qazanıb. Onlardan 57 nəfəri 600-dən çox bal toplayıb.
 
Konfransda rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova, Təhsil Nazirliyinin nümayəndəsi Əhliyyət Adıgözəlov çıxış edərək son illər ölkəmizdə həyata keçirilən təhsil islahatlarının uğurlu nəticələrindən, pedaqoji ictimaiyyətin qarşısında duran vəzifələrdən söz açıblar. Onlar yüksək göstəricilərin əldə olunmasını təhsilin keyfiyyətinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi kimi dəyərləndiriblər, bu uğurların qazanılmasında əməyi olan şagird və müəllimlərə minnətdarlıqlarını ifadə ediblər.
 
Sonra bir qrup müəllim və şagirdə fəxri fərman və hədiyyələr təqdim olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook